Kvant mexanikasının riyazi formallaşdırmaları — kvant mexanikasının ciddi riyazi təsvirini təmin edən riyazi formalizmlərdir. Bu riyazi formalizm əsasən funksional analizin bir sahəsinə, xüsusilə də xətti fəzanın bir növü olan Hilbert fəzalarına əsaslanır. Bu formalizmlər 1900-cü illərin əvvəllərindən əvvəl inkişaf etdirilmiş fizika nəzəriyyələrinin riyazi formalizmlərindən sonsuzölçülü Hilbert fəzaları (əsasən L2 fəzası) və bu fəzalarda fəaliyyət göstərən operatorlar kimi abstrakt riyazi strukturlardan istifadə edilməsi ilə fərqlənir. Qısaca desək, enerji və impuls kimi fiziki müşahidə olunan kəmiyyətlərin qiymətləri artıq faza fəzasında təyin olunan funksiyaların qiymətləri kimi deyil, xüsusi qiymətlər kimi nəzərdən keçirilirdi; daha dəqiq desək, Hilbert fəzasındakı xətti operatorların spektral qiymətləri kimi qəbul edilirdi.
Kvant mexanikasının bu formallaşdırmalarından bu gün də istifadə olunur. Təsvirin əsasını əvvəlki fiziki reallıq modellərində istifadə olunan anlayışlardan köklü şəkildə fərqlənən kvant halı və kvant müşahidə olunanları anlayışları təşkil edir. Riyazi formalizm eksperimental olaraq ölçülə bilən bir çox kəmiyyətin hesablanmasına imkan versə də, eyni zamanda ölçülə bilən qiymətlər üçün müəyyən nəzəri məhdudiyyət mövcuddur. Bu məhdudiyyət ilk dəfə Heyzenberq tərəfindən düşüncə eksperimenti vasitəsilə izah edilmiş və yeni formalizmdə kvant müşahidə olunanlarını təmsil edən operatorların kommutativ olmaması ilə riyazi şəkildə ifadə edilmişdir.
Kvant mexanikası müstəqil bir nəzəriyyə kimi inkişaf etdirilməzdən əvvəl fizikada istifadə olunan riyaziyyat əsasən riyazi analizdən ibarət idi. Bu sahə riyazi hesablamalardan başlayaraq getdikcə mürəkkəbləşərək diferensial həndəsəyə və xüsusi törəməli diferensial tənliklərə qədər inkişaf etmişdi. Ehtimal nəzəriyyəsi statistik mexanikada istifadə olunurdu. Həndəsi intuisiya ilk iki sahədə mühüm rol oynayırdı və buna uyğun olaraq nisbilik nəzəriyyələri tamamilə diferensial həndəsə anlayışları əsasında formalaşdırılmışdı. Kvant fizikasının fenomenologiyası təxminən 1895–1915-ci illər arasında meydana çıxdı. Kvant mexanikasının inkişafından (təxminən 1925-ci il) əvvəlki 10–15 il ərzində fiziklər kvant nəzəriyyəsini indiki adı ilə klassik fizika adlandırılan nəzəriyyənin çərçivəsində, xüsusilə də eyni riyazi strukturlardan istifadə etməklə izah etməyə davam edirdilər. Bunun ən mürəkkəb nümunəsi tamamilə klassik faza fəzası əsasında formalaşdırılmış Zommerfeld–Vilson–İşivara kvantlaşma qaydasıdır.
Formalizmin tarixi
“Köhnə kvant nəzəriyyəsi” və yeni riyaziyyata ehtiyac
1890-cı illərdə Plank qara cismin şüalanma spektrini çıxarmağa nail oldu. Bu nəticə sonradan klassik ultrabənövşəyi fəlakət probleminin qarşısını almaq üçün istifadə edildi. Bunun üçün Plank elektromaqnit şüalanması ilə maddə arasındakı qarşılıqlı təsir zamanı enerjinin yalnız onun kvantlar adlandırdığı diskret vahidlərlə mübadilə edilə biləcəyini fərz etdi. Plank şüalanmanın tezliyi ilə həmin tezliyə uyğun enerji kvantı arasında düz mütənasiblik olduğunu irəli sürdü. Bu mütənasiblik əmsalı olan onun şərəfinə Plank sabiti adlandırılmışdır.
