Azər Mirzə oğlu Qasımlı () — texnika elmləri doktoru, professor.
Həyatı Azər Qasımlı 1936-cı il martın 2-də Bakıda anadan olmuşdur. Atası müharibədə həlak olandan sonra ailə vəziyyətinin çətinliyini nəzərə alaraq, VII sinifdən axşam fəhlə-gənclər məktəbinə keçərək, 1950–52-ci illər mətbəədə, 1952–54-cü illər AEA-nın Neft Ekspedisiyasında "lay sistemlərinin termodinamikası" laboratoriyasında laborant vəzifəsində işləmişdir.
1954-cü ildə ADU –nun geoloji fak-nin əyani şöbəsinə daxil olaraq, oranı "Neft-qaz yataqlarının geologiyası" ixtisası üzrə bitirmişdir.
1960-cı ildən 2001-ci ilə kimi AEA- nın "Dərin neft və qaz yataqlarının problemləri" İnstitutunda texnik, kiçik, böyük, aparıcı elmi işçi və sektor müdiri vəzifələrində çalışmışdır.
1970-ci ildə "Neftin məsaməli mühitdən yüksək təzyiq və temperatura malik isti su vasitəsilə sıxışdırılmasının eksperimental tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi, 1971-ci ildə isə böyük elmi işçi attestatını almışdır.
A. M. Qasımlı 1972–75-ci illər Əlcəzair Xalq Demokratik Respublikasında "Lay flüidlərinin fizikası" üzrə ekspert vəzifəsində çalışaraq, Afrikanın ən böyük neft yatağı olan "Hacı Messaud yatağının neftinin, qazının və suyunun fiziki-kimyəvi xassələri və yataq üzrə paylanma qanunauyğunluğu" adlı monoqrafiya yazmışdır.
1986–89-cu illər Vyetnam DNQETL İnstitutunda "Lay fizikası" üzrə laboratoriya müdiri vəzifəsində çalışaraq, İnstitutda "Lay fizikası" laboratoriyası yaratmış, 10-dan artıq Vyetnamlı gənc hazırlamış, onlar üşün "Təlimat", "Metodika" yazmış, birlikdə 4 səmərələşdirici təklif vermiş, 1 patent almış və "Day Khi" jurnalında 3 məqalə nəşr etdirmişdir. Nəticədə Vyetnamın "Dostluq" ordeni ilə təltif edilmiş və Vunqtau şəhərinin fəxri vətəndaşı seçilmişdir.
2001–2014-cü illər AzNSETLİ-də, indiki "Neftqazelmitədqiqatlayihə" İnstitutunda "Layların neftveriminin artırılması" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Bu illər ərzində onun rəhbərliyi ilə 10 elmi-tədqiqat mövzusu işlənərək, "Azneft İstehsalat Birliyi"-nin yataqlarında tətbiq olunmuşdur.
2006-cı ildə "Ehtiyatı çətin çıxarılan layların neftveriminin artırılmasının elmi- təcrübi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiyə edərək, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
A. Qasımlının elmi axtarışları əsasən neft yataqlarının işlənilməsinə aid olsa da, onlar ixtisasın geniş ölçüdə bir çox məsələlərini əhatə edir. Nəşr edilmiş elmi işlərindən aydın olur ki, onun tərəfindən lay flüidlərinin və süxurların fiziki və fiziki-kimyəvi xüsusiyyətləri müxtəlif geoloji-fiziki şəraitlərdə eksperimental yolla tədqiq edilmiş; süxurların qeyri-bircinsliyini və mineroloji tərkibini nəzərə almaqla, yüksək özlüklü və qeyri-Nyüton neftlərin sıxışdırılması mexanizmini tədqiq edərək, kiçik keçiriciliyə malik süxurların neftveriminə böyük diqqət yetirmiş, durğun zonaların əmələ gəlməsi, onlara quyuların interferensiyasının və neftlərin reoloji xüsusiyyətlərinin təsiri, bu zonaların işlənməyə cəlb olunmaları, kimyəvi reagentlərdən istifadə olunması və çətin çıxarıla bilən ehtiyata malik layların neftvermə effektliyini artırmaq məqsədilə kompozisiyaların işlənilməsi, hörizontal quyulardan istifadənin, onların layın tavan və ya dabanına yaxın yerləşməsinin neftveriminə təsiri və s. məsələlər tədqiq edilmişdir.
Apardığı çoxillik tədqiqatların nəticəsi olaraq neft yataqlarının işlənməsinin fiziki-kimyəvi əsaslarının bir sıra mühüm problemləri araşdırılmış, yataqların neft veriminin artırılmasının yeni üsulları işlənib hazırlanmış və təkmilləşdirilmişdir.
Tədqiqatlardan aldığı nəticələr Kürovdaq, Balaxanı-Sabunçu-Ramana, Pirallahı, Bibiheybət, Qaradağ və Siyəzən yataqlarında onun rəhbərliyi və iştirakı ilə tətbiq edilərək, on min tonlarla əlavə neft hasil edilmiş və laydan quyuya axan suyun miqdarı xeyli azalmışdır.
Yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da əməyi vardır, dörd elmlər namizədi hazırlamışdır. 165 elmi işin, 2 monoqrafiyanın, 1 kitabın, 4 müəlliflik şəadətnaməsinin, 9 patentin, 6 metodik göstəricilərin müəllifidir. 2009–2014-cü illər ADNA-nın nəzdindəki D02.141 Dissertasiya Şurasının üzvü olmuşdur.
Neft elminin inkişafı yolunda gördüyü işlərin nəticəsi olaraq, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2015-ci ildən "NQGP və Kimya" ETİ-də baş elmi işçi vəzifəsində çalışır.
İstinadlar