Dağıstan azərbaycanlıları (; ) — Azərbaycanlıların Dağıstanda məskunlaşmış bir hissəsi. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sayı 116.907 nəfərdir. Bu say ilə azərbaycanlılar bölgədə ən çox yayılmış VII etnik qrupdurlar.
Dağıstan azərbaycanlıları Dağıstan tarixində mühüm yeri tutmaqdadırlar. Xüsusən Cənubi Qafqazda Türk tayfalarının mövqesinin güclənməsindən sonra Dağıstanda da azərbaycanlıların mövqeləri güclənməyə, yeni yaşayış məntəqələri meydana çıxmağa başlamışdır. Səfəvi imperiyası və ya onlardan sonrakı Əfşar sülaləsi dövründə bölgəyə hərbi yürüşlərin həyata keçirilməsi regiondakı azərbaycanlı varlığını daha da gücləndirmişdir.
Dağıstanın mədəni və siyasi yaşayışında Azərbaycan dili də mühüm rol oynamışdır. Dağıstanın digər yerli xalqlarının dillərinə güclü təsir etməklə bərabər, uzun müddət əsas yazı və ünsiyyət dili funksiyasını yerinə yetirmişdir. Həmçinin Sovet hakimiyyətinin ortalarına qədər Azərbaycan dili digər bir sıra Dağıstan xalqlarının əsas təhsil dili kimi işlədilmişdir.
Azərbaycanlı məntəqələrinin ortaya çıxışı Dağıstan azərbaycanlılarının etnik formalaşması məsələsi bütövlükdə Azərbaycan xalqının etnogenezi məsələsi ilə ayrılmaz kontekstdə nəzərdən keçirilir. Dağıstan azərbaycanlılarının etnogenezində eramızdan əvvəl I minillikdə buraya basqın edənlərlə qarışmış Qafqaz Albaniyasının qədim yerli əhalisi (xəzərlər, kassitlər, albanlar, maskutlar və s.) kimi kimmerlər, skitlər, sarmatlar, hunlar, bulqarlar, xəzərlər və peçeneqlər də iştirak etmişdirlər. Bölgədə Oğuz və Qıpçaq türklərinin yeni axınları nəticəsində buradakı bir çox digər etnoslar da XIII–XIV əsrlərdə türkləşmişdirlər. Sonrakı əsrlər boyunca Dağıstan azərbaycanlıları Azərbaycanın əsas hissəsindən yeni köçlər alır. Buraya köç edən azərbaycanlılar əsasən Quba və Şirvan bölgəsindən gəlməkdə idilər. İbrahimov bu olanları belə təsvir edir:
Eramızdan əvvəl I minillikdə buraya basqın edənlərlə qarışmış Qafqaz Albaniyasının qədim yerli əhalisi (xəzərlər, kassitlər, albanlar, maskutlar və s.) Dağıstan azərbaycanlılarının formalaşmasında iştirak etmişlər. Bu qarışımda iran və türkdilli tayfalar (kimmerlər, Skitlər, sarmatlar, hunlar, bulqarlar, xəzərlər, peçeneqlər), eləcə də, iran və ərəb kolonistləri də iştirak etmişdirlər. XI-XIII əsrlərdə türkdilli xalqların (xüsusən Oğuz-Səlcuqlu və qismən də, qıpçaqlar nəzərdə tutulur) yeni istila dalğası Azərbaycan millətinin formalaşmasının başa çatmasına gətirib çıxardı ki, bu da əhalinin yerli dillərinin türkdilli dillərlə əvəzlənməsi ilə ifadə olunurdu. Azərbaycanlıların əcdadları 13-14-cü əsrlərdə miqrasiya və sivilizasiya kataklizmləri yaşamışlar. Dağıstan azərbaycanlılarının etnik əsası XV-XVIII əsrlərdə Azərbaycandan, əsasən Kubadan və Şirvandan olan insanların dəfələrlə basqınları və köçürülməsi ilə möhkəmlənmişdir. XV əsrin birinci yarısında Oğuz-Türkmən mənşəli qaraqoyunlu tayfaları Dağıstanı işğal edirlər, tədqiqatçılar Tərəkəmə etnonimi və Tərəkəmə xalqının Şirvanda ayrıca etnik qrupa çevrilməsini bununla əlaqələndirirlər.
