Nəriman Ağaxan oğlu İsayev () — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1976–1981).

Həyatı Nəriman Ağaxan oğlu İsayev 27 iyul 1930-cu ildə Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir sıra mühəndis vəzifələrində işləmişdir. 1953–1960-cı illərdə Dövlət Dəniz Qurğularını Layihələşdirmə İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Tresti şöbəsinin böyük mühəndis-elektriki, dəmir-beton məmulatları zavodunun direktoru olmuşdur. 1961–1969-cu illərdə "Azərkommunalenerji", "Azərelektroquraşdırma", "Azərsənayeelektroquraşdırma" trestlərinin müdiri, Baş Qaz Təsərrüfatı İdarəsinin birinci müavini işləmişdir.

1969-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1976-cı ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1981-ci ildən 1986-cı ilədək isə Azərbaycan SSR avtomobil yolları tikintisi və istismarı nazirinin müavini, SSRİ Neft və Qaz Sənayesi Müəssisələri Tikintisi Nazirliyi "Azərborukəmərtikinti" trestinin müdiri işləmişdir. 1986-cı ildə o, Bakı şəhər elektrik şəbəkəsinin direktoru təyin edilmiş və ömrünün son günlərinədək burada çalışmışdır.

Nəriman İsayev 1955-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. O, 10 iyun 1988-ci ildə vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri