Rüstəm Mustafa oğlu Arifcanov () — Azərbaycan və Rusiya jurnalisti; "Al‑RTV" ilk ictimai müsəlman kanalının baş redaktoru (2012), Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin "Mediakratiya" Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvü.
Həyatı Arifcanov Rüstəm Mustafa oğlu 1958-ci il fevralın 22-də Özbəkistanda anadan olub. 1980-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.
1985-ci ildən R. Arifcanov "Komsomolskaya Pravda" qəzetinin Qərbi Sibir üzrə xüsusi müxbiri, 1988-ci ildən "Sobesednik" həftəlik qəzetinin şöbə redaktoru, redaksiya heyətinin üzvü olub. 1990-cı ildən "Meqapolis" jurnalında şöbə redaktoru, daha sonra "Meqapolis-Metro" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə R. Arifcanov "İzvestiya" qəzetinin şərhçisi olub. 1989-cu ildə "Surqutskaya alternativa" siyasi birliyinin fəaliyyətində iştirak edib. 1996–1997-ci illərdə o, "Kommersant. İzdatelskiy dom" QSC-nin "Stolitsa" publisistik jurnalının şef-redaktoru, redaksiya heyətinin üzvü vəzifələrini daşıyıb.
1998-ci il fevralın 18-dən sentyabr ayına qədər R. Arifcanov "İzvestiya" qəzetinin baş redaktorunun müavini işləyib.
1998-ci ildə "Soverşenno sekretno" Nəşriyyat Evinə məxsus olan həftəlik "Soverşenno sekretno. Versiya" qəzetinin şef-redaktoru təyin edilib. 1999-cu ilin oktyabrında "Soverşenno sekretno", "Versiya" qəzetlərini və "Litsa" jurnalını nəşr edən "Soverşenno sekretno informatsionno-izdatelskaya qruppa" QSC-nin baş redaktoru vəzifəsinə təyin edilib.
2002-ci ildə TVS telekanalında MDB ölkələrinin problemlərini işıqlandıran "Materik" proqramının aparıcısı olub. 2003-cü ildən "Agentura"da R. Arifcanovun köşə yazıları dərc edilir. 2004-cü ilin yazında, o, "Nasional" informasiya-nəşriyyat holdinqini yaradıb və "Nasional" jurnalının baş redaktoru olub.
2006–2007-ci illərdə R. Arifcanov "NTK Zvezda" ASC baş direktorunun birinci müavini və baş prodüser vəzifələrində çalışıb.
2012-ci ildən bu günədək "Al-RTV" ilk ictimai müsəlman kanalının baş redaktorudur. R. Arifcanov Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin "Mediakratiya" Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvüdür.
Rusiya və Azərbaycanda nəşr edilən 10 publisistik kitabın müəllifidir.
İstinadlar
Kateqoriya:Özbəkistanda doğulanlar Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Rusiya yazıçıları