Abdelhak Nuri (; ) — əsasən yarımmüdafiəçi mövqeyində çıxış etmiş Niderland futbolçusu. "Ayaks"ın yetirməsi olan Nuri, iki il klubun əvəzedici və əsas komandasında çıxış edib. O, həmçinin müxtəlif yaş qruplarında Niderland millisini təmsil etmişdir.

2017-ci ilin iyul ayında, 20 yaşında olarkən mövsüm əvvəli yoldaşlıq oyunu zamanı yerə yıxılaraq huşunu itirib. Ürək aritmiyası keçirən futboçu, nəticədə ağır və daimi beyin zədəsi almış və bu səbəbdən futbolçu karyerasını davam etdirə bilməmişdir.

Erkən illəri 2 aprel 1997-ci ildə Amsterdamda Mərakeş əsilli ailədə anadan olub. Əsasən gənclər komandasında çıxışı ilə tanınmışdır. Bir çox nəşrlər onu gələcəyin ulduzu hesab edirdilər. Peşəkar karyerasında debüt etməzdən öncə, "The Guardian" tərəfindən 2014-cü ildə dünyanın ən yaxşı 40 gənc oyunçusu siyahısına əlavə edilmişdir.

Klub karyerası "Ayaks" futbol akademiyasının yetirməsidir. 8 yaşından Amsterdam klubunun formasını geyinməyə başlayıb. 2015-ci ildə "Ayaks"ın əvəzedici komandası olan — "Yonq Ayaks"ın heyətinə keçirilib. Burada debüt mövsümündə on yeddi görüşdə iştirak edib və bir qol vurub. 2016–17 mövsümündə "Yonq Ayaks"la yanaşı, "Ayaks"ın əsas komandasında da forma geyinib. Əsas komandanın heyətində ilk oyununa, 29 oktyabr 2016-cı ildə, Erediviziyanın 11-ci turu çərçivəsində "Ekselsior"a qarşı keçirilən görüşdə çıxıb.

Ürək aritmiyası 8 iyul 2017-ci ildə Avstriyanın İnsbruk şəhərində Almaniyanın "Verder Bremen" klubuna qarşı keçirilən yoxlama oyununun ikinci hissəsində yerə yıxılaraq huşunu itirib. Oyunçuya 15 dəqiqəyə yaxın meydanda yardım göstərilib, daha sonra isə o, vertolyot vasitəsilə xəstəxanaya yerləşdirilib. Görüş yarımçıq dayandırılıb və azarkeşlərdən stadionu tərk etmələri xahiş olunub. Futbolçunun huşunu itirməsinə ürək aritmiyası səbəb olub. Həkimlər onu süni koma vəziyyətinə salıblar. 13 iyul 2017-ci ildə Nuriyə dönməz beyin zədələnməsi diaqnozu təyin edilib. Tədqiqatlar göstərib ki, onun beyninin böyük bir hissəsi fəaliyyət göstərmir və beynin ən mühüm funksiyalarının bərpası şansı sıfıra bərabərdir.

2020-ci ilin mart ayında ailəsi Nurinin evdə müalicə aldığını və komadan çıxdıqdan sonra onun vəziyyətinin yaxşılaşdığı barədə məlumat yayıb.

21 fevral 2022-ci ildə "Ayaks" komaya düşən Nuri ilə müqaviləni vaxtından əvvəl xitam verdiyi üçün, onun ailəsinə 7,85 milyon avro təzminat ödəyəcəyini açıqlayıb.

Milli komanda karyerası Niderlandın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının formasını geyinmişdir. 19 yaşadək futbolçulardan ibarət Niderland millisinin heyətində iki dəfə yeniyetmələrin Avropa Çempionatında iştirak etmişdir.

Şəxsi həyatı Abdelhakın böyük qardaşı Məhəmməd, Niderlandın üçüncü divizionunda çıxış edən "TEK" klubunun futbolçusu.

İstinadlar

Nuri Nuri Nuri Nuri Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri