thumb|Qaradağ vilayətinin Garmanab kəndindəki Çaparlı adlanan yer. Qaradağ tayfaları — Arasbaran və ya digər adı ilə Qaradağda yaşayan tayfalar üçün nəzərdə tutulmuş ümumi ad. Qaradağ geniş dağlıq ərazisidir və Cənubi Azərbaycan ərazisində olan Şərqi Azərbaycan ostanın şimalında yerləşir. Burada bir çox türk tayfası məskunlaşmışdır. Bunlara misal olaraq Çələbiyanlı, Bəydili, Hacıəlili, Məhəmmədxanlı, Hüseynəkli, İlyasxanlı, Həsənbəyli, Toxmaqlı, Bayburdlu, Qaraçorlu və Qaradağlı tayfalarını göstərmək olar. Bütün bu tayfalar indi oturaq həyat yaşasalar da, onların mədəniyyətlərinin xarakterik xüsusiyyətləri köçəri həyat tərzi üzərində inşa edilmişdir və hal-hazırda da davam etməkdədir.
Torpaq sahibliyi A. Lamptona görə Qaradağ xanlığında otlaqlar xana məxsus idi və o eyni zamanda qışlaq bölgələrindəki əkinə yararlı torpaqlara da sahiblik etməkdə idi.
Tarixləri Qaradağ bölgəsi böyük bir dağlıq ərazini əhatə etməkdədir. Bölgə Əhərin cənubundakı Qoşadağ massivindən Araz çayına qədərki bölgəni əhatə edir. 1880-1894-cü illərdə Təbrizdəki xristian missionerliyində çalışmış və Qaradağ bölgəsinə gəlmiş ilk avropalılardan olan Samuel Graham Vilson öz əsərində bölgədəki türk tayfaları barədə bunları yazmaqdadır.
Bəzi köçərilər qışlarda kəndlərdə yaşayırlar. Yaz gələn kimi onlar düzənlikləri tərk edir, dəyərli olan hər şeyi özləri ilə götürür, evlərini tərk edir və sökür, hətta məntəqədə gözətçi belə saxlamırlar. Bəzi kəndlilər öz ətraflarında əkinçiliklə məşğul olurlar və bir neçə şəxs məhsulu toplamaq üçün geridə saxlanılır. Dağlarda xeyli şumlanan münbit torpaq var, taxıl əkir və növbəti il onu biçməyə geri dönürlər. Onlar feodal sistemdə yaşayırlar və tirələr xan və ya başçıya tabedirlər. Xanlar onları ziyandan qoruyur və müharibədə onların başçıları olurlar. Onların şahdan asılılığı cüzidir. Onlar hökumətin illik vergisini göndərir və müharibədə döyüşçü ilə təchiz edirlər. Bu yarımmüstəqillik əlləri çatan hər kəsə zülm etmə imkanı verir. Tez-tez olmasa da, biz onların düşərgələrindən keçdik. Onların evdə toxunmuş yun parçadan hazırlanmış qara və ya qəhvəyi çadırları təpəliklərdə cəmləşmişdi. Bzən onlar qamış pərdələrlə əhatələnmiş halda idi. Onlar sərvətləri sürü və mal-qaralarından ibarətdir və onların məhsulunu şəhərlərdən özlərinə lazım olan şeylərlə dəyişirdilər. Sürülərinə necə əlavə etdiklərinə xüsusi diqqət yetirmirlər. Muzhumbar [Meşq Anbar] kəndi ətrafında öz sürülərinin oğurlanmasından şikayətlənirdilər. Biz oğruları təpəliklərdə sürüləri bizim üstümüzlə apardıqlarını gördük. Bu köçərilərin pis reputasiyasını bildiyimiz üçün onların çadırlarının yanından narahatlıqla keçirdik.
1960-cı ildə bölgəni ziyarət edən Oberling vəziyyətin Vilsonun buraya səfərindən bəri o qədər də dəyişmədiyini qeyd edir. O, Azərbaycandakı köçəri çadırlarının Cənubi İrandakı türk çadırlarından xeyli fərqləndiyini bildirir. Azərbaycandakı çadırlar qara ikən, Cənubi İrandakılar keçi tükündən hazırlanırmış çadırları dairəvi və ağ imiş. Oberling Azərbaycandakı çadırların təsvirini verdikdən sonra onların ən böyüyünün belə qısa müddət ərzində sökülüb yenidən yığıla biləcəyini qeyd edir. Varlı köçərilər, xüsusən başçılar və onların qohumları bu çadırların köçürülməsində dəvələrdən istifadə edirlərmiş. Kasıb köçərilər isə inəklərdən və öküzlərdən bu iş üçün yararlanırlarmış. O zaman (1960-cı illərdə) yaxşı dəvənin qiyməti 500 dollar imiş və çok lüks hesab edilirmiş. Oberling bu köç prosesində çox yük daşıya bilən dəvələrin əvəzedilməz olduğunu qeyd etməklə yanaşı, bəzi şahsevənlərin yük maşınlarından da istifadə etdiklərini bildirir.
