Abdulla Səlim oğlu Bayramov () — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1955–1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1956–1960), Azərbaycan SSR mədəniyyət naziri (1960–1963), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1963–1965) və Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi (1965–1974).

Həyatı və fəaliyyəti Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində yoxsul ailədə anadan olmuşdur. Səkkiz yaşında olarkən atası vəfat etmiş, anasının himayəsində böyümüşdür. İkisinifli kənd məktəbini bitirdikdən sonra o, Gəncəyə gələrək burada təhsilini məktəbdə davam etdirmiş, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra o, Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləmişdir.

1933-cü ildə Abdulla Bayramov Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilmişdir. İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olmuşdur. O, Krım və Şimali Qafqaz cəbhələrində döyüşlərdə iştiraş etmişdir. 1946-cı ildə ehtiyata buraxıldıqdan sonra o, öz ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi olmuşdur. 4 il sonra, 1950-ci ildə isə bu institutunun direktoru təyin edilmişdir. Elə həmin il o, namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmi dərəcəsini almışdır.

1954-cü ildən Abdulla Bayramov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsinin müdiri işləmiş, 1956-cı ildə isə Mərkəzi Komitənin katibi seçilmişdir. 1960-1963-cü ildə Azərbaycan SSR mədəniyyət naziri, 1963-1965-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri işləmişdir. 1965-ci ildən 1974-cü ildə təqaüdə çıxanadək o, Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi olmuşdur.

Abdulla Bayramov 1939-cu ildən isə Kommunist Partiyası üzvlüyünə daxil olmuş, 1956–1960-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü olmuşdur.

Abdulla Bayramov 1977-ci ilin may ayında vəfat etmişdir.

Mənbə Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991

İstinadlar

Kateqoriya:Azərbaycanın mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri