Süleyman ibn Hişam (; ) — hərbi lider, Hişam ibn Əbdülməlikin oğlu.

Həyatı

Ailəsi Doğum tarixi naməlumdur. Atası Əməvi xəlifəsi Hişam, anası isə Ümmü Hakimdir. Mənbələrdə həyat yoldaşının Cəfər ibn Əbu Talibin nəvəsi Rəmlə bint Məhəmməd olduğu qeyd olunur.

Təhsili İbn Əsakir onun Əta ibn Səib, Zöhri və Qətadəyə suallar ünvanladığını (dərslər aldığını) və şeirlər yazdığını bildirmişdir.

Hişam ibn Əbdülməlik dövrü O, atası Hişam ibn Əbdülməlikin xəlifəlik illərində həcc əmiri təyin edilmiş və Bizans imperiyasına qarşı hərbi yürüşlərdə iştirak etmişdir. Bu dövrdə Süleyman, qardaşı Müaviyə ibn Hişam ilə birlikdə bir çox yeri ələ keçirməyi bacarmışdır.

II Vəlid dövrü II Vəlid ibn Yezid dövründə o, müxtəlif təzyiqlərə məruz qalaraq həbs olunmuş, əmlakı müsadirə edilmiş və Ammanda həbsdə saxlanılmışdır.

II Vəlidin Süleymana qarşı sərt davranışının səbəbləri haqqında müxtəif məlumatlar vardır. Bir mənbəyə görə, bunun səbəbi Süleymanın, atası Hişamı II Vəlidi sərt bir şəkildə tənqid etməsi, onun vəliəhdlikdən azad edilməsi və hətta aradan götürülməsi istiqamətində yönləndirməsi olmuşdur. Bir digər mənbəyə görə isə Süleymanın Hişam dövründə əldə etdiyi hərbi uğurlar və sülalə daxilindəki nüfuzu II Vəlidi narahat etmiş, onun II Vəlid tərəfindən təzyiqlərə məruz qalmasına səbəb olmuşdur.

III Yezid dövrü III Yezid ibn Vəlidin hakimiyyəti dövründə azadlığa çıxan Süleyman, əvvəlki nüfuzunu bərpa etmiş və III Yezidə beyət edərək ona sadiq olduğunu bildirmişdir. Bunu müqabilində III Yezid, Süleymanı mükafatlandırmış və bacısı Ümmü Hişam bint Hişam ilə evləndirmişdir. Bundan sonra Süleyman ilə Həccac ibn Hişam ilə birlikdə III Yezid tərəfindən Hümsdəki üsyanı yatırmaq üçün bölgəyə göndərilmişdir. Süleyman Əbdüləziz ibn Həccacın köməyi ilə hümslüləri məğlub etmiş və üsyanı yatırmışdır.

Bu dövrdə baş vermiş ikinci mühüm üsyan Fələstin və İordaniya üsyanlarıdır. Süleyman bu üsyanları da yatırmağı bacarmışdır.

İbrahim dövrü III Yezidin ölümündən sonra qardaşı İbrahim ibn Vəlid xəlifə elan edilmişdir. İbrahimin xəlifəlik illərində Mərvan üsyan qaldırmış və 80 minlik ordu toplamağı bacarmışdır. 120 minlik ordu ilə bölgəyə göndərilən Süleyman, Bəəlbəkdəki Eynül-Cərr adlı yerdə düşərgə qurmuşdur. Baş verən döyüşdə Süleyman məğlub olmuş və Dəməşqə çəkilmək məcburiyyətində qalmışdır. Mərvanın Dəməşqə daxil olmasından sonra Süleyman ilə xəlifə İbrahim şəhərdən qaçmışdır. Daha sonra Mərvanın hüzuruna çıxaraq ondan bağışlanma istəmiş, Mərvan da onları bağışlamışdır.

II Mərvan dövrü II Mərvan ibn Məhəmməd xəlifə olduqdan sonra Dəhhak ibn Qeys üsyan qaldırmışdır. Vəziyyətdən istifadə edən Süleyman Eynül-Cərrdəki məğlubiyyətin əvəzini çıxmaq məqsədilə II Mərvana qarşı üsyan qaldırmış, lakin məğlub olaraq Dəhhaq ibn Qeysə sığınmaq məcburiyyətində qalmışdır. Lakin bu gedişin heç bir faydası olmamış Dəhhaq ibn Qeys öldürülmüş, Süleyman isə döyüşlərində birində əsir götürülmüşdür.

Bundan sonra Süleyman ailəsi və silahdaşları ilə birlikdə gəmilərlə Sində göndərilmişdir.

Süleymanın müxalifəti qarşısında çıxılmaz vəziyyətdə qalan II Mərvan, həddindən artıq zorakılıqlara əl atmışdır. Bu da Suriya və İraq əhalisində böyük narazılığa səbəb olmuş, Əməvilərin xalq dəstəyini tamamilə itirməsinə və legitimlik əsasını itirən dövlətin Abbasilər qarşısında müqavimət göstərə bilməyərək sürətlə süqut etməsinə zəmin hazırlamışdır.

Səffah dövrü və ölümü Abbasilərin hakimiyyəti ələ keçirməsindən sonra Sinddən İraqa qayıdan Süleyman, bir müddət Səffahın himayəsində yaşadıqdan sonra Əbu Müslüm və onun muzdlu şairi Südeyf ibn Meymunun təkidlərindən sonra Səffah tərəfindən, iki oğlu ilə birlikdə edam edilmişdir (132/749 və ya 750).

Onun və Mənsur ibn Cümhurun birlikdə dəniz yolu ilə Hindistana qaçdıqları və orada öldükləri də söylənmişdir. Mənbələrdə isə onun Səffahın yanında öldürüldüyü rəvayəti daha çox yer almışdır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri