Vurğun Əliş oğlu Əyyub () — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019).

Həyatı Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib.

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub.

1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.

1987-ci ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.

1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.

15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub. 2001-ci ilin may ayında keçirilən 6-cı qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və Müsavat başqanının 1-ci müavini təyin edilib.

2000-ci il parlament seçkilərində Vurğun Əyyub Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 3-cü sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Vurğun Əyyub deputat seçilə bilməmişdir.

2007-ci ilin martında fəaliyyətə başlamış "Paralel" Gündəlik Elektron Qəzetinin redaksiya heyətinin üzvü olub.

Uzun sürən xəstəlikdən sonra 24 sentyabr 2019-cu ildə vəfat edib. Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan dissidentləri Kateqoriya:Müsavat Partiyasının başqan müavinləri Kateqoriya:Müsavat Partiyasının katibləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri