Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsümü qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir.

Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümü qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdirFövqəladə hadisələrin təsnifatı- BAKI 2001. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. Sellər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli sel hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Tikanbala, Kiçik Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlər və qəsəbələr böyük zərər görmüşdür. Sellərə qarşı əsas mübarizə tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.-dən ibarətdir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları, zəlzələ və vulkanların hesabına yaranır. Bəzən faza rejimi kimi baş verən daşqınlara sel hadisəsi kimi baxırlar. Bu düzgün deyil. Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük təşkil edir və sellərin 1m³ su kütləsinin təxminən 65–70%-i gətirmə materialları, qalanının su kütləsi təşkil edir. Daşqınlarda isə bu əksinədir. Sel axımları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür: Sulu-daşlı sellər Sulu-palçıqlı sellər Daşlı-palçıqlı sellər Sellər növlərinə görə 2 yerə ayrılır: Turbulentli sellər Strukturlu sellər — daşlı-palçıqlı və ya sulu-palçıqlı olmaqla onların 1m³ kütləsində gətirmə materialları daha çox üstünlük təşkil edir. Daşqından fərqli olaraq selin tərkibində sudan çox yığıntı olur.

Ümumi məlumat Ekocoğrafi problemlər yaradan təbii fəlakətlər içərisində sellərin əmələgəlmə səbəbləri nisbətən uzun quraqlıq dövründən sonra çay höszələrində baş verən güclü leysan yağışlar nəticəsində çay yataqlarında və yamaclarda toplanmış külli miqdarda müxtəlif həcmli qırıntı materiallarının hərəkətə gəlməsidir. Bu materiallar aşınma məhsulları, zəif dayanıqlığı olan yamac çöküntüləri, sürüşmə və sürüşmə-sel axınları kimi təsnif olunan qravitasiyon mənşəli materiallardan, eləcə də yamacların ətəklərində toplanmış ufantı-qırıntı yığıntılarından ibarətdir. Sel Azərbaycanın demək olar ki, bütün dağlıq və dağətəyi ərazilərində, o cümlədən Böyük və Kiçik Qafqazda, həmçinin Arazyanı silsilələrdəki çay hövzələrində dağıdıcı fəaliyyəti ilə seçilən təbii hadisədir . Sel axınlarında qırıntı materiallarının həcmi ümumi axın kütləsinin 10–15%-dən 60–70%-ə qədərini təşkil edir. Buna görə də sellər qısa müddət ərzində keçməsinə baxmayaraq dağətəyi düzənliklərə, çayların gətirmə konuslarına milyon kub. metrə yaxın və daha çox qırıntı materialları çıxarır və çökdürür. Sel axınında qırıntı məhsulunun bərk fazasının çox olması onun dağıdıcı fəaliyyətinin, dinamiki parametrlərinin və sürətinin artmasına səbəb olur ki, bu da onu adi daşqınlardan kəskin fərqləndirir.

Sellərin gözlənilmədən, ani bir vaxt ərzində keçməsi səbəbindən bu təbii hadisənin əvvəlcədən proqnozlaşdırılması qeyri mümkündür. Onun əmələ gəlməsi, formalaşması və keçməsində çoxsaylı amillərin iştirak etməsi, sellərin hansı çay hövzələrində nə zaman baş verə biləcəyini təyin etməyi çətinləşdirir. Çünki hadisə gözlənilmədən, ani zaman ərzində baş verir. Sellərin qısa müddətdə baş verməsi böyük meyilliyə malik yamaclarda və çay dərələrində toplanmış aşınma məhsullarının artan su kütləsi vasitəsilə eyni vaxtda hərəkətə gəlməsi ilə əlaqədardır.

Sellər və ya qırıntı materiallarının qarışığından ibarət sulu — daşlı-palçıqlı axınlar Azərbaycan Respublikasının bütün dağlıq ərazilərində müşahidə olunan dağıdıcı təbiət hadisələrindəndir. Onlar böyük sürətlə hərəkət edərək xalq təsərrüfatının müxtəlif sahələrinə – körpülərə, avtomobil və dəmir yollarına, yaşayış məntəqələrinə, əkin sahələrinə külli miqdarda ziyan vurur.Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015.

