Kompüter işgüzar oyunu (KİO) — müəyyən edilmiş qaydalara əsasən təsərrüfat prosesini və reallığa yaxınlaşdırılmış digər vəziyyətləri təsvir edən riyazi model əsasında qurulmuş tədris-treninq kompyuter sistemiidir. KİO dəyişən şəraitdə idarəetmə qərarlarının qəbul edilməsi və kompleks iqtisadi təhlil vərdişlərinin təkmilləşdirilməsinə imkan verir.
KİO işgüzar oyunun xüsusi halıdır. KİO-nun tipik nümunəsi kimi məşhur onlayn biznes simulyasiyası olan Virtonomikanı göstərmək olar.
Tədris prosesində tətbiqi
KİO-nun tətbiqi ilə keçirilən tədris məşğələləri ənənəvi mühazirə, seminar və innovativ təlim formalarının (oyun praktikumları və s.) sintezini təşkil edir.
KİO-nun tədris kursuna tətbiq edilmə ardıcıllığı fənnin mürəkkəbliyindən, təhsilin müddətindən və formasından asılı olaraq dəyişir. Bir qayda olaraq, tədris kompyuter proqramlarının interfeysi, məzmunu və tətbiq qaydaları ilə ilk dərslərdə tanışlıqla baş tutur. Bundan sonra tematik və nəzarət dərslərinin keçirilməsi zamanı KİO müxtəlif intensivlik dərəcəsi ilə istifadə olunur. Bəzən onların əsasında testlər keçirilir və imtahanlar qəbul edilir.
KİO iştirakçıların qarşısına simulyasiya-praktik tapşırıqlar qoyaraq tədrisin problemliliyini genişləndirməyə imkan verir, auditoriyanın nəzəri materialı öyrənməyə olan marağını əhəmiyyətli dərəcədə artırır. Bu zaman KİO iştirakçıları oyun rolu və tapşırığı ilə şərtlənən müxtəlif maraqlara sahib olurlar. Məsələn, biri istehsalat şöbəsinin mütəxəssisi, digəri isə maliyyə direktoru kimi çıxış edir; biri baş direktor, digəri isə tabeçilikdə olan işçidir və s. Nəticədə iştirakçıların hər biri eyni işgüzar məsələləri öz fərdi mövqeyindən həll edir. Bununla yanaşı, insanların təsərrüfat fəaliyyətini şərtləndirən obyektiv iqtisadi qanunamüvafiqliklərin təsiri altında onlar vahid qərara gəlməyə və onu axtarmağa məcbur olurlar. Bütün bunlar iqtisadi fənlərin tədrisinin hər hansı digər metodik üslubdan daha çox iqtisadi təhlilin mahiyyətini anlamağa kömək edir, təsərrüfat fəaliyyətinin optimal iqtisadi variantının seçilməsinə yönəlmiş praktiki hərəkətlərin işlənməsinə şərait yaradır.
İştirakçılar oyun tapşırığını kompyuterin köməyi ilə həll edərək iqtisadi şəraiti xarakterizə edən ilkin materialı qiymətləndirir, qarşılarına qoyulmuş simulyasiya-işgüzar problemin cavabını tapır, oyun üzrə tərəfdaşları ilə rəylərini razılaşdırır və onlar ilə birlikdə ümumi idarəetmə qərarı işləyib hazırlayırlar.
KİO-da müəllimin bilavasitə iştirakı ilə və işarə vasitələrinin (elektron cədvəllər, qrafik və sənəd formaları və s.) köməyi ilə peşəkar fəaliyyətin əşya və sosial məzmunu bərpa olunur, real istehsalat şəraitinin şərtlərini və dinamikasını əks etdirən müəyyən edilmiş qaydalar üzrə oyun iştirakçılarının davranışı simulyasiya edilir.
