Alister Krouli (doğum adı Edvard Aleksandr Krouli; 12 oktyabr 1875 – 1 dekabr 1947) – ingilis okkultisti, maq, şair, yazıçı, alpinist və rəssam. O özünü 20-ci əsrin əvvəllərində bəşəriyyəti Horus eonuna yönəltmək işi həvalə olunmuş peyğəmbər kimi tanıdaraq Telema dinini qurmuşdur. Məhsuldar bir yazar kimi həyatı boyunca geniş çaplı nəşrlərə müəlliflik etmişdir.
Royal Leminqton Spa, Vorikşirda qatı dindar bir ailədə doğulan Krouli erkən yaşlarından xristianlığa nifrət bəsləmiş, valideynlərinin də inandığı fundamentalist Plimut qardaşları məzhəbini tamamilə rədd etmişdir. O Kembric universiteti nəzdindəki Triniti kollecində təhsil alarkən diqqətini alpinizm və poeziyaya yönəltmiş və bir neçə nəşri işıq üzü görmüşdür. Bəzi bioqraflar həmin dövrdə Kroulinin Britaniya kəşfiyyat agentliyinə işə götürüldüyünü iddia edərək onun ömrü boyu casus kimi fəaliyyət göstərdiyini irəli sürmüşlər.
1898-ci ildə o Qızıl Şəfəq Hermetik Ordeninə qoşularaq Samuel Liddel Makqreqor Mazers və Allan Bennetdən mərasim magiyası üzrə təlim alır. Krouli Hindistanda hindu və buddist təcrübələrini öyrənməzdən əvvəl Oskar Ekkenşteynlə birlikdə Meksikada alpinizmlə məşğul olur. 1904-cü ildə o Rouz Edit Kelli ilə evlənir və onlar Misirin paytaxtı Qahirədə bal ayında olarkən Ayvass adlı fövqəltəbii varlığın diktəsi ilə Telemanın əsasını təşkil edən müqəddəs mətni — Qanun kitabını yazır. Kitab Horus eonunun başlandığını elan edir və ardıcılların "istədiyini etməsini" və mərasim magiyası yolu ilə həqiqi iradələri ilə uyğunlaşmalı olduqlarını bildirir.
1905-ci ildəki uğursuz Kançencunqa ekspedisiyasından, Hindistan və Çinə səfərindən sonra Krouli Britaniyaya qayıdır və burada poeziya, roman və okkult ədəbiyyatın məhsuldar müəllifi kimi diqqətləri cəlb etməyi bacarır. 1907-ci ildə o, Corc Sesil Cons ilə birlikdə Telemanı təbliğ edən ezoterik ordeni — A∴A∴ -nı qurur. Əlcəzairdə vaxt keçirdikdən sonra, 1912-ci ildə o, başqa bir ezoterik ordenə — alman mərkəzli Ordo Templi Orientisə (O. T. O.) qəbul edilir və orada Telemit inanclarına uyğun olaraq reformulə etdiyi Britaniya qolunun lideri olur. O. T. O. vasitəsilə Britaniya, Avstraliya və Şimali Amerikada Telemit qrupları yaradılır. Krouli Birinci Dünya müharibəsini ABŞ-də keçirir, burada rəsmlə məşğul olmağa başlayır və Almaniyanın Britaniyaya qarşı müharibə səyləri üçün kampaniya yürüdür. Daha sonralar bioqraflar onun ingilis kəşfiyyat xidmətinə kömək etmək məqsədilə almanpərəst hərəkata sızdığını üzə çıxarırlar. 1920-ci ildə o, müxtəlif ardıcılları ilə birlikdə yaşadığı Siciliya əyalətinin Çefalu şəhərində Telema abbatlığını — dini icmanı qurur. Onun azad həyat tərzi Britaniya mətbuatında tənqidlərə səbəb olur və İtaliya hökuməti 1923-cü ildə onun qovulmasına qərar verir. Sonrakı iyirmi ilini Fransa, Almaniya və İngiltərədə keçirir və ölümünə qədər Telemanı təbliğ etməyə davam edir.