Selin əsas kütləsini irihəcmli, müxtəlif ölçülü süxur qırıntıları, dağ yamaclarında toplanmış çöküntülər, fiziki-mexaniki və kimyəvi aşınmanın məhsulları təşkil edir. Dağ yamaclarında gündəlik, aylıq və illik hava temperaturunun kəskin dəyişmə amplitudu, süxurlarda və torpağın səthində temperaturun dəyişməsinə səbəb olur. Bu fiziki hadisə süxurların aşınmasına, onların xırda qırıntılara parçalanmasına və son nəticədə yüksək meyilli yamaclarda müxtəlif qalınlıqda çöküntü qatının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə dağlıq ərazilərdə baş verən geoloji-tektonik proseslər nəticəsində süxurların blokvari parçalanması da baş verir. Bütün bu proseslərin məcmuu denudasiya adlanıb, məkan və zaman daxilində təbii mühiti təşkil edən bütün amillərin birgə fəaliyyəti nəticəsində inkişaf edir. Aşınma prosesinin intensivliyi yamacların səmtindən, meyilliyindən, onu təşkil edən ana süxurların denudasiyaya davamlılığından, torpaq-bitki örtüyündən və nəhayət dağ yamaclarının dinamikasına təsir edən insanın təsərrüfat fəaliyyətindən asılıdır.1. Azərbaycan respublikasının coğrafiyası. I cild "Azərbaycanın fiziki coğrafiyası". Baki, 2015, s.109 (E. K. Əlizadə, S. Ə. Tarixazər, X. K. Tanrıverdiyev, H. A. Xəlilov, A. S. Səfərov, V. A. Guluzadə, T. R. Qurbanov, Z. Ə. Həmidova).

Turbulentli sellər Gur axan sel növüdür. Bu zaman selin elementləri nizamsız hərəkət edərək axım qatlarının intensiv qarışmasına səbəb olur. Turbulent sellərdə gətirmə materiallarının təxminən 30%-ni bərk maddələr təşkil edir. Dağıdıcı qüvvəsinə görə turbulent sellər, digər sellərdən zəif olur.

Laminar sellər Laminar sellər — zamanı axın paralel laylarda hərəkət edir. Laminar və ya struktur sellər daşlı-palçıqlı, çınqıllı-palçıqlı və ya palçıqlı olur. Strukturlu sellər sel kütləsi tərkibində gilin çox olması ilə fərqlənir, adətən duru yoğurulmuş kütlə kimi düz istiqamətdə hərəkət edir və çay yatağına, onun ətrafına böyük miqdarda sel materialları çıxarır. Kiş, Şin və digər çay hövzələrində baş verən güclü dağıntılara səbəb olan sellər laminar sellərdir. Bu növ sellərə qarşı mübarizə böyük miqyaslı kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.

Selli çaylara — Böyük Qafqazda-Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Zeydinçay, Güngütçay, Daşaqılçay, Dəmiraparançay, Bumçay, Tikənliçay, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Dəvəçiçay, Gilgilçay; Kiçik Qafqazda-Tovuzçay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Tərtərçay, Həkəriçay, Viləşçay, Lənkərançay, Ordubadçay, Arpaçay və s. aiddir.

Sellərin əmələ gəlməsi Ərazidə sellərin əmələ gəlməsi və formalaşması yüksəklik landşaft qurşaqları ilə sıx əlaqədardır. Arid iqlim şəraitində, respublika ərazisinin meşə ilə örtülü olmayan intensiv parçalanmış ön və alçaqdağlıq hissələrində, nadir hallarda leysan yağışlarından sonra palçıqlı sel axınları əmələ gəlir. Bu cür sellərə Acınohur öndağlığı və Böyük Qafqazın şimal-şərq yamacında Taxtakörpü, Ataçay, Gilgilçay hövzələrində və Qobustanda rast gəlinir.

Bu sellərin qida mənbəyi, əsasən, paleogen-neogenin qumlu-gilli süxurları üzərində inkişaf etmiş müxtəlif mənşəli sürüşmələr və sürüşmə kütlələri olub, onların məhsulları böyük sürətlə (3–4m/san) düzənliklərə çıxırılır.

Böyük və Kiçik Qafqazın meşə ilə örtülü olan ortadağlıq əraziləri kəskin parçalanmış dik yamaclı relyeflə səciyyələnir. Bu ərazilərdə sel ocaqları, əsasən, meşələrin intensiv qırıldığı yamaclarda formalaşmışdır ki, bu da daha çox ilin may-iyun aylarında düşən leysan yağışlarından sonra selin baş verməsinə səbəb olur. Müasir dövrdə respublikanın dağlıq ərazilərində meşələrin qırılması ilə əlaqədar torpaq örtüyünün yuyulması daha da intensivləşmişdir. Bunun əsas səbəbi dağlıq ərazilərdə qırılmış meşə materiallarının yamac boyu sürüdülməsi nəticəsində yaranmış cığırlarda xətti eroziyanın fəal inkişaf edərək 3–5 il müddətində uzunluğu 300–500 m-ə çatan yarğana çevrilməsidir.

