"Fəthül-Mubin" əməliyyatı (; ) — İran–İraq müharibəsi dövründə, 1982-ci ilin martında həyata keçirilmiş və Şuş döyüşü ilə nəticələnmiş irimiqyaslı İran hərbi əməliyyatı. General-leytenant Əli Səyyad Şirazinin rəhbərlik etdiyi bu əməliyyat dörd mərhələdə icra olunmuşdur.

Bəzi tədqiqatçılar bu əməliyyatın müharibədə bir dönüş nöqtəsi olduğunu və İraq qoşunlarının Xuzistan ostanından çıxarılması ilə nəticələndiyini qeyd etmişdilər. Digər müəlliflər, o cümlədən Efraim Karş isə bu əməliyyatın digər hərbi hərəkatlarla birlikdə İraq qoşunlarının İranın cənubundan sıxışdırılıb çıxarılmasına şərait yaratdığını irəli sürmüşdülər. Onun qənaətinə görə, 1982-ci ilin aprel-may aylarında davam edən "Beytül-Müqəddəs" əməliyyatı daha böyük təsirə malik olmuşdur, çünki bu gedişatda iranlılar strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Xürrəmşəhr şəhərini azad edə bilmişdilər.

Zəmin 22 sentyabr 1980-ci il tarixində Səddam Hüseyn Altıgünlük müharibədə ərəb hərbi hava qüvvələrinə qarşı İsrailin həyata keçirdiyi qəfil hava zərbələrinin uğurunu təkrarlamağa çalışmış, İranın hərbi hava qüvvələrini yerdəcə məhv etmək məqsədilə ölkənin aerodromlarına qarşı çoxsaylı hava hücumları təşkil etmişdir. Bu cəhd uğursuzluqla nəticələnmişdir, lakin Səddam Hüseyn İranda Ərvəndrud adlandırılan Şəttül-Ərəb su yolu üzərində İraqın tam dominantlığını təmin etmək hədəfindən əl çəkməmişdir. O, İranın cənub bölgəsinə diqqət yetirməklə bu ölkəyə qarşı quru işğalına başlamışdır.

İraq qoşunları ilkin mərhələdə uğur qazanaraq İranın mühüm şəhərlərindən olan Xürrəmşəhri ələ keçirə bilmişdir. İraqlılar Abadan şəhərini zəbt edə bilməmişdilər, İranın müdafiə xətlərinin yarılması nəticəsində Tehrana gedən yol açılmışdır.

Döyüş 22 mart 1982-ci il tarixində, İraqın hücumundan düz 18 ay sonra, iranlılar "Fəthül-Mubin" əməliyyatına başlamışdılar. Onlar İranın Şuş şəhərinin kənarında dayandırılmış İraq qüvvələrini mühasirəyə almaq üçün cinahlardan qısqacvari hərəkət etmək niyyətində idilər. Gənc İran Baş Qərargah rəisi, general-leytenant Əli Səyyad Şirazinin komandanlığı altında iranlılar martın 22-nə keçən gecə zirehli texnika ilə hücuma keçmiş, ardınca isə hər biri təxminən 1000 döyüşçüdən ibarət olan "Pasdaran" (İslam İnqilabı Keşikçiləri Korpusu) və "Bəsic" briqadalarının aramsız canlı qüvvə dalğaları ilə hücumlarını davam etdirmişdilər.

İran qüvvələri cəbhə xəttində möhkəmlənmiş, həmçinin xeyli sayda tank, artilleriya və hava dəstəyinə malik olan İraq ordusu ilə mübarizə aparmaq məcburiyyətində idilər. Buna baxmayaraq, iranlılar İraq qüvvələrinə qarşı hücum tempini qoruyub saxlamış və İraq ordusunun ağır itkilər verməsindən sonra, martın 28-də Səddam Hüseyn geri çəkilmək əmri vermişdir.

Nəticəsi İraqın əməliyyatlarda itkiləri 8000 nəfər öldürülməsi və 10.000-20.000 nəfərin əsir götürülməsindən ibarət olmuşdur. Bundan əlavə, 361 tank, PDM və BTR, 18 təyyarə, 300 nəqliyyat vasitəsi, 50 artilleriya qurğusu və 30 mühəndislik maşını məhv edilmişdir. Həmçinin, 150 tank, 170 BTR, 500 nəqliyyat vasitəsi, bir neçə SA-6 raketi, bir neçə yer-yer raketi, 165 artilleriya qurğusu (182 mm, 130 mm, 152 mm) və 50 mühəndislik maşını ələ keçirilmişdir. İran tərəfində 4000 nəfər həlak olmuş və 12000 nəfər yaralanmış, həmçinin 196 tank və təxminən 200 BTR məhv edilmişdir.

"Tariqül-Qüds" və "Beytül-Müqəddəs" əməliyyatı əməliyyatları ilə birlikdə, iranlılar İraq qüvvələrini İranın cənubundan çıxarmağa müvəffəq olmuşdular. Xuzistanın yenidən ələ keçirilməsi üçün həyata keçirilən bu genişmiqyaslı hərbi fəaliyyət haqlı olaraq müharibənin dönüş nöqtəsi hesab olunur. İranlılar İran–İraq müharibəsinin ilkin mərhələlərində İraq silahlı qüvvələrinin əldə etdiyi nailiyyətləri geri qaytarmaq barədə öz qarşılarında duran əsas məqsədə nail olmuşdular. Bu uğurdan sonra İran parlamentinin sədri Əkbər Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi İran mühafizəkarları hərbi əməliyyatların İraq ərazisinə doğru genişləndirilməsini müdafiə etmişdilər. Nəticədə onlar öz istəklərinə nail olmuş və iranlılar ərazi işğal etmək məqsədilə bir neçə əməliyyata başlamışdılar.

Buna baxmayaraq, iranlılar İran ərazisində İraq qoşunlarına qarşı qələbə qazanmaq üçün müxtəlif qoşun növlərinin birgə fəaliyyətindən uğurla istifadə etdikləri halda, İraq daxilində zəif təlim keçmiş, yüngül silahlanmış və qeyri-kafi maddi-texniki təminata malik "Pasdaran" və "Bəsic" hissələrinin dəstəksiz canlı qüvvə dalğalarına əsaslanan hücum taktikasına bel bağlamışdılar.

İraqlılar İrandan geri çəkildikdən sonra nəticədə öz silahlı qüvvələrini yenidən nizamlayaraq sabitləşdirmişdilər. Bu səbəbdən iranlılar yenidən güclənmiş İraq ordusuna qarşı qətiyyətli, lakin nəticəsiz qalan hücumlarını davam etdirə bilməmişdilər. İraq bu dövrdə həm Amerika Birləşmiş Ştatları, həm də Sovet İttifaqı tərəfindən dəstəklənirdi, çünki hər iki güc Səddam Hüseyn rejimini Ruhulla Xomeyni rejimindən daha məqbul bir variant kimi dəyərləndirirdi.

İstinadlar

Kateqoriya:1982-ci ildə İran Kateqoriya:İran-İraq müharibəsi Kateqoriya:İranın hərbi əməliyyatları