Arayatlı (bəzi mənbələrdə Arayatılı) — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası Araz çayının sol sahilindən bir qədər aralı düzənlikdədir. XIX əsrə aid sənədlərdə Mustafa Sərkarlı adı ilə verilir. 1933-cü ildə Arayatılı şəklində qeydə alınmışdır. Belə güman edilir ki, toponim XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş türkdilli uryat tayfasının adını özündə əks etdirir. Etnonim isə türk dillərindəki ara (orta) və yat/yatuq (hərəkət etməyən, oturaq türk) sözlərindən olub "mərkəzdə yerləşən oturaq türklər" deməkdir. Burada -lı şəkilçisi aidlik, mənsubluq ifadə edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Tarixi Kəndin adı bəzi mənbələrdə "Oriyadlı" kimi qeyd olunmuşdur.
Arayatlı tayfa adıdır. XII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş tayfalardan (Uryat, Oyrat, Sukait, Kinqut, Curyat, Saray, Calair, Tanqut, Dördbet və s.) Uryat tayfasının adı ilə bağlıdır. Salyan rayonunda Böyük Oriyad və Kiçik Oriyad kənd adları ilə mənşəcə eynidir.
XIX əsrin ortalarında bu kənd "Mustafa Sərkarlı" da adlanmışdır.
Birinci qarabağ müharibədsində Arayatlı kəndi dəfələrlə atəşə məruz qalmışdır.
7.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Arayatlı bələdiyyəsi olub.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.2-ci bəndinə əsasən: "Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yaradılmışdır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1043 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Şamama Həsənova — iki dəfə Sosialist Əməyi Qəhrəmanı. Ramin Hacılı (1 sentyabr 1983) — Azərbaycanlı siyasətçi, "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arayatlı kəndinə gedən avtomobil yolu Füzuli rayonunun yol infrastrukturunun inkişafı çərçivəsində inşa edilmişdir. Qarabağ–Böyük Bəhmənli–Arayatlı–Mirzənağılı avtomobil yolunun tikintisi Azərbaycan Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə nəzərdə tutulmuşdur. Sərəncama əsasən, yolun tikintisinin maliyyələşdirilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Sənəddə yolun 28 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirdiyi bildirilir.
2014-cü il 1 iyul tarixli sərəncamla yolun tikintisinin davam etdirilməsi üçün əlavə olaraq 5,4 milyon manat vəsait ayrılmışdır. Sərəncamda yenə yolun 13 yaşayış məntəqəsini birləşdirdiyi qeyd edilmişdir.
2016-cı il 23 iyul tarixli sərəncamla isə yolun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,8 milyon manat ayrılmışdır. Sərəncamda tikinti işlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.
Beləliklə, yolun tikintisi üçün 2013-cü ildə 3 milyon manat, 2014-cü ildə 5,4 milyon manat, 2016-cı ildə isə 1,8 milyon manat olmaqla, rəsmi sərəncamlarda ümumilikdə 10,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Həmçinin bax Füzuli rayonu Füzuli rayonunun Arayatlı bələdiyyəsi Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Füzuli rayonunun kəndləri