Tofiq Əhmədağa oğlu Bakıxanov () — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983).

Həyatı Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Bakıxanovlar nəslindəndir.

Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir.

Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.

T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilmişdir. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının incəsənət doktoru seçilmişdir. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatı olmuşdur. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə "Şərəf" ordeni, 8 dekabr 2025-ci ildə isə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 2002-ci ildən prezident təqaüdçüsüdür.

Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.

Tofiq Bakıxanov 23 avqust 2026-cı ildə 96 yaşında vəfat edib. 25 avqustda İkinci Fəxri xiyabanda dəfn olunub.

Əsərləri Musiqili komediyalar "Altılardan biri" "Məmmədəli kurorta gedir" — həmmüəllif N. Məmmədov "Qız görüşə tələsir" — həmmüəllif N. Məmmədov

Baletlər "Xəzər balladası" (1969) "Şərq poeması" (1976) "Xeyir və Şər" (1990)

Simfonik əsərlər BSO üçün 5 simfoniya Türk simfoniyası (6-cı simfoniya) Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası Skripka və fortepiano üçün 5 konsert Tar və simfonik orkestr üçün 4 konsert Violonçel və simfonik orkestr üçün 2 konsert Klarnet və simfonik orkestr üçün konsert BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.

Filmoqrafiya Aşıq Veysəl (film, 2001) İşgüzar səfər (film, 1982) Tofiq Bakıxanov (film, 2000) Əhməd Bakıxanov (film, 2003)

Ədəbiyyat Abdullayeva, S. Tofiq Bakıxanovun 85 illiyi ilə bağlı konsert keçirilib: [Bəstəkarlar İttifaqında] //525-ci qəzet.- 2015.- 11 dekabr.- S.7. Bakı Xoreoqrafiya Akademiyası tələbələrindən bəstəkarın yubileyinə töhfə: [Akademik Opera və Balet Teatrında qala-balet gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.3. Fərəcov, S. Musiqi festivalı çərçivəsində elmi konfrans: [Bəstəkarlar İttifaqında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6. Hüseynov, F. Tofiq Bakıxanovun 85 illik yubileyi qeyd olundu: [Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 16 dekabr.- S.6. Təhmirazqızı, S. Böyük nəslin laiqli davamçısı