Təlimdə istehsalatın konkret şəraitinin və dinamikasının, eləcə də mütəxəssislərin hərəkətlərinin və münasibətlərinin simulyasiyasını yaradaraq KİO iqtisadi təhlil, biliklərin aktuallaşdırılması, tətbiqi və möhkəmləndirilməsi vasitəsi kimi xidmət edir. İşgüzar oyunda mütəxəssis şəxsiyyətinin inkişafı peşəkar hərəkətlərin (normaların) və istehsalat prosesi iştirakçılarının münasibət normalarının mənimsənilməsi ilə şərtlənir. Metodik cəhətdən düzgün formalaşdırılmış işgüzar oyunlar idarəetmə qərarlarının qəbul edilməsi texnologiyasının öyrədilməsinin effektiv vasitəsidir.
KİO-nun əsas komponentləri ssenari, rəhbərin və iştirakçının proqramları, eləcə də reqlamentdir. Ssenari oyun vəziyyətinin (təşkilatın) xarakteristikasını, oyun qaydalarını və istehsalat və ya digər parametrlərin təsvirini ehtiva edir. Reqlamentdə mövzuların və ya sənədlərin ardıcıllığı, oyunun keçirilməsi rejiminə və təlimat materiallarına dair ümumi tələblər, oynanılan rolların tərkibi və təsviri, həmçinin əlavə materiallar təsbit olunur.
İştirakçıların davranışı KİO-da olduğu kimi, ənənəvi işgüzar oyunda da əsas alətdir. Oyunun keçirilməsinin vaxt rejiminin düzgün seçilməsi, real şəraitin bərpa edilməsi çox vacibdir.
Müəllimin metodik ustalığının səviyyəsi mühüm rol oynayır; bu, KİO-nun tətbiqinin və onun digər metodlarla nisbətinin optimal imkanını tapmaqda, yaradıcı təfəkkürü qoyulmuş tapşırığın həllinə yönəltməkdə, idrak marağı oyatmaqda, lazım olan məqamda ictimai rəyi səfərbər etməkdə və KİO iştirakçısının nüfuzunu möhkəmləndirməkdə özünü göstərir.
Beləliklə, KİO-nun təlim vasitəsi kimi aşkar üstünlükləri aşağıdakılardan ibarətdir: Onların istifadəsi ilə keçirilən tədris dərsləri ənənəvi mühazirə və seminarlarla müqayisədə daha az vaxt sərfi tələb edir. KİO iştirakçılarında digər təlim metodları ilə inkişaf etdirilə bilməyən vərdişlər və keyfiyyətlər formalaşır. KİO-nun tətbiqi iqtisadi profilli mütəxəssislərin peşəkar hazırlığı ilə bağlı zəruri tədris informasiyasının intensiv mənimsənilməsinə və yadda saxlanılmasına şərait yaradır. KİO oyun qrupları iştirakçılarının biliklərini oyun prosesində nəzarətdə saxlamağa imkan verir, bu da təhsilalanların biliklərinin xüsusi yoxlanılmasına sərf olunan vaxtı azaltmağa imkan verir. KİO-dakı fəaliyyətin nəticələrinə əsasən iştirakçıların peşəkar və şəxsi keyfiyyətləri haqqında kifayət qədər məlumat əldə etmək, onların rəhbərlik fəaliyyətinə və müəssisələrdə praktiki tapşırıqların həllinə hazır olma dərəcəsini qiymətləndirmək mümkündür. Bu metod refleksiv proseslərin işə düşməsini stimullaşdırır, əldə olunmuş nəticələrin interpretasiyası və dərk edilməsi imkanını yaradır. Oyunda peşəkar fəaliyyət yönümləri formalaşır, stereotiplər daha asan dəf edilir, özünüqiymətləndirmə korreksiya olunur. İşgüzar oyun dönər əlaqə (əks-əlaqə) ilə zəngindir, üstəlik bu əlaqə ənənəvi metodlarda tətbiq olunanla müqayisədə daha məzmunludur. Oyun cəlb edir və maraq oyadır.
İstinadlar
Kateqoriya:Pedaqoji texnologiyalar Kateqoriya:İşgüzar oyunlar