1905-ci ildə Eynşteyn fotoelektrik effektin bəzi xüsusiyyətlərini Plankın enerji kvantlarının həqiqi zərrəciklər olduğunu fərz etməklə izah etdi. Bu zərrəciklər sonradan foton adlandırıldı.
Bütün bu inkişaflar fenomenoloji xarakter daşıyırdı və dövrün nəzəri fizikasına meydan oxuyurdu. Bor və Zommerfeld klassik mexanikanı dəyişdirərək Bor atom modelini ilk prinsiplərdən çıxarmağa çalışdılar. Onlar təklif edirdilər ki, mexaniki sistemin faza fəzasında cızdığı bütün qapalı klassik orbitlərdən yalnız əhatə etdiyi sahə Plank sabitinin tam mislinə bərabər olan orbitlərə icazə verilir. Bu formalizmin ən mürəkkəb variantı Zommerfeld–Vilson–İşivara kvantlaşma qaydası adlanırdı. Hidrogen atomunun Bor modeli bu yolla izah edilə bilsə də, helium atomunun spektrini (klassik baxımdan həlli mümkün olmayan üç cisim problemi) proqnozlaşdırmaq mümkün olmadı. Kvant nəzəriyyəsinin riyazi statusu bir müddət qeyri-müəyyən olaraq qaldı.
1923-cü ildə de Broyl dalğa-zərrəcik dualizminin yalnız fotonlara deyil, elektronlara və bütün digər fiziki sistemlərə də aid olduğunu irəli sürdü.
1925–1930-cu illərdə vəziyyət sürətlə dəyişdi. Ervin Şredinger, Verner Heyzenberq, Maks Born, Paskual Jordanın inqilabi işləri, eləcə də Con fon Neyman, Hermann Veyl və Pol Dirakın fundamental tədqiqatları sayəsində nəzəriyyənin riyazi əsasları formalaşdırıldı. Müxtəlif yanaşmaları yeni ideyalar toplusu çərçivəsində birləşdirmək mümkün oldu. Bu illərdə Verner Heyzenberq qeyri-müəyyənlik münasibətlərini kəşf etdikdən və Nils Bor tamamlayıcılıq ideyasını irəli sürdükdən sonra nəzəriyyənin fiziki şərhi də aydınlaşdırıldı.
“Yeni kvant nəzəriyyəsi” Verner Heyzenberqin matris mexanikası atom spektrlərinin müşahidə edilən kvantlaşmasını təkrarlamaq üçün ilk uğurlu cəhd idi. Həmin ilin sonralarında Şredinger özünün dalğa mexanikasını yaratdı. Şredingerin formalizmi başa düşmək, təsəvvür etmək və hesablamalar aparmaq baxımından daha asan hesab olunurdu, çünki o, fiziklərin artıq həll etməyə alışdıqları diferensial tənliklərə gətirib çıxarırdı. Bir il ərzində bu iki nəzəriyyənin ekvivalent olduğu göstərildi.
Şredinger özü əvvəlcə kvant mexanikasının fundamental ehtimal xarakterini başa düşmürdü. O hesab edirdi ki, elektronun dalğa funksiyasının modulunun kvadratı geniş, hətta sonsuz həcm boyunca yayılmış cismin yük sıxlığı kimi şərh edilməlidir. Maks Born isə dalğa funksiyasının modulunun kvadratının nöqtəvi zərrəcikin mövqeyinin ehtimal paylanması kimi şərh edilməsini təklif etdi. Bornun ideyası tezliklə Kopenhagen interpretasiyasının “atası” hesab edilən Nils Bor tərəfindən qəbul edildi. Şredingerin dalğa funksiyasının klassik Hamilton–Yakobi tənliyi ilə sıx əlaqəli olduğu göstərilə bilər. Klassik mexanika ilə uyğunluq Heyzenberqin matris mexanikasında daha aydın, lakin müəyyən mənada daha formal şəkildə ifadə olunurdu. Pol Dirak doktorluq dissertasiyası üzərində işləyərkən Heyzenberq təsvirində istifadə olunan operatorlar üçün tənliyin klassik mexanikanın Hamilton formalizmi çərçivəsində müəyyən kəmiyyətlərin dinamikasını təsvir edən klassik tənliklərə çox yaxın olduğunu aşkar etdi. Bu uyğunluq həmin kəmiyyətlərin Puasson mötərizələri vasitəsilə ifadə edilməsi ilə əldə olunur. Bu prosedur hazırda kanonik kvantlaşma adlanır.
Şredingerin işindən əvvəl gənc elmi tədqiqatçı Verner Heyzenberq matris mexanikasını yaratmışdı. Bu, kvant mexanikasının ilk düzgün formalaşdırılması və mühüm elmi irəliləyiş idi. Heyzenberqin matris mexanikası sonsuz ölçülü matrislər cəbrinə əsaslanırdı. Bu, klassik fizikanın riyaziyyatı baxımından olduqca radikal yanaşma idi. Bununla belə, Heyzenberq əvvəlcə dövrün eksperimental fiziklərinin istifadə etdiyi indeks terminologiyasından çıxış edirdi və Maks Born ona izah edənədək özünün «indeks sxemləri»nin matrislər olduğunu dərk etmirdi. Əslində, həmin illərdə xətti cəbr indiki formasında fiziklər arasında geniş yayılmamışdı.
Şredinger bir il sonra özünün dalğa mexanikası ilə Heyzenberqin matris mexanikasının ekvivalentliyini sübut etsə də, bu iki yanaşmanın uzlaşdırılması və onların Hilbert fəzasındakı hərəkətlər şəklində müasir abstrakt təsviri, adətən, 1930-cu ildə klassik əsəri The Principles of Quantum Mechanics kitabını yazmış Pol Dirakın adı ilə əlaqələndirilir. Dirak bu sahənin üçüncü və bəlkə də ən mühüm sütunu idi. O, qısa müddət sonra nəzəriyyənin relyativistik ümumiləşdirilməsini kəşf edən yeganə alim oldu. Dirak həmin əsərində bra-ket notasiyasını və funksional analizdə istifadə olunan Hilbert fəzası əsasında abstrakt formalizmi təqdim etdi. O, Şredinger və Heyzenberqin yanaşmalarının eyni nəzəriyyənin iki müxtəlif təsviri olduğunu göstərdi və sistemin dinamikasını ifadə edən üçüncü, daha ümumi təsvir formasını müəyyənləşdirdi. Onun işi bu sahənin müxtəlif istiqamətlərdə ümumiləşdirilməsi üçün xüsusilə səmərəli oldu.
Bu yanaşmanın Dirak–fon Neyman aksiomları kimi tanınan ilk tam riyazi formalaşdırılması, adətən, Con fon Neymanın 1932-ci ildə nəşr olunmuş Mathematical Foundations of Quantum Mechanics kitabı ilə əlaqələndirilir. Bununla belə, Hermann Veyl hələ 1927-ci ildəki klassik məqaləsində və 1928-ci ildə nəşr olunmuş Gruppentheorie und Quantenmechanik kitabında Hilbert fəzalarına (onların adlandırdığı kimi, unitar fəzalara) istinad etmişdi. Bu yanaşma, bir nəsil əvvəl David Hilbertin əsas götürdüyü kvadratik formalar əvəzinə xətti operatorlara əsaslanan riyazi spektral nəzəriyyəyə yeni yanaşma ilə paralel şəkildə inkişaf etdirildi.
Kvant mexanikası nəzəriyyələri bu gün də inkişaf etməkdə davam etsə də, əksər yanaşmaların əsasını təşkil edən və Con fon Neymanın riyazi işlərinə gedib çıxan kvant mexanikasının riyazi formalaşdırılması üçün fundamental çərçivə mövcuddur. Başqa sözlə, nəzəriyyənin interpretasiyası və onun genişləndirilməsi ilə bağlı müzakirələr hazırda, əsasən, riyazi əsaslar haqqında ortaq fərziyyələr üzərində aparılır.