Belə köçlərin əsas hissəsi XV–XVIII əsrlərdə yaşanmış və nəticədə Dağıstanda azərbaycanlı etnik əsası daha da möhkəmlənmişdir.
Azərbaycanlılar qədimdən Dərbənd şəhərində, eləcə də ona bitişik düzənlik (sahilboyu və dağətəyi) torpaqlarda, yəni müasir Dərbənd və qismən Tabasaran rayonlarında məskunlaşmışdılar. A. V, Komarovun fikrinə görə, Dərbəndin Qullar kəndi əslində Dərbənd xanlarından birinin öz qullarını burada məskunlaşdırması ilə ortaya çıxmışdır. Həmçinin, digər azərbaycanlı kəndləri üçün də belə rəvayətlər mövcuddur.
Rəvayətlər Rəvayətə görə, əhalisinin hamısı azərbaycanlılardan təşkil edilmiş Yersi kəndinin adı əsir sözündən gəlmiş, zamanla dəyişərək müasir halını almışdır. Digər bir versiyaya görə isə, kəndin adı Tabasaran dilindən olan "yarsa" (köhnə) sözündən gəlmiş, əhalisi isə avtoxton (yerli) camaatlıq olmuşdur.
O dövrə gəlib çatmış əfsanəyə əsaslanan A.V.Komarovun yazdığına görə, Ərəblər kəndinin sakinləri "Şamaxı yaxınlığındakı Ərəblər kəndindən gəlmişlər və ərəblərin nəslindəndirlər".
Vəlikəndin adı Qubadan olan Vəli adlı şəxslə bağlıdır. Rəvayətə görə, o, kəndə öz adını vermişdir. Padar kəndinin adı isə Azərbaycanın Böyük Padar kəndinin sakini olan və buraya köç etmiş Padarxan adlı bir şəxs ilə bağlıdır. Səlik kəndində yaşayanların verdiyi məlumata görə, Dağıstandakı müasir Tərəkəmə kəndlərinin sakinlərinin hamısı Şirvan, Quba və digər yerlərdən köç etmiş şəxslərin nəslindən gəlməkdədirlər. Həmçinin bəzi iddialara görə, qumuq kəndi olan Qayakəndin və Vəlikəndin əsasını qoyan şəxslər keçmişdə Lahıcdan gəlmişdirlər. Araşdırmaçılardan biri ilə müsahibə edən bir sakin bildirmişdir ki, atası Qubanın Böyükşıxlar kəndindən gəlmişdir. Dağıstan Respublikasının Dərbənd vilayətində olan Məmmədqala kəndinin əsasını qoyan şəxsin Quba xanı Fətəli xan olduğu iddia edilir. İvan Hacınskinin bildirdiyinə görə:
Əmisi olan usmidən inciyən Məhəmmədxan bəyi Fətəli xan məhəbbətlə və müxtəlif vasitələrlə özünə bağladı və Dərbənddən 20 verst şimalda Məhəmmədxan qalası adlandırılan iqamətgah-qala tikdirdi. O. buraya Qubadan 2 yüz ailə köçürdü və Məhəmmədxan bəy qalasına təyin etdi.
Yuxarı Calğan kəndinin adı 1723-cü ildə çəkilmişdir. Bu kənd Çalğan-Dağın zirvəsində yerləşir və Qubalı Fətəli xan dövründə tatlar tərəfindən mənkunlaşdırılmışdı. Rəvayətə görə, Dərbəndi qorumaq üçün bura da Qubadan insanlar köçürülmüş və digər yaşayış yerlərdən fərqli olaraq onlara xüsusi imtiyazlar verilmişdir.
Aşağı Qatrux Dağıstanda yeganə azərbaycanlı dağ kəndi hal-hazırda Rutul bölgəsində İhrek adlı rutul kəndi ilə Arakul və Yuxarı Qatrux lak kəndləri arasında yerləşir və Aşağı Qatrux adlanır. Bu kənd lak bölgəsində yerləşir və XVIII əsrin əvvəllərinə qədər Vaçi kəndinə bağlı idi. Bu kənd Lak dilində Luv Chaatlux adlandırılmaqdadır.
