Süni intellekt millətçiliyi () dövlətlərin öz maraqlarını irəli aparmaq və texnoloji suverenliklərini təmin etmək məqsədilə süni intellekt texnologiyalarını müstəqil şəkildə inkişaf etdirməli və onlara nəzarət etməli olduqlarını irəli sürən anlayışdır. Bu konsepsiya qlobal miqyasda getdikcə daha çox dəstək qazanır və nəticədə ölkələr yeni qanunlar qəbul edir, strateji tərəfdaşlıqlar yaradır və yerli süni intellekt imkanlarının inkişafına əhəmiyyətli investisiyalar yatırırlar.
Qlobal tendensiyalar və milli strategiyalar
2018-ci ildə britaniyalı texnologiya investoru Ian Hogarth AI Nationalism adlı nüfuzlu esseni dərc etmişdir. O, süni intellektin imkanları artdıqca və iqtisadi-hərbi əhəmiyyəti genişləndikcə hökumətlərin yerli süni intellekt sənayesini gücləndirmək üçün tədbirlər görəcəyini irəli sürmüşdür. O, həmçinin maşın öyrənməsi sistemlərinin inkişafının özünün "süni intellekt millətçiliyi" adlandırdığı prosesə gətirib çıxaracağını proqnozlaşdırmışdır. Hoqart hesab edirdi ki, süni intellektin yüksəlişi qlobal silahlanma yarışını sürətləndirəcək, daha qapalı iqtisadiyyatlara, xarici birləşmə və satınalmalara məhdudiyyətlərin tətbiqinə və ixtisaslı kadrların hərəkətinin məhdudlaşdırılmasına səbəb olacaqdır. O, həmçinin süni intellekt siyasətinin hökumətlərin gündəliyində əsas mövzulardan birinə çevriləcəyini proqnozlaşdırmışdır. Hoqart Böyük Britaniyanın süni intellekt strategiyasını da tənqid edərək, Londonda yerləşən və aparıcı süni intellekt laboratoriyalarından biri olan DeepMind şirkətinin 2014-cü ildə cəmi 400 milyon funt sterlinq qarşılığında Google tərəfindən alınmasını mühüm strateji səhv kimi qiymətləndirmişdir.
Süni intellekt millətçiliyi əsasən süni intellekt silahlanma yarışı ilə bağlı artan ritorikada öz əksini tapır. Bu yanaşmaya görə, süni intellektin inkişafı sıfır cəmlı oyun kimi qiymətləndirilir və qalib gələn tərəf mühüm iqtisadi, siyasi və hərbi üstünlüklər əldə edir. 2017-ci ildə Pentaqonun hesabatında qeyd olunduğu kimi, süni intellekt texnologiyalarının paylaşılması texnoloji üstünlükün zəifləməsinə və rəqiblərin imkanlarının artmasına səbəb ola bilər. Bu "qalib hər şeyi qazanır" düşüncəsi təhlükəsiz olmayan süni intellekt inkişafı, geosiyasi gərginliyin artması və mümkün hərbi aqressiya (məsələn, kiberhücumlar və ya süni intellekt mütəxəssislərinin hədəfə alınması) kimi risklər yaradır.
Kanada, Fransa və Hindistan da daxil olmaqla bir sıra ölkələr süni intellekt sahəsində mövqelərini gücləndirmək məqsədilə milli strategiyalar hazırlamışdır. Qlobal süni intellekt sahəsində aparıcı ölkələrdən biri olan ABŞ Çinin strateji əhəmiyyətli mikroçiplərə çıxışını məhdudlaşdıran ticarət siyasətləri qəbul etmişdir. Bu addımlar texnoloji üstünlüyün qorunmasına yönəlmiş strategiyanın tərkib hissəsi hesab olunur. ABŞ-nin National Security Commission on Artificial Intelligence (NSCAI) süni intellektin inkişafını ölkənin uğuru üçün həlledici olan daha geniş texnoloji rəqabətin əsas elementi kimi qiymətləndirir. Komissiya strateji üstünlüyün qorunması üçün ABŞ-nin süni intellekt sahəsində Çini qabaqlamasının vacibliyini vurğulayır ki, bu da geosiyasi gücü birbaşa süni intellektdəki irəliləyişlə əlaqələndirən süni intellekt millətçiliyinin təzahürü hesab edilir.
