Elmir Abbasov (tam adı: Elmir Ağababa oğlu Abbasov; ) — azərbaycanlı ictimai fəal, media işçisi və siyasi məhbus; 2015-ci ildən "NİDA" Vətəndaş Hərəkatının üzvüdür, 2021-2023-cü illərdə hərəkatın İdarə Heyətində təmsil olunmuşdur. İctimai fəaliyyəti ərzində dəfələrlə saxlanmış, üç dəfə isə həbs olunmuşdur.

"Toplum TV"-də sosial media meneceri olaraq çalışmış, 2024-cü ilin martında cinayət məsuliyyətinə cəlb olunmuş, 2026-ci ilin iyulunda isə 12 il müddətə azadlıqdan məhrum olunaraq məhkəmə zalındaca həbs edilmişdir. Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Elmir Abbasov və digərlərinin həbsini siyasi adlandıraraq pisləmiş və Azərbaycan hakimiyyətini onları dərhal azad etməyə çağırmışdır.

2026-cı ilin iyulundan Bakı İstintaq Təcridxanasında saxlanılır.

Həyatı Elmir Abbasov 20 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub.

2012-2018-ci illərdə Kastamonu Universitetində təhsil alıb.

2018-ci ildə Azərbaycana qayıdıb və ictimai-siyasi proseslərə qoşulub.

İctimai fəaliyyəti Elmir Abbasov 2015-ci ildən "NİDA" Vətəndaş Hərəkatının üzvüdür. 2021-2023-cü illərdə NİDA VH İdarə Heyətinin üzvü olub.

2019-cu ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Gənc Liderlik təlimləri proqramını, 2022-ci ildə isə Siyasi Menecment İnstitutunun Siyasi idarəetmə təlimləri proqramını bitirib.

Elmir Abbasov 2021-ci il, fevralın 19-da Sumqayıt şəhərində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparılmışdır. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin saxlanılması) maddəsi ilə protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyevin 20 fevral 2021-ci il tarixli qərarı ilə Elmir Abbasov 30 gün müddətə inzibati həbs cəzası almışdır. 3 mart 2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Elmir Abbasovun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilmişdir. Azadlığa çıxdıqdan sonra Elmir Abbasov "Amerikanın Səsi"nə həbsini belə şərh etmişdir: "Fevralın 19-da Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında bir neçə mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə aparıldım. Burada məni Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rauf Babaşov qəbul etdi və "sosial şəbəkələrdə hakimiyyəti tənqid edən postlar paylaşmamaqla" bağlı profilaktik söhbət apardı. Mən fevralın 16-da "facebook" hesabımda Azərbaycan Prezidenti İlham Əliyev, nazirləri və məmurları sərt tənqid edən post paylaşmışdım, buna görə məni idarəyə gətirdilər. Otaqdan çıxanda polislərdən birinin cibimə selofan torba atdığını hiss etdim. Daha sonra üstümə baxış keçirərkən həmin selofan torbanı "tapdılar" və məni qanunsuz olaraq 0.315 qram tiryək saxlamada ittiham edib həbs etdilər", deyə Abbasov bildirmişdir.

Elmir Abbasov 2021-ci il, iyulun 15-də və avqustun 6-da küçədən toplanan itlərin məhv edilməsinə etiraz olaraq “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin qarşısında və Fəvvavələr meydanında keçirilən aksiyalarda saxlanılmışdır.

2021-ci il, oktyabrın 13-də "NİDA" Vətəndaş Hərəkatı və "D18" Hərəkatı hakim Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının qarşısında "Respublika Günü"nün adının dəyişdirilməsinə etiraz olaraq aksiya keçirmişdilər. Aksiya zamanı saxlanılan Elmir Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin qərarı ilə o, 30 gün müddətə inzibati həbs cəzası almışdır.

14 may 2022-ci ildə Fəvvavələr meydanında keçirilən "Kriminal Dövlət İstəmirik!" aksiyasının təşkilatçılarından olmuşdur.

21 iyun 2023-cü ildə Elmir Abbasov axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama) maddələri protokol tərtib edilmiş və iyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə 20 müddətə inzibati həbs cəzası almışdır. "NİDA" VH və müdafiəçisi Zibeydə Sadıqovanın sözlərinə görə Abbasovun həbsinin əsl səbəbi bir neçə gün əvvəl "facebook" hesabında Söyüdlü hadisələri zamanı sakinlərə qarşı pis rəftar göstərən polislərlə bağlı tənqidi post paylaşaraq "bu polislər əxlaqsız insandılar" ifadələri yazması olmuşdur.

Elmir Abbasov 2023-cü ildən "Toplum TV"-də sosial media meneceri (SMM) olaraq çalışmışdır.

Cinayət təqibi və həbs edilməsi

6 mart 2024-cü ildə Daxili İşlər Nazirliyi Demokratik Təşəbbüslər İnstitutunun (IDI) və "Toplum TV" internet televiziyasının ofisində axtarış aparmışdır. Nəticədə, "Toplum TV"nin video redaktoru Müşfiq Cabbarov, reportyor Fərid İsmayılov və sosial media meneceri Elmir Abbasov da daxil olmaqla daha altı nəfər təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bildirilmişdir ki, Elmir Abbasovun yaşadığı mənzildə 2700 avro məbləğində nağd pul tapılmışdır. Abbasov və onun müdafiəçisi Elçin Sadıqov bildirmişdir ki, həmin pul ona məxsus deyil və polis tərəfindən mənzilə atılıb. "Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bu axtarışları və saxlanılmaları media azadlığının boğulması olaraq qiymətləndirmişdir. Daha sonra Abbasov Bakı Şəhər Baş Polis İdarəsinə aparılmış və ondan ifadə alınmışdır. 8 martda Elmir Abbasov sərbəst buraxılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq 2025-ci il, yanvarın 22-də başa çatmışdır. Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaq çərçivəsində Elmir Abbasov və digər 8 nəfərə Cinayət Məcəlləsinin 162–1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193–1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergiləri ödəməkdən yayınma) maddələri ilə üzrə yeni ittihamlar irəli sürülmüşdür.

27 iyul 2026-cı ildə "Toplum TV işi" üzrə məhkəmə araşdırması başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxslərə hökm oxunmuşdur. Hökmə əsasən Elmir Abbasov 12 il müddətə azadlıqdan məhrum edilmiş və məhkəmə zalındaca həbs olunaraq Bakı İstintaq Təcridxanasına aparılmışdır.

Beynəlxalq Jurnalistlər Federasiyası və Sərhədsiz Reportyorlar da daxil olmaqla bir sıra beynəlxalq media və insan hüquqları təşkilatları bu həbsləri və hökmü qınamış, həbs edilənlərin dərhal azadlığa buraxılmasını tələb etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycanlı siyasi məhbuslar Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:XXI əsr Azərbaycan şəxsləri