Vilyam Ceyms Herşel (; ) — ingilis müstəmləkə məmuru, məşhur astronom və riyaziyyatçılar Vilyam və Conun müvafiq olaraq nəvəsi və oğlu, dakteloskopiyanın əsasını qoyanlardan biridir.

Bioqrafiya

thumb|upright|Vilyam Ceyms Herşelin cavanlığı

İngiltərədə anadan olmuşdur. 1857-ci ildən etibarən Benqaliyada (Hindistan), Huqli dairəsində Britaniya administrasiyasında çalışmışdır. 1858-ci ildən etibarən benqal dilində yazılmış müqavilələrin həqiqiliyini təsdiqləmək üçün təcrübədə barmaq izlərindən istifadə etməyə başlamışdır. İnduslar imza əvəzinə və ya imzadan sonra barmaqlarını mürəkkəbə batıraraq barmaq izlərini qoyurdular. Görünür, Herşel əvvəlcə induslar və çinlilər arasında geniş yayılmış mifik bir inancdan — barmaq izinin imzadan daha çox öhdəlik yaratması ideyasından faydalanmışdı. Lakin maraq naminə barmaq izlərini öyrənməyə başladıqda, bir insanın barmaq izlərinin heç vaxt başqa bir insanın izləri ilə eyni olmadığını aşkar etmişdir. Onları naxışlarına görə fərqləndirməyi öyrənmiş və bir çox insanı "barmaq izi şəklinə" görə tanımağa başlamışdır. Herşel bir anatomiya dərsliyindən bu cizgilərin papilyar xətlər adlandığını öyrənmiş və bu termini tətbiq etmişdir.

15 il ərzində Herşel çox sayda hindli əsgərə maaş ödəmişdir. Avropalı üçün onların hamısı bir-birinə bənzəyirdi və adları tez-tez təkrar olunurdu. Maaşı aldıqdan sonra əsgərlər tez-tez geri qayıdır və pulu almadıqlarını iddia edirdilər. Bəzən isə maaşlarını yenidən almaq üçün dostlarını və ya qohumlarını göndərirdilər. Herşel həm siyahılarda, həm də qəbzlərdə iki barmaq izinin qoyulması təcrübəsini tətbiq etmişdir. Bununla da saxtakarlığın qarşısı alınmışdır.

Növbəti illərdə o, barmaqdakı cizgilərin nə 5, nə 10, nə də 19 il sonra dəyişmədiyi qənaətinə gəlmişdir. Onun barmaq izlərinin olduğu qeyd dəftəri buna sübut idi. İnsan yaşlaşa bilərdi, xarici görünüşü kəskin dəyişə bilərdi, lakin barmaqlardakı naxış dəyişməz qalırdı. Bu, insanın fərdi və dəyişməz nişanı idi ki, bunun sayəsində onu həmişə, hətta ölümündən sonra belə, barmağından kiçik bir dəri parçası qalsa belə tanımaq mümkün idi.

5 avqust 1877-ci ildə Herşel Benqaliyanın həbsxanalar üzrə baş müfəttişinə məktub göndərərək şəxsiyyətin müəyyənləşdirilməsinin yeni metodu və ondan məbusların qeydiyyatı üçün istifadə imkanları barədə yazmışdır. On gün sonra cavab almışdır. Məktub nəzakətli tonda yazılmışdı, lakin baş müfəttişin Herşelin səhhətinin pisləşməsindən xəbərdar olduğunu və onun bu təklifini "xəstə təxəyyülünün məhsulu" kimi qəbul etdiyini göstərirdi.

1879-cu ilin sonunda Herşel səhhətini bərpa etmək üçün İngiltərəyə qayıtmışdır. O, dakteloskopiya sahəsindəki tədqiqatlarını Barmaq izlərinin mənşəyi () adlı əsərində sistemləşdirmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Dakteloskopiya