Sonrakı inkişaflar
Yeni kvant nəzəriyyəsinin elektromaqnetizmə tətbiqi təxminən 1930-cu ildən başlayaraq inkişaf etdirilən kvant sahə nəzəriyyəsinin yaranmasına səbəb oldu. Kvant sahə nəzəriyyəsi kvant mexanikasının daha mürəkkəb formallaşdırmalarının inkişafına təkan verdi. Burada təqdim olunan formallaşdırmalar həmin yanaşmaların sadə xüsusi hallarını təşkil edir.
Yol inteqralı formallaşdırılması Kvant mexanikasının faza fəzası formallaşdırılması və həndəsi kvantlaşma Əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi Aksiomatik, cəbr və konstruktiv kvant sahə nəzəriyyəsi C*-cəbr formalizmi Kvant mexanikasının ümumiləşdirilmiş statistik modeli
Əlaqəli mövzulardan biri kvant mexanikasının klassik mexanika ilə münasibətidir. Yeni fiziki nəzəriyyənin müəyyən yaxınlaşma çərçivəsində uğurlu köhnə nəzəriyyələrə keçməsi gözlənilir. Kvant mexanikası üçün bu, kvant mexanikasının klassik həddi adlanan məsələnin öyrənilməsi zərurəti deməkdir. Borun da vurğuladığı kimi, insanın idrak qabiliyyətləri və dili klassik aləmlə ayrılmaz şəkildə bağlıdır. Buna görə də klassik təsvirlər intuitiv baxımdan kvant təsvirlərindən daha əlçatandır. Xüsusilə, kvantlaşma, yəni klassik həddi verilmiş və məlum klassik nəzəriyyəyə uyğun gələn kvant nəzəriyyəsinin qurulması özlüyündə kvant fizikasının mühüm sahəsinə çevrilmişdir.
Nəhayət, kvant nəzəriyyəsinin yaradıcılarından bəziləri, xüsusilə Eynşteyn və Şredinger, kvant mexanikasının onların düşündüyü fəlsəfi nəticələrindən narazı idilər. Eynşteyn, xüsusilə, kvant mexanikasının natamam olması mövqeyini müdafiə edirdi. Bu mövqe gizli dəyişənlər nəzəriyyələrinin araşdırılmasına təkan verdi. Gizli dəyişənlər məsələsi kvant optikasının köməyi ilə qismən eksperimental problemə çevrilmişdir.
Kvant mexanikasının postulatları
Fiziki sistem, ümumiyyətlə, üç əsas komponent vasitəsilə təsvir olunur: hallar, müşahidə olunan kəmiyyətlər və dinamika (və ya zaman təkamülü qanunu); daha ümumi halda isə ölçü simmetriyaları qrupu.
Klassik təsvir mexanikanın faza fəzası modeli vasitəsilə kifayət qədər birbaşa verilə bilər. Bu halda hallar simplektik müxtəlifliklə ifadə olunan faza fəzasının nöqtələridir, müşahidə olunan kəmiyyətlər həmin fəza üzərində təyin edilmiş həqiqi qiymətli funksiyalardır, zaman təkamülü faza fəzasının simplektik çevrilmələrindən ibarət birparametrli qrup vasitəsilə verilir, fiziki simmetriyalar isə simplektik çevrilmələrlə reallaşdırılır.
Kvant təsviri, adətən, hallar üçün Hilbert fəzasından ibarətdir. Müşahidə olunan kəmiyyətlər hal fəzasında öz-özünə qoşma operatorlarla təmsil olunur. Zaman təkamülü hallar üçün Hilbert fəzasında unitar çevrilmələrin birparametrli qrupu vasitəsilə verilir, fiziki simmetriyalar isə unitar çevrilmələrlə reallaşdırılır. (Bu Hilbert fəzası təsvirini faza fəzası formallaşdırılmasına qarşılıqlı birmənalı şəkildə çevirmək mümkündür. Aşağıya baxın.)
Kvant mexanikasının riyazi çərçivəsinin aşağıdakı xülasəsi qismən Dirak–fon Neyman aksiomlarına əsaslanır.
Sistemin halının təsviri