Yerli sakinlərin bəzilərinin bildirdiyinə görə, burada hansısa Qazıqumux xanının bağı olmuş və o, burada 7 nəfəri məskunlaşdırmışdır. Bu 7 nəfərdən 2-i ləzgi və 2-i Azərbaycan türkü olmaqla, əsir ikən, digərləri də lak imişlər. İddia ona əsaslanmaqdadır ki, Qatrux kəndinin sakinləri bu 7 nəfərin soyundan gəlməkdədirlər. Zamanla isə əsas kommunikasiya dili kimi Azərbaycan türkcəsi üstünlük qazanmışdır. Digər bir rəvayətə görə isə, Qazıqumux xanı I Surxay Əfşar imperiyası hökmdarı Nadir şahla müharibə apardıqdan sonra onun ordusundan ələ keçirdiyi əsirləri lak qızlarla evləndirərək burada mənkunlaşdırmışdır. Bu əsirlərin soyundan isə indiki kənd sakinləri ortaya çıxmışdır.
Aşağı Qatrux kəndindəki Azərbaycan türkcəsi dialektini araşdıran dilçi N. S. Dzhidalaev kəndin ortaya çıxma hekayəsindən də bəhs etməyə çalışmışdır. O, təklif etmişdir ki, Azərbaycan türkcəsi Qara-Samur çayı hövzəsində yaşayan rutullar, saxurlar, laklar, avarlar və ləzgilər arasında əsas kommunikasiya dili kimi ortaya çıxmışdır. Lakin digər dillərdə danışan şəxsləri Azərbaycan türkcəsinə cəzb etmək üçün linqivistik faktorlara ehtiyac var idi. Bu faktorların təmin edilməsi isə bölgədə Türk müharibə əsirlərinin mənkunlaşdırılması ilə təmin edildi. Beləliklə, N. S. Dzhidalaev də kəndin ortaya çıxış hekayəsini izah etməyə çalışarkən Nadir şahın ordusundan əsir götürülmüş şəxslərə əsaslanan rəvayətə istinad etməkdədir. O, həmçinin iddia edir ki, lak dili ilə Azərbaycan türkcəsi arasında belə bir mühitin yaranması sakinlərin ikidilli olmasına yol açmış, lakin sonradan Azərbaycan türkcəsi lak dilini tamamilə sıxışdırıb ortadan çıxartmağı bacarmışdır. Beləliklə də, kənd yalnız bir dildə - Azərbaycan türkcəsində danışılan bir yaşayış məntəqəsinə çevrilmişdir.
Aşağı Qatrux sakinləri ilə bağlı başqa məlumatlar da var. Məsələn, qonşu İhrek adlı rutul kəndinin sakinləri kənd əhalisini "lyk" (qul) adlandırırdılar. Həmçinin, Qatrux kəndinin özündə də məhəllələrdən biri Muğallar adlandırılmaqdadır. Qeyd edilməlidir ki, Azərbaycan türklərinə Dağıstan bölgəsində əsasən Muğal deyilməkdədir. Digər məhəllərdən ikisinin adı isə qatırqılar və samançıyardır. Bu adlar da oranın sakinlərinin Şirvandan Dağıstana köç etdiklərinə işarə hesab edilə bilər.
Oktyabr inqilabından əvvəlki elmi ədəbiyyatlarda Aşağı Qatrux kəndinin sakinləri əsasın qazıqumuxlardan və laklardan ibarət kimi göstərilirdi. 1857-ci ilə aid Qafqaz kalendarında yazılana görə, Qazıqumuq xanlığının Aşağı Qatrux kəndinin sakinləri sünni və Avar dilli ləzgilərdən ibarət göstərilmişdir. 1860-cı illərdə A. Komarov tərəfindən hazırlanmış yaşayış məntəqələri siyahısında Aşağı Qatrux lak kəndi kimi göstərilmişdir. 1884-cü ildəki məlumata görə isə, Aşağı Qatrux rutul və sünni kəndi kimi göstərilsə də, əhalisinin dili kimi Türk dili göstərilmişdir. 1888-ci ildə tamamlanmış və Dağıstan bölgəsindəki yaşayış məntəqələrinin siyahısını əks etdirən araşdırşamda kəndin sakinləri sünni ləzgi kimi göstərilsələr də, onların Tatar (yəni Azərbaycan türkcəsi) dilində danışdıqları qeyd edilmişdir. Fakt odur ki, o dövrün elmi ədəbiyyatlarında da sakinlərin dilinin Azərbaycan türkcəsi olduğu göstərilmişdir. Məsələn, 1860-cı illərdə Lak dilini araşdıran P.K. Uslar qeyd edirdi ki, Qazıqumux bölgəsində "onlar Aşağı Qatruxda Azərbaycan türkcəsində" danışırdılar. Həsən Alkadari 1891-ci ildə yazdığı əsərində Samur bölgəsinin Qatrux kəndinin sakinlərinin Azərbaycanca danışdıqlarını yazmaqdadır. 1929-cu ildə atasının əsərinə redaktələr edən Əli Həsənov bildirirdi ki, Qatruxda həmçinin elə icmalar vardır ki, Qazıqumux (yəni lak) dilində danışmaqdadır. 1926-cı ildə həyata keçirilmiş siyahıyaalmada isə göstərildi ki, kəndin sakinləri Türk və ya 1930-cu illərdən sonrakı adı ilə azərbaycanlılardır.
Tabasaran rayonundakı kəndlər Aşağı Qatrux kəndi ilə birlikdə, Tabasaran rayonundakı indiki vəziyyət daha qarışıq vəziyyətdədir. Alman dilçi və etnoqraf A. Dirr bildirir ki, burada yaşayan müasir azərbaycanlıların bir hissəsi türkləşmiş tabasaranlılardır. Bir digər etnoqraf. L. İ. Lavrov isə inanır ki, Arkit, Arak və Yersi kimi azərbaycanlı kəndlərinin adları Tabasaran kökənlidir və sakinlər də bir zamanlar bu dildə danışmışdırlar. Nə 19-cu əsrin və erkən SSRİ-nin statistik materialları, nə də tarixi məlumatlar onların nə vaxt yarandığı və sakinlərinin mənşəyinin nə olduğu barədə tam aydınlıq gətirmir.
Yersi keçmişdə ərəb məskunlaşma məntəqələrindən biri idi. 1857-ci ilə aid Qafqaz kalendarına görə, kənddə sünni ləzgilərlə tatarlar yaşamaqda idilər. Bu ikisindən başqa, kənddə tatlar da var imiş. 1869-cu ilə aid qaynaqda isə Yersi sakinlərinin türkcə danışdıqları bildirilmişdir. İnqilabdan əvvəlki bütün digər materiallarda Ersinin sakinləri olaraq tatarlar (yəni azərbaycanlılar) göstərilir. Hər bir halda, 1926-cı ilə aid siyahıyaalmaya görə, bir qədr tabasaranlı və bir dargin də burada yaşamaqda imiş.
Dərvaq sakinlərinə görə (Tabasaran, Vaəkkdə) ərəb soyundan gəlirlər. Kəndin adını “dar vəkyan” (“danışıq evi”), “dur bax” (“ayağa qalx, bax”) kimi izah edirlər. Məlumdur ki, VIII əsrdə Əməvi sərkərdəsi əl-Cərrah Xəzər Dərvağını dağıdıb. 1840-cı ildə Abbasqulu Bakıxanov yazırdı ki, buralarda artıq hamı türkcə danışmaqda imiş. Buna bənzər iddialar Həsən Alkadaridə də rast gəlmək mümkündür. 1857-ci ildə aid Qafqaz kalendarında Darvaqda ləzgilərin, tatarların (yəni azərbaycanlıların) və tatların yaşadığı bildirilir. 1860-cı ildə A. Komarov tərəfindən tamamlanmış yaşayış məntəqələri siyahısında Darvad sakinlərinin dili olaraq Türk dili göstərilməkdədir. Oktyabr inqilabından əvvəlki bütün qaynaqlar buranın sakinlərini Tatar (yəni azərbaycanlılar) olduğunu yazmaqdadır. 1897-ci ildəki siyahıyaalmaya görə, Dağıstanda cəmi 912 nəfərin ana dili ərəb dili imiş. A. N, Genko bu insanların Dərvaq sakinləri olduğuna inanır. Yersi kimi 1926-cı il siyahıyaalması da göstərir ki, Darvaqda yaşayanlar Azərbaycan türkləridir. Bununla birlikdə, kənddə bir nəfər yəhudi də olmuşdur.