Belə ki, meşəaltı torpaqlarda su keçirmə qabiliyyəti, meşəsiz sahələrə nisbətən 10–15 dəfə yüksək olduğundan meşəsi qırılmış yamaclarda yağış suyunun 70%-i maneyəsiz olaraq torpağın səthi ilə axır, yamacları yuyur, şırımlar yaranır və onların sonrakı inkişafı yarğanları əmələ gətirir.

Bitki örtüyü sellərin dağıdıcı qüvvələrini zəiflətməkdə, subasarların qorunmasında, torpaq eroziyasının qarşısının alınmasında böyük rol oynayır. Meşə və kolluqların intensiv qırılması prosesi bu gün bütün çay hövzələrində müşahidə olunur. Sellər dik yamaclara kəsilmiş yarğan, qobu və dərələr boyu daşlı-palçıqlı, turbulent hərəkətli axınlar əmələ gətirir. Bu axınlarda iri daş-qaya parçalarının həcmi daha çox, sürətləri isə 3–6 m/san-dən böyük olur. Bu sellər əksər hallarda leysan yağışlarından sonra formalaşır və əsas çay yataqlarına külli miqdarda daşlı-palçıqlı kütlə çıxarır. Çay yataqlarının kənarlarında, əsasən gətirmə konusları əmələ gətirən çökmə süxurlar sonrakı mərhələlərdə əsas yataqdan keçən selləri əlavə qırıntı materiallarla qidalandırır və daha güclü sellərin formalaşmasına səbəb olur. Belə hallara Kişçay, Şinçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Pirsaatçay, Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində nisbətən tez-tez rast gəlinir.

Əsas sel ocaqlarının yarandığı ərazilərə Böyük və Kiçik Qafqazın yüksək dağlıq-qayalıq landşaft sahəsi, eləcə də Zəngəzur silsiləsinin yüksək dağlıq qurşaqları daxildir.

İntensiv parçalanmış relyefi ilə səciyyələnən yüksəkdağlığın subnival qurşağı kəskin meyilli yamaclardan təşkil olunmuşdur. İntensiv aşınma prosesi Böyük və Kiçik Qafqazın yüksək dağlıq qurşağında əsas relyef əmələ gətirici amil olub, yamaclarda və onların ətəklərində külli miqdarda qırıntı materiallarından təşkil olunmuş ufantı konusları və şleyflərin əmələ gəlməsi ilə səciyyələnir. Dik, pilləli, uçurumlu yamacların ətəklərində və çay yataqlarında toplanmış qırıntılar potensial sel ocaqlarının yaranmasına səbəb olur. Sel ocaqlarında qırıntı materiallarının külli miqdarda olması, bu zonada, əsasən, asan aşınan yura dövrünün gilli şistlərinin geniş yayılması ilə bağlıdır. Aşınmaya tez məruz qalan bu süxurlar fəal tektonik qırılma və çatların dinamikliyi nəticəsində deformasiyaya uğrayır və kəskin parçalanmış relyefin əmələ gəlməsinə səbəb olur. Əsas çayların və onların qollarının yüksək sutoplayıcı sahələri Böyük Qafqaz və Zəngəzur silsilələrində klassik sel ocaqlarının yaranmasına şərait yaratmışdır. İsti və quraq keçən yay aylarında intensiv leysan yağışları zamanı yamaclarda, onların ətəklərində və çay yataqlarında toplanmış qırıntı materialları sülb axımının artması ilə əlaqədar olaraq daşlı-palçıqlı kütləyə çevrilir . Bu dövrdə hər 3–5 ildən bir güclü sellər baş verir, onların sürəti 5–7 m/san-yə çatır və böyük dağıdıcı fəaliyyətləri ilə səciyyələnir.

Müasir dövrdə yüksək dağlığın alp və subalp çəmən landşaftarı yay otlaqları kimi sistemsiz istifadə olunduğundan, yararsız hala düşmüş və eroziya proseslərinin inkişaf etdiyi ekoloji cəhətdən gərgin bir əraziyə çevrilmişdir.