"Making Your Mind Up" — musiqisi Con Danter, mətni isə Endi Hill tərəfindən yazılmış, Böyük Britaniyanın "Bucks Fizz" pop-qrupu tərəfindən ifa olunmuş mahnı. 1981-ci ilin mart ayında işıq üzü görən bu kompozisiya, cəmi iki ay əvvəl yaradılmış "Bucks Fizz" qrupunun debüt sinqlı olmuşdur. Mahnı Dublin şəhərində keçirilən 1981-ci il Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmiş və qalib gəlmişdir.

Yaranması 1980-ci ilin sonlarında bəstəkar Endi Hill növbəti il keçiriləcək "A Song for Europe" yarışmasının finalına qatılmaq niyyəti ilə "Making Your Mind Up" mahnısını yazmışdır. Onun həmin dövrdəki sevgilisi, müğənni və musiqi naşiri olan Nikola Martin ilə birlikdə çalışarkən, Martin onu musiqiçi Con Danter ilə əməkdaşlığa sövq etmişdir. Bu addım Danterin Martinin nəşriyyat şirkəti ilə müqavilə imzalaması və beləliklə, mahnının hüquqlarının yarısına sahib olması məqsədilə atılmışdır, çünki Hill artıq başqa bir naşirlə müqavilə bağlamışdı. Bununla belə, Martin mahnının əsasən Hillin bəstəsi olduğunu və Danterin bəstəkarlıq fəaliyyətinə töhfəsinin minimal olduğunu iddia etmişdir. 1980-ci ilin oktyabr ayında Hill Martin və Martinin əvvəllər birlikdə çalışdığı müğənni Mayk Nolanın vokalları ilə mahnının demo versiyasının yazılışına başlanılmışdır. Dekabr ayında kompozisiya 591 müraciət arasından seçilərək müsabiqədə iştirak edəcək səkkiz mahnıdan biri olmuşdur. Bu zaman Martin yarışmada mahnını ifa etmək üçün təcili olaraq qrup toplamaq zərurətini anlamış və Nolan ilə öz ətrafında yeni heyət formalaşdırmağa başlamışdır. Mahnı artıq "Bucks Fizz" adı altında qeydiyyatdan keçdiyi üçün Martin və qrupun gələcək meneceri Cill Şirli heyətə Şeril Beyker, Bobbi Ci və Cey Astonu dəvət etmiş, Martin özü isə heyətdən ayrılmışdır. Bu kompozisiya Hill və Danterin Martin və Hill tərəfindən "Gem" adı altında ifa olunan digər bir bəstəsi — "Have You Ever Been in Love" mahnısı ilə paralel olaraq səslənmişdir."Beauty and brains behind Bucks Fizz”, David Wigg, Daily Express, 15 June 1981

Martin və Şirli "RCA Records" şirkəti ilə müqavilə bağlamış, Hill isə mahnının və onun b-tərəfinin yazılışı üçün Londonun "Mayfair Studios" studiyasında bir həftə keçirmişdir. Səsyazmada bek-vokalı Alan Karvell ifa etmiş və o, sonradan Avroviziya səhnəsində qrupu müşayiət edən iki bek-vokalçıdan biri olmuşdur. Mahnı, müğənni Lulunun qardaşı və bəstəkar Billi Lourinin sahib olduğu birillik "Paper Music" nəşriyyat şirkəti tərəfindən müştərək şəkildə nəşr edilmişdir. "Hot Gossip" rəqs qrupunun keçmiş üzvü olan xoreoqraf Krissi Uikhəm qrupla birlikdə iki gün ərzində rəqs nömrəsi üzərində çalışmışdır. Mahnının mətni, əsas etibarilə, dərin bir məna kəsb etməsə də, burada ciddi bir münasibət barədə qəti qərarın verilməsindən bəhs olunduğu iddia edilə bilər.The Bucks Fizz Story Glassbeach Media - DVD documentary

