Bülbül Hacı Məmmədtağı qızı Kazımova () — Azərbaycan maarifçisi, pedaqoqu, jurnalisti və ictimai xadimi. İrəvanda ilk azərbaycanlı qadın müəllimlərdən biri olmuş, burada qadın maarifçiliyi hərəkatının fəal iştirakçısı kimi tanınmışdır. "Zəngi" qəzetinin ilk qadın müxbirlərindən biri, uzun illər İrəvan Azərbaycanlı Qadınlar Klubunun rəhbəri olmuşdur.

Həyatı Bülbül Kazımova 1887-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 1914-cü ildə İrəvan rus-müsəlman qız məktəbini bitirmişdir.

1917-ci il avqustun 29-da İrəvan yaxınlığındakı Aralıq Baş kəndində müəllimlik fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında həyat yoldaşı, maarif xadimi Mehdi Kazımovun təşəbbüsü və Rəşid bəy Əfəndiyevin icazəsi ilə İrəvan oğlan məktəbinin nəzdində qızlar üçün bir sinif açılmış, Bülbül Kazımova həmin sinifdə müəllimlik etmişdir. O, qızların təhsilə cəlb olunması üçün ev-ev gəzərək şagird toplamışdır.

Bülbül Kazımova və bacısı Rübabə Bağırova İrəvanın ictimai-mədəni həyatında fəal iştirak etmiş, azərbaycanlı qadınlar arasında maarifçilik hərəkatının genişlənməsinə çalışmışlar.

Maarifçilik və ictimai fəaliyyəti 1918-ci ildə erməni silahlılarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar zamanı Bülbül Kazımova ailəsi ilə birlikdə İrəvandan Gəncəyə köçmüşdür. Gəncədə Cavad bəy Cuvarlının təşkil etdiyi üçaylıq pedaqoji hazırlıq kursunda təhsil alaraq biliklərini təkmilləşdirmişdir.

Sonralar Gədəbəyə gedərək burada ilk qız məktəbini təşkil etmişdir. 1921-ci ildə Şəmkirin Dəllər kəndində müəllimlik etmişdir. O, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda və hazırkı Ermənistanda məktəblərin, klub və mədəniyyət evlərinin yaradılmasında iştirak etmişdir.

1920-ci illərdə Naxçıvanda Siddiqə Abbasova ilə birlikdə qadınlar klubunun təşkilində mühüm rol oynamışdır. 1922-ci ilin sonlarında yenidən İrəvana qayıdan Bülbül Kazımova pedaqoji və ictimai fəaliyyətini daha da genişləndirmiş, İrəvan Türk Məktəbində müəllim işləmişdir.

O, İrəvanda Azərbaycan qadınları üçün Əli Bayramov klubunun modeli əsasında mədəniyyət mərkəzi yaratmış, burada savad kursları və uşaq bağçası təşkil etmişdir. Lala Qazıyeva, Zinyət İsayeva, Sona Qocayeva, Firəngiz Rizayeva, Yasəmən Əhmədova, Fatma Yusifzadə və Zəhra Abbasova kimi fəal qadınları ətrafında birləşdirərək qadın maarifçiliyinin inkişafına təsir göstərmişdir.

Bülbül Kazımova 20 ilə yaxın İrəvan Azərbaycanlı Qadınlar Klubuna rəhbərlik etmişdir.

Mətbuat fəaliyyəti Bülbül Kazımova "Zəngi" qəzetinin ilk qadın müxbirlərindən biri olmuşdur. O, qəzetdə qadınların maariflənməsi, qadın klubunun fəaliyyəti, savadsızlığın aradan qaldırılması və qadınların ictimai həyata cəlb edilməsi mövzularında yazılarla çıxış etmişdir.

Onun məqalələri həmçinin Bakıda nəşr olunan "Şərq qadını" jurnalında və digər mətbuat orqanlarında dərc edilmişdir.

Bülbül Kazımova maarif və ictimai fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunmuş, respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Bülbül Kazımova 1976-cı ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan maarifçi qadınları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan feministləri