Oberling Qaradağ köçərilərinin 3-4 ayı yay otlaqlarında (bu otlaqları bir qayda olaraq icarəyə götürürdülır), 6 ayı qışlaq evlərində, yerdə qalan ayları isə əsasən köç yollarında keçirdiklərini bildirir. Çox zaman başçılar torpaqları və otlaqları öz əlində tuturdu. 1804-1813-cü illər Qacar-Rus müharibəsində Qaradağ bölgəsində yaşayan insanların çoxu köçəriliklə məşğul idi. Əsas tayfalardan olan Hacıəlililər 800 çadırdan, Bəydililər 200 çadırdan və digər qruplar 500 çadırdan ibarət idi. Bu zaman Qaradağ bölgəsinin yeganə şəhəri olan Əhərdə 3500 insan yaşamaqda idi. Qalan üç tayfanın nə vaxt yarandığı bəlli deyil. Arasbaranda tayfa etnik anlayışdan daha çox siyasi bir varlıq olmuşdur və buna görə də qəbilədəki müxtəlif ailələr arasındakı bağ onların ümumi bir başçıya sədaqətindən qaynaqlanırdı. Buna görə də, tarix boyunca çətin bir anda əsasən xan ailəsindən çıxan bir şəxs digər köçəri ailələrindən ətrafına şəxslər toplayaraq yeni bir tayfa yarada bilərdi.
Məşrutə inqilabı dövrü
Məşrutə inqilabının başlanması 1906-cı ilin 30 dekabr tarixində ölüm ayağında olan Qacar şahı Müzəfərəddin şah konstitusiya barədə fərman imzaladı. Lakin 1907-ci ilin yanvarında Müzəfərrəddin şah vəfat etdi və onun yerinə Azərbaycan valisi olmuş, vəliəhd şahzadə Məhəmmədəli Mirzə şah oldu. Yeni şah Tehrana daxil olarkən onu müşayiət edənlərdən biri də Rəhim xan idi. Şah Rəhim xanı saray süvarilərinin komandanı (rīāsat-e savārān-e dīvānī ) təyin etdi. Bundan başqa NÜsrət-əl-Sultan və Sərdar-e Nüsrət titulları da Rəhim xana verildi.' Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir:
Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, Xalxal və Qaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər.
Yeni şah despotik xarakterli olduğu üçün konstitusiyanı ortadan qaldırmaq üçün çalışırdı. O, qısa, lakin tufanlı hakimiyyəti zamanı parlamenti ləğv etməyə və əncümənləri dağıtmağa çalışırdı. Ona bu prosesdə köçəri tayfalar və yarımmüstəqil hakimlər dəstək olurdular. Onlar məşrutəçilərin tam hakimiyyəti ələ alması ilə status quo-nun pozulacağını və öz hakimiyyətlərinin zəifləyəcəyini düşünürdülər. Bu tayfa liderləri içərisində şaha ən sadiqi çələbiyanlı elinin xanı Hacı Rəhim xan idi. 1907-ci ilin mayında Rəhim xanın oğlu Böyük xan üsyana başladı. Böyük Britaniyanın parlament müzakirələrində bildirilirdi:
21 mayda 3 kişi Təbrizin teleqraf stansiyasına yerli məclisin [əncümənin] orada oturan bəzi üzvlərini öldürmək üçün daxil olmuşdurlar. Onların hərəkətləri diqqətləri cəlb etmiş və onlar həbs edilmişdirlər. Onlardan biri müqavimət göstərmiş, atışma olmuş və o, ölümcül yaralanmışdır. Onlardan yaralanmamış olan ikisi yaxşıca döyüşmüş və etiraf etmişdirlər ki, onlar Qaradağdandırlar və şahın əyanı İkram-əs Səltənə tərəfindən onların hər birinə məclisin aparıcı üzvlərini öldürmək üçün 100 tümən pul və tapança verilmişdir. Yaralanan adam ölməmiş yoldaşlarının dediklərini qəbul etmişdir. 22 mayda məlum oldu ki, Rəhim xanın böyük oğlu Böyük xan güclü bir qüvvə ilə Təbrizə doğru yola çıxmış və yolunun üstündəki kəndləri yağmalamışdır. İki gün sonra bu xəbərə görə yaranmış narahatlıqlar dağıldı, çünki telegram göndərildi və bildirildi ki, yerli tayfa Rəhim xanın mülklərinə onun oğlunun yoxluğunda hücum etmiş, Böyük xan da atasının mülklərini qorumaq üçün geri dönməyə məcbur olmuşdur. 25-də Böyük xandan Təbrizin qubernatoruna göndərilmiş məktub ələ keçirildi. Məktubda Böyük xan xeyli kəndi yağmaladığını və qubernatorun söz verdiyi, yerli məclisi Tehrana göndərdiyi halda Təbrizə yola düşməyə hazır olduğunu bildirirdi...İttiham edilən məktub ələ keçirildikdən sonra qubernator həbsə atıldı. Məsələ Tehran məclisi tərəfindən müzakirə edildi və nəticədə Rəhim xan həbsə atıldı.