Fransada xüsusilə startaplara, əsasən də dil texnologiyaları üzrə fəaliyyət göstərən və fransız dili ilə yanaşı digər ingilis dili olmayan dillərə xidmət edən şirkətlərə dövlət tərəfindən əhəmiyyətli dəstək göstərilmişdir. Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman süni intellekt üzrə tədqiqat və inkişaf fəaliyyətlərinə milyardlarla dollar sərmayə yatırır. Ölkə özünü aparıcı süni intellekt mərkəzinə çevirmək məqsədilə Amazon, IBM və Microsoft kimi iri texnologiya şirkətləri ilə fəal əməkdaşlıq edir.
Tarixi və mədəni kontekst
Süni intellekt millətçiliyi tarixi irqçilik və imperializm ilə sıx bağlı hesab edilir. Bu yanaşma yalnız texnoloji rəqabət deyil, həm də irqi və sivilizasiya üstünlüyü uğrunda mübarizə kimi qiymətləndirilir. Tarixən texnoloji nailiyyətlər müstəmləkəçilik və irqi iyerarxiyaların əsaslandırılması üçün istifadə olunmuş, Qərb cəmiyyətləri öz texnoloji inkişaflarını üstünlüklərinin sübutu kimi təqdim etmişlər. Süni intellekt kontekstində də bu tarixi yanaşmanın zəka və inkişaf haqqında təsəvvürlərə təsir göstərdiyi bildirilir. Bəzi tədqiqatçılar hesab edirlər ki, süni intellekt millətçiliyi xüsusilə Qərb dünyası ilə Çin arasında əsaslı sivilizasiya fərqləri ideyasını möhkəmləndirir. Bu baxış Çinin süni intellekt sahəsində irəliləyişini Qərb dəyərləri üçün birbaşa çağırış kimi təqdim edir və rəqabəti dəyərlər uğrunda mübarizə kimi qiymətləndirir. Bildirilir ki, süni intellekt millətçiliyi "Sarı təhlükə" kimi uzunmüddətli anti-Asiya stereotiplərinə əsaslanır və Asiya ölkələrini Qərb sivilizasiyası üçün təhlükə kimi təsvir edir. Bu yanaşma Asiyanın texnoloji inkişafını dehumanizasiya və sünilik anlayışları ilə əlaqələndirərək Çinin qlobal texnologiya sahəsində artan roluna dair davamlı narahatlıqları əks etdirir.
Təsirləri
Süni intellekt millətçiliyi internetin parçalanması istiqamətində daha geniş tendensiyanın bir hissəsi hesab olunur. Bu şəraitdə rəqəmsal xidmətlər getdikcə daha çox yerli qanunvericilik və milli maraqlardan asılı olur. Nəticədə insanların gündəlik həyatında süni intellektin təsiri onların coğrafi yerləşməsindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənə bilən yeni texnoloji mühit formalaşır.
J. Paul Goode hesab edir ki, süni intellekt millətçiliyi mədəni qərəzləri özündə əks etdirən sistemlərin inkişafını təşviq etməklə cəmiyyətdə mövcud olan parçalanmaları daha da dərinləşdirə, bəzi qruplara üstünlük verərkən digərlərini əlverişsiz vəziyyətə sala bilər.
Həmçinin bax Artificial Intelligence Cold War Kosmik yarış Texno-millətçilik Texnoloji eskalasiya Texnoloji suverenlik
İstinadlar
Kateqoriya:Süni intellekt