Krouli həyatı boyu narkotik istifadəçisi, biseksual və fərdiyyətçi sosial tənqidçi kimi geniş şöhrət qazanmışdır. Qərb ezoterizmi və 1960-cı illərin əks-kulturu üzərində çox təsirli bir fiqur kimi qalmış və daim Telemanın peyğəmbəri kimi xatırlanmışdır. Hazırda onun şəxsi həyatı və ideyaları müxtəlif bioqrafiya və akademik tədqiqatların mövzusuna çevrilmişdir.
Erkən həyatı thumb|Edvard Aleksandr Krouli 12 oktyabr 1875-ci ildə Vorikşir, Royal Leminqton Spadakı Klarendon meydanı 30-da anadan olub.
Gəncliyi Edvard Aleksandr Krouli 12 oktyabr 1875-ci ildə Vorikşir, Royal-Leminqton-Spa Klarendon meydanı 30-da anadan olmuşdur. Atası Edvard Krouli (1829–1887) mühəndis kimi təhsil alsa da onun pivə istehsalı sahəsindəki gəlirli ailə biznesi Crowley's Alton Ales-dəki payı, hələ oğlu dünyaya gəlməmişdən əvvəl təqaüdə çıxmasına imkan yaratmışdı. Onun anası Emili Berta Bişop (1848–1917), Devonşir-Somerset ailəsindən idi və oğlu ilə gərgin münasibətdə idi; o, oğlunu "Vəhşi heyvan" (ing. The Beast) kimi xarakterizə edirdi, oğlu isə bu adı eşitməkdən həzz alırdı. Cütlük 1874-cü ilin noyabrında Londonun Kensinqton Qeydiyyat İdarəsində evlənmişdi və yevangelist xristian idilər. Kroulinin atası kvaker olaraq doğulsa da sonradan Plimut Qardaşları kimi tanınan xristian fundamentalist qrupunun tərkibindəki Eksklüziv Qardaşlara qoşulmuşdu; Emili də eyni şəkildə evlənərkən bura keçməyi qərara almışdı. Kroulinin atası xüsusilə dindar idi, gəzərək təriqət üçün vaizlik edir və hər gün səhər yeməyindən sonra həyat yoldaşı və oğluna İncildən bir fəsil oxuyurdu. 1880-ci ildə körpə qızlarının ölümündən sonra Kroulilər 1881-ci ildə Redhill, Surrey şəhərinə köçdü. 8 yaşında Krouli H. T. Haberşonun Hastinqsdəki yevangelist xristian internat məktəbinə, daha sonra Kroulinin sadist hesab etdiyi Möhtərəm Henri d'Arsi Şampninin idarə etdiyi Kembricdəki Ebor hazırlıq məktəbinə göndərildi.
1887-ci ilin martında Krouli 11 yaşında olarkən atası dil xərçəngindən vəfat etdi. Krouli sonralar bunu həyatındakı dönüş nöqtəsi adlandırdı, çünki o, həmişə atasına heyran olub, onu "öz qəhrəmanı və dostu" kimi xarakterizə edirdi. Atasının sərvətinin üçdə birini miras aldıqdan bir müddət sonra məktəbdə xuliqanlıqla məşğul olmağa başladı və bu, onun Şampni tərəfindən ağır cəzalara məruz qalmasına səbəb oldu; ailəsi onu məktəbdən çıxardığı dövrdə onda albuminuriya formalaşmışdı. Krouli təhsilini Malvern Kollecində və Tonbric məktəbində davam etdirdi, o, nifrət etdiyini və cəmi bir neçə müddətdən sonra ayrıldığını söylədi. Bu dövrdə o, xristianlığa getdikcə şübhə ilə yanaşır, İncildəki uyğunsuzluqları din müəllimlərinə göstərirdi, dini tərbiyəsinin xristian əxlaqına zidd gedərək siqaret çəkir, masturbasiya edir və fahişələrlə cinsi əlaqəyə girirdi və bu da süzənək xəstəliyinə tutulmasına səbəb olmuşdu. İstborndakı Eksklüziv Qardaşların himayəsi altında yaşamaq üçün göndərildi, o, yerli kollecdə kimya kursları aldı. Krouli şahmat, poeziya və alpinizmlə maraqlanırdı — o, 1894-cü ildə Alp dağlarını ziyarət etməzdən və Şotlandiya Alpinizm Klubuna qoşulmazdan əvvəl Biçi-Hed dağına çıxdı. Növbəti il o, Ayqer, Trift, Yunqfrau, Mönx və Vetterhorn zirvələrinə qalxaraq Bern Alplarına qayıtdı.