Avroviziya 11 mart 1981-ci il tarixində "Bucks Fizz" qrupu "Making Your Mind Up" mahnısını 26-cı Avroviziya Mahnı Müsabiqəsi üçün Böyük Britaniyanın mahnı və ifaçısını seçmək məqsədilə Britaniya Yayım Korporasiyası (BBC) tərəfindən təşkil olunmuş "A Song for Europe 1981" milli seçim yarışmasında ifa etmişdir. Müsabiqənin favoritləri sayılan "Liquid Gold" qrupu ilə rəqabətə baxmayaraq, mahnı asanlıqla qalib gələrək Böyük Britaniyanın "Avroviziya" təmsilçisi olmuşdur.Eurovision Song Contest Serbia 2008 | Eurovision Song Contest 1981 participants

Bu mərhələdən sonra qrup mahnını Böyük Britaniya miqyasında fəal şəkildə təbliğ etməyə başlamış, o cümlədən "Top of the Pops" şousunda çıxış etmişdir. Sinql Britaniya hit-paradına 24-cü pillədən daxil olmuş, növbəti həftə isə beşinci pilləyə yüksəlmişdir. Martinin xatirələrinə görə, "RCA Records" şirkəti başlanğıcda qrupa qarşı kifayət qədər laqeyd yanaşmış, hətta sinqlı Böyük Britaniyada fotoşəkilsiz, sadə üzlüklə buraxmışdır, lakin mahnı hit-paradlara daxil olan kimi onların münasibəti kəskin şəkildə dəyişmiş və hələ "Avroviziya"da qələbə qazanılmazdan əvvəl albom buraxmağa razılıq verilmişdir. BBC əvvəlki illərdə olduğu kimi, Avroviziyanın nümayiş çarxları üçün promo-video lentə almışdır. Videoda qrupun Londonda yerləşən "Harrods" univermağında gəzişməsi təsvir olunur. Digər keçmiş nümayiş çarxlarına uyğun olaraq, qrup üzvləri videoda mahnının sözlərini ağız hərəkətləri ilə sinxronlaşdırmışdılar. Bu video heç bir rəsmi "Bucks Fizz" video materialında və ya DVD-də yayımlanmamış, adətən qrupun "Top of the Pops" şousundakı ilk çıxışı ilə əvəzlənmişdir.

4 aprel 1981-ci il tarixində Dublin şəhərindəki "RDS Simmonscourt" arenasında "Radio Telefís Éireann" (RTÉ) tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. "Bucks Fizz" qrupu "Making Your Mind Up" mahnısını həmin gecə on dördüncü nömrə altında ifa etmişdir. Müsabiqədə canlı orkestrə Con Koulman dirijorluq etmişdir. Səsvermə prosesi boyunca müxtəlif mərhələlərdə azı beş fərqli mahnının liderlik etdiyi gərgin mübarizədə "Making Your Mind Up" kompozisiyası 136 xal toplayaraq, ikinci yeri tutan Almaniyanı cəmi dörd xallıq fərqlə qabaqlamış və qələbə qazanmışdır.

Mahnı bir çox "Avroviziya" pərəstişkarları tərəfindən rəğbətlə qarşılanır və adətən müsabiqənin klassik pop mahnısı nümunəsi hesab olunur. Bununla belə, qrupun canlı ifasına münasibət o qədər də müsbət olmamış, ifanın qeyri-təbii səslənməsi iştirakçıların vokal bacarıqlarına görə deyil, daha çox xarici görnüşlərinə görə seçildiyi barədə tənqidlərə yol açmışdır. Bundan əlavə, çıxış zamanı qrupun iki kişi üzvünün iki qadın ifaçının uzun ətəklərini çıxararaq altından daha qısa ətəkləri üzə çıxardığı diqqətçəkən an yaddaşlarda dərin iz qoymuşdur. Bu bədii gedişin səsvermənin nəticəsini qrupun xeyrinə dəyişdirdiyi və müsabiqə tarixinin həlledici məqamlarından birinə çevrildiyi qəbul olunur. Qrup üzvü Şeril Beyker sonradan zəif çıxışları barədə danışarkən, həyəcan səbəbindən mahnını digər üzvlərə nisbətən daha yüksək tonda ifa etdiyini bildirmişdir. Mayk Nolan isə həmin gecə mikrofonların qarışdığını, Beyker və Cey Astonun daha yüksək səsli aparıcı mikrofonlarda oxuduqlarını qeyd etmişdir.

İstinadlar

Kateqoriya:1981-ci ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar