Mir Fəttah Mir Əli ağa oğlu Musəvi () — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi, Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini.

Həyatı Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada kəndli ailəsində anadan olmuşdur. 1906-cı ildə Ağdamda ibtidai məktəbi bitirərək Aşqabada əmisinin yanına getmiş və orada gimnaziyaya daxil olmuşdur. Burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmiş və "Aşqabad" qəzeti ilə əməkdaşlıq etmişdir.

1917-ci ilin yayında Mir Fəttah Musəvi Aşqabaddan Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirmiş, 1918-ci ilin ikinci yarısında isə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olmuşdur. Tez-tez Azərbaycan qəzalarına gedərək fəhlə yığıncaqlarında çıxış etmiş, insanları müsavatçılara və denikinçilərə qarşı mübarizəyə səsləmişdir.

Mir Fəttah Musəvi 1919-cu il aprelin 25-də "Hümmət" təşkilatının konfrasında Mərkəzi Komitənin üzvü və rəyasət heyətinin katibi seçilmişdir. Həmin ilin iyun ayında isə Bakıda denikinçilərə qarşı keçirilmiş mitinqə başçılıq etmişdir.

Mir Fəttah Musəvi Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini olmuş, ölümündən sonra onu bu vəzifədə Mahmud bəy Səfikürdski əvəz etmişdir.

Ölümü 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" () restoranında dəmiryol teleqrafxanasının rəisi Hacıbəy Seyidbəyov tərəfindən güllələnmişlər. Nəticədə Levan Qoqoberidze yaralansa da, Haşım Əliyev və Mir Fəttah Musəvi ölmüş və onlar sentyabrın 7-də Fəxri Xiyabanda dəfn olunmuşlar. Onların burada dəfn olunması müasir dövrdə narazılıqlara səbəb olmuşdur.

Ölümündən sonra Bakı küçələrindən birinə Mir Fəttah Musəvinin adı verilmişdir. Müstəqillik dövründən sonra həmin küçənin adı dəyişdirilmiş, Məmmədsadıq Əfəndiyevin adını daşımağa başlamışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Musəvilər