Kembricdə təhsil alması: 1895–1898 Krouli adını Alister olaraq dəyişdirərək, 1895-ci ilin oktyabrında Kembricdəki Trinity Kollecində üç illik təhsil kursuna başladı və burada fəlsəfə öyrənmək üçün Sənət fakültəsinə daxil oldu. Şəxsi tərbiyəçisinin təşviqi ilə o, tezliklə həmin dövrdə icbari kurikuluma daxil olmayan ingilis ədəbiyyatına keçdi. Krouli asudə vaxtının çox hissəsini universitetdə hobbilərinin arxasınca getməyə sərf edirdi. O, tələbə şahmat klubunun prezidenti olduqdan sonra gündə iki saat şahmatla məşğul olurdu, hətta bir vaxtlar peşəkar karyerasını şahmatçı kimi davam etdirmək barədə ciddi fikrə düşmüşdü. O, həmçinin ədəbiyyatı və poeziyanı, xüsusən də Riçard Frensis Burton və Persi Bysşe Şellinin əsərlərini çox sevirdi. Onun bir çox şeirləri The Granta, Cambridge Magazine və Cantab kimi tələbə nəşrlərində dərc olunmuşdu. Eyni zamanda Krouli dırmanmaya da davam edirdi, 1894–1898-ci illər arasında Alp dağlarında illik tətil keçirdi, tez-tez dostu Oskar Ekkenşteyn ilə səyahət edirdi və 1897-ci ildə bələdçi olmadan Mönxün ilk yoxuşunu etdi. Bu nailiyyətlər onun Alp dağlarının alpinizm icmasında tanınmasına səbəb oldu.
Krouli ilk dərin mistik təcrübəsini 1896-cı ilin dekabrında Stokholmda tətildə olarkən yaşadı. Lourens Sutin, Riçard Kaçinski və Tobias Çerton da daxil olmaqla bir sıra bioqraflar hesab edirlər ki, bu, Kroulinin biseksuallığını etiraf etməyə imkan verən ilk homoseksual cinsi təcrübəsinin nəticəsi idi. Kembricdə Krouli qadınlarla — əsasən fahişələrlə cinsi əlaqədə olurdu və onların birindən sifilis xəstəliyinə yoluxmuşdu — lakin onların qeyri-qanuniliyinə baxmayaraq, sonda eynicinsli münasibətlərə qoşuldu. 1897-ci ilin oktyabrında Kembric universitetinin "Footlights" teatr klubunun prezidenti Herbert Çarlz Pollitlə tanış oldu və onunla münasibət qurdu. Onlar ayrıldılar, çünki Pollitt Kroulinin Qərb ezoterizminə artan marağını heç də bəyənmirdi, sonuncu uzun illər boyu peşman oldu.
1897-ci ildə Krouli Rusiya imperiyasının Sankt-Peterburq şəhərinə getdi. Daha sonra o, diplomat kimi gələcək karyerası haqqında düşündüyü üçün bu yolla rus dilini öyrənməyə çalışdığını iddia etdi.1897-ci ilin oktyabrında Kroulinin qısa müddətli xəstəliyi onu ölüm və "bütün insan səylərinin puçluğu" haqqında düşünməyə vadar etdi və o, okkultizm lehinə qərar verərək diplomatik karyera ilə bağlı bütün düşüncələrini tərk etməli oldu.
