Abdulla Məhəmməd oğlu Bullayev () — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Qutqaşen Rayon Komitəsinin birinci katibi (1964–1978).

Həyatı Abdulla Məhəmməd oğlu Bullayev 10 mart 1931-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Burada Katex 1 saylı orta məktəbi bitirdikdən sonra, 1948–1952-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadiyyat üzrə təhsil almışdır.

1952–1956-cı illərdə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişdir. 1957-ci ildən Zaqatala Rayon Kooperativlər İdarəsinin sədri, Rayon Partiya Komitəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1960-cı ildən Kənd Təsərrüfatı Müfəttişliyinin sədri, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin katibi işləmiş, 1961–1963-cü illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1964-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində kənd təsərrüfatı şöbəsinin təlimatçısı, bölmə müdiri işləmişdir. Qutqaşen rayonu Ağdaş rayonunun tərkibində verildikdən sonra Ağdaş Rayon Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibi İstehsalat İdarəsi Partiya Komitəsinin katibi (rayon partiya komitəsinin birinci katibi) vəzifəsində işləmişdir. Daha sonra Qutqaşen Rayon Komitəsinin birinci katibi seçilmiş və 1978-ci ilədək bu vəzifədə çalışmışdır.

Abdulla Bullayev 1954-cü ildən Sovet İttifaqı Kommunist Partiyasına qəbul edilmiş, Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. 256 nömrəli Qutqaşen seçki dairəsindən VII çağırış, 259 nömrəli Qutqaşen seçki dairəsindən VIII çağırış, 271 nömrəli Qutqaşen seçki dairəsindən isə IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye, nəqliyyat və rabitə komissiyasının (VII çağırış), həmçinin Kənd təsərrüfatı komissiyasının (IX çağırış) üzvü olmuşdur.

1978–1979-cu illərdə Balakən Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1979–1992-ci illərdə Balakən Rayon Fındıqçılıq Birliyinin sədri olaraq çalışmış və 220 hektar fındıq bağlarının salınmasında yaxından iştirak etmişdir.

Əmək fəaliyyətinin son illərində, 1993–1998-ci illərdə doğulduğu Katex kəndində kollektiv təsərrüfat sədri olaraq çalışmışdır. Daha sonra təqaüdə çıxmış və ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və çoxsaylı dövlət mükafatları ilə təltif edilmişdir.

Abdulla Bullayev 2019-cu il dekabrın 5-də vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qutqaşen Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Balakən Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri