İradə Tofiq qızı Köçərli () — Azərbaycan etnomusiqişünası, sənətşünaslıq doktoru, professor.
Aşıq sənəti, xalq musiqi yaradıcılığı, muğam və musiqi folkloru sahəsində aparıcı tədqiqatçılardandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışmış, "Azərbaycan xalq musiqisinin əsasları", "Azərbaycan xalq musiqi yaradıcılığı" və digər musiqi fənnlərini tədris etmişdir.
Elmi tədqiqat işlərində ilk dəfə olaraq "şikəstələrin" aşıq sənəti ilə bağlılığını araşdırmış, həm aşıq, həm muğam sənəti, həm də xalq yaradıcılığının ayrı-ayrı sahələri ilə bağlı növləri müəyyən etmişdir. Poetik və musiqili-poetik növləri — bayatı, ağı və ağlamalar, layla və digərləri — elmi-nəzəri təhlillərlə işıqlandırmış, onların bəstəkar yaradıcılığına təsiri və istifadə xüsusiyyətlərini vurğulamışdır.
Aşıq sənətini sinkretizm və sintez problemləri baxımından araşdırmış, aşıqlıq mədəniyyətini təşkil edən ayrı-ayrı sənət sahələrinin üzvi birliyini yeni baxış bucağından tədqiq etmişdir. Bayatı (şikəstə), gəraylı, qoşma (təcnis), divani və müxəmməs kimi musiqili-poetik janrların əsas özəlliklərini müəyyən etmişdir.
Son dövrlər, İ. Köçərli tərəfindən arxivşünaslıq sahəsi üzrə — əlyazma şəklində saxlanılan bir çox mühüm not yazıları və sənədlər üzə çıxarılmış, rəqəmsallaşdırılmış və çap edilmişdir. Görkəmli bəstəkarlar Q. Qarayev, C. Hacıyev, F. Əmirov, Niyazi, Z. Bağırov, Ərtoğrul Cavid, Z. Hacıbəyov və musiqişünas M. S. İsmayılovun tarixi əhəmiyyət daşıyan not əlyazmaları və materialları elmi-nəzəri cəhətdən tədqiq edilərək elektron şəkildə ictimaiyyətə təqdim olunmuşdur.
Həyatı və təhsili İradə Köçərli 1956-cı il 11 sentyabrda anadan olmuşdur. 1963-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Musiqi tarixi və nəzəriyyəsi" fakültəsinə qəbul olunmuş və 1979-cu ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.
Fəaliyyəti Pedaqoji fəaliyyəti 1979–1981-ci illərdə Sumqayıt şəhərində S. Hacıbəyov adına Musiqi Texnikumunda, 1981–1989-cu illərdə A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikumunda müəllim vəzifəsində çalışmışdır. 1989–2022-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi-nəzəri fənləri tədris etmişdir.
Universitetdə müxtəlif vəzifələrdə – baş müəllim, dosent, kafedra müdiri, professor, eyni zamanda, Bədii Şura və Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Pedaqoji stajı 44 ildən çoxdur.
Elmi fəaliyyəti 1994-cü ildə "Azərbaycan xalq musiqi yaradıcılığında şikəstə" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə "Aşıq sənətində sinkretizm və sintez problemlərinin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2013-cü ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildən AAK-nın qərarı ilə professor elmi adını almışdır.
İ. Köçərlinin maraq dairəsi genişdir. O, Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələri, bəstəkarlıq məktəbinin nümayəndələri, musiqişünaslar və b. haqqında məqalə və oçerklərin müəllifidir. Ü. Hacıbəyli, M. Maqomayev, Bülbül, Ə. Eldarova, M. S. İsmayılov, A. Tağızadə, İ. Əfəndiyeva, Z. Səfərova, R. Məmmədova, Ş. Həsənova, K. Dadaşzadə və başqalarının həyat və yaradıcılığına həsr edilmiş yazılarla mətbuatda çıxış etmişdir.
Elmi rəhbərlik Çoxsaylı magistr dissertasiyalarına rəhbərlik etmiş, namizədlik dissertasiyaları və fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olmuşdur. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu üzrə üç doktorantın elmi rəhbəridir, İki doktorant artıq dissertasiyalarını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini almışlar.
Əmək fəaliyyəti 2000-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun "Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi" şöbəsində çalışır. 2014–2023-cü illərdə həmin şöbənin müdiri olmuşdur. Struktur dəyişikliyindən sonra şöbə "Musiqi folkloru" adını almış və İ. Köçərli onun müdiri olaraq indi fəaliyyətini davam etdirməkdədir.
Eyni zamanda "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Elmi əsərləri İradə Köçərli 3 monoqrafiya, 14 elmi kitab, 100-dən çox elmi məqalə, 30-dan artıq elmi məruzənin müəllifidir. O, həmçinin 10-dan artıq tədris proqramı və metodik göstərişin müəllifi və redaktorudur.
Seçilmiş monoqrafiya və kitabları Azərbaycan xalq musiqi yaradıcılığında "şikəstə" (2003) Azərbaycan bəstəkarlarının əsərlərində "şikəstə" (2003) Aşıq sənəti: musiqili-poetik janrlar (2010) Aşıq sənəti: sinkretizm və sintez problemləri (2010) Azərbaycan etnomusiqişünaslığı üzrə oçerklər (tərtibçi və məqalələr müəllifi) (Bakı-2017) M. S. İsmayılovun not əlyazmaları. "Reyhan" dastanı (Bakı-2018) C. Hacıyevin not əlyazmaları. "Qurbanı" dastanı (Bakı-2019) Z. Hacıbəyov və Azərbaycan musiqi folkloru (Bakı-2019) M. S. İsmayılovun not yazıları. Təsniflər. (Bakı-2020) M. S. İsmayılovun not yazıları. El oyun havaları (Bakı-2021) C. Hacıyev və M. S. İsmayılovun not əlyazmaları. Azərbaycan el havaları. Kağan dağlar (Bakı-2022) Niyazinin not əlyazmaları. Xalq mahnıları (Bakı-2023) Fikrət Əmirov və milli musiqi irsi (Bakı-2025) Cövdət Hacıyev. Azərbaycan xalq mahnıları əsasında "Səs və fortepiano üçün işləmələr" (Tərtibçi və həmmüəllif) (2025)
Tədris proqramları Azərbaycan xalq musiqisinin əsasları Azərbaycan xalq musiqi yaradıcılığı Azərbaycan xalq ifaçılıq sənəti tarixi Musiqi mənbəşünaslığı
Dərs vəsaitləri Aşıq sənəti: Xalq şeirinə bağlı musiqili-poetik havalar Aşıq sənəti: Klassik şeirlərə bağlı musiqili poetik havalar
Mükafatları 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan musiqişünasları