1898-ci ilin martında o, "iblislə şəxsən ünsiyyət qurmaq" istədi və Artur Edvard Ueytin Qara magiya və paktlar kitabını aldı, lakin bu kitabda ritual üçün təlimatlar yer almırdı, bundan sonra Krouli diqqətini Karl fon Ekkartshauzenin Sanktuariumun üzərindəki bulud əsərinə yönəltdi. Daha sonra o, Samuel Liddell Makqreqor Mazersin Kabbala Denudata əsərini oxudu, lakin bu ona çətin gəlirdi, bu yalnız onun marağına təkan verdi. 1898-ci ildə Krouli məşhur olmayan Akeldama: Yadellilərin dəfn yeri adlı şeirinin 100 nüsxəsini özü nəşr etdirdi. Elə həmin il o, bir sıra başqa şeirlərini, o cümlədən Ağ ləkələr adlı dekadent erotik şeirlər toplusunu nəşr etdirdi və Britaniya hakimiyyət orqanları onun ölkədəki nəşrinə qadağa qoya biləcəyi üçün xaricdə çap edilməsi qərara alındı. 1898-ci ilin iyulunda Krouli 1897-ci ilin "birinci sinif" imtahanlarında yüksək qiymətlər qazanmasına və ondan əvvəl "ikinci sinif" nəticələrinin ardıcıl qeyd olunmasına baxmayaraq, heç bir dərəcə almadan Kembrici tərk etdi.
Qızıl Şəfəq Hermetik Ordeni: 1898–1899 thumb|Krouli Qızıl Şəfəq libasında, 1910-cu il 1898-ci ilin avqustunda Zermatt səfəri zamanı Krouli kimyaçı Julian L. Baker ilə görüşdü və söhbət zamanı onların əl-kimyaya olan ümumi maraqları ortaya çıxdı. Londona qayıtdıqdan sonra Beyker Kroulini qaynı və 1888-ci ildə əsası qoyulmuş Qızıl Şəfəqin Hermetik Ordeni kimi tanınan gizli cəmiyyətin üzvü Corc Sesil Consla tanış etdi. Cons nəinki Kroulini ordenə qoşulmağa dəvət etdi, həm də ona Samuel Mazersin Abramelin müqəddəs magiya kitabının tərcüməsini bağışladı və ona bəzi ilkin göstərişlər verdi. Məhz bu qrimuar Kroulini praktiki magiyanı öyrənməyə ruhlandırdı. 18 noyabr 1898-ci ildə Krouli təşkilatın lideri Samuel Liddell Makqreqor Mazers tərəfindən Qızıl Şəfəqin Xarici Ordeninə layiq görüldü. Mərasim Londonun Mark Meyson zalında İsis-Uraniyanın Qızıl Şəfəq Məbədində baş tutdu, burada Krouli magik devizi və "Frater Perdurabo" adını aldı, bunu "Sonuna qədər dözəcəyəm" kimi şərh etdi.
Krouli Çanseri-leyndə dəbdəbəli bir mənzilə köçdü və tezliklə Qızıl Şəfəq qrupunun böyük üzvü Allan Bennetti fərdi magik mentoru olaraq onunla yaşamağa dəvət etdi. Buddizmi öyrənmək üçün Cənubi Asiyaya gedənə qədər Bennet Krouliyə mərasim magiyasını və narkotik vasitələrin ritual istifadəsini, o cümlədən Qoetiya rituallarını birlikdə yerinə yetirməyi öyrətdi. 1899-cu ilin noyabrında Krouli Şotlandiyanın Lox-Ness sahilindəki Foyersdə yerləşən Boleskin-Haus malikanəsini satın aldı. Şotlandiyada yaşadığı dövrdə şotland mədəniyyətinə məhəbbət bəslədiyini ifadə edərək özünü "Şotland lerdi" kimi təsvir edir və Londona səfərləri zamanı milli dağ geyimindən istifadə edirdi. Çanseri-leyndə iqamətgahı zamanı okkultist özünü qraf Svarev adlandırırdı. Bu fonda Krouli 1898–99-cu illər arasında bir sıra yeni əsərlər nəşr etdirərək şeir yazmağa davam etdi: İzebel və digər tragik şeirlər, Arxais hekayəsi, Ruhun nəğmələri, Amerika Respublikasına müraciət və Yefta. Onların əksəriyyəti ədəbi tənqidçilərdən qarışıq rəylər aldı, lakin Yefta xüsusilə tənqidi baxımdan uğurlu hesab edildi.