İslahatçı baş nazir Nasirülmülkü qovan və həbs edən Məhəmmədəli şah 1907-ci ilin dekabrıbda bütün özünə sadiq qüvvələri ətrafında topladı və məclisə hücum etmək qərarına gəldi. Lakin həlledici anda o, zərbəni vurmağı ertələdi və bununla da məclisə öz qüvvələrini hazırlamağa imkan verdi. Ona qarşı çıxan xalqın etirazlarını gördükdən sonra şah geri addım atmağa məcbur oldu. Nasirülmülkü azad edən şah etirazçılara möhürlü Quran göndərərək bundan sonra konstitusiyaya uyacağına and içdi. İnqilabi hərəkatda tərəflərin mübarizəsi Qış sərt keçmiş, bütün imperiyada olduğu kimi Qaradağda da vəziyyət pisləşmişdi. Qaradağda quldurluq halları da artmaqda idi. Ədliyyə naziri və Hacı İmam Cümə Xoyinin araya girməsi ilə məslicə gətirilən Rəhim xan konstitusiyaya sadiq qalacağına and içdi və buna deputatları inandıra bildi. 1908-ci ilin aprelində Təbrizə gələn Rəhim xan buradakı məclisi inandıra bildi ki, onun yeganə məqsədi konstitusiya rejiminə xidmət etməkdir. Beləliklə, yerli məclis ona 18 min tümən pul, 8 yüz tüfəng və iki top verərək Ərdəbildəki üsyanı yatırmağa göndərdi.
1908-ci ilin iyun ayının 23-də yeni bir çevrilişə cəhd edən Məhəmmədəli şah bu dəfə uğurlu oldu. İran Kazak briqadasının yardımı ilə edilmiş çevriliş zamanı məclisin 8 rəhbərindən 7-i həbs edildi və onlardan 2-i sonradan boğduruldu. Şahın bu çevilişindən sonra Təbrizdə Səttar xanla Bağır xanın rəhbərliyində üsyan başladı. Üsyançılar 10 ay boyunca mərkəzin ordusu, tayfa orduları, aclıq və xəstəliklə mübarizə aparsalar da, sonda gələn rus ordusu tərəfindən məğlub edildilər. Təbrizdəki üsyandan ruhlanan Rəşt və İsfahan əhalisi də üsyana qalxdı və Tehrana yürüşə başladı. Nəticədə şah taxtdan əl çəkməyə məcbur oldu və rus səfirliyinə sığındı.
Təbrizdəkilərlə döyüşən monarxiya ordusu içərisində ən güclü tayfa lideri Rəhim xan idi. O, Təbrizə qarşı həm də təbrizlilərdən Ərdəbil üsyanını yatırmaq üçün almış olduğu silah-sursatla döyüşürdü. Onun ordusuna çələbiyanlılar, məhəmmədxanlılar və şahsevənlər daxil idi. O, Kəleybərlə Culfa arasını yağmaladıqdan sonra şimaldan Təbrizə doğru yaxınlaşırdı. 1909-cu ilin aprelində Təbrizə yürüş edən Rəhim xan yol boyu xeyli yağmalar etmiş, qarşısına çıxanlara əziyyətlər vermiş və soymuşdu. Rəhim xan 1909-cu ilin may ayında Təbrizin məhəlləsini tərk etdi və Qaradağa yollandı. Orada çələbiyanlılarla şahsevənlər arasında qarşıdurma baş versə də, bu həll edildi. Avqust ayında Rəhim xanın qohumu bölgəni soymaqla məşğul idi, buna görə də Təbrizdən rus ordusu bölmələri orayaonu soyğunlaı durdurmağa sövq etmək üçün göndərildi.
Payızdan etibarən Rəhim xan Ərdəbilə tamah salmağa başlamışdı. Ərdəbil Məşrutə hərəkatının başlamasından etibarən necə dəfə şahsevənlərin yürüşünə məruz qalmışdı. 1908-ci ilin aprelində onlar təkcə şəhər ətrafını yağmalamamış, şəhərə daxil olub 50 evi soymuş, şəhərin hakimini qaçmağa məcbur etmişdilər. 1909-cu ilin iyununda şahsevənlər yenə Ərdəbili təhdid etməyə başlayarkən əhali qorxudan rus vitse-konsulluğuna sığındı. İyulda şahsevənlər Miyanə, Hacıağa və Tehran yolunu, Ərdəbil ətrafını yenidən yağmaladılar. Bu hücuma Məhəmmədqulu xan Şahsevən rəhbərlik edirdi. Məşhur qaçaqmalçı olan Məhəmmədqulu xna yeni baş nazir Sipahdar-e Əzəm tərəfindən Ərdəbilin yeni qubernator müavini təyin edildi. Yayda şahsevənlər Astara-Ərdəbil-Təbriz yolunu bağladılar və ərdəbillilərin də döyüşməyə hazır olmadıqları bəlli oldu. Bundan başqa, Əhərdə Rəhim xanın çələbiyanlı ordusunu neytrallaşdırmaq üçün saxlanılan rus ordusu evakuasiya edildi. Beləliklə, şahsevənlərlə birləşən Rəhim xan digər tayfa rəhbərləri ilə birlikdə keçmiş şaha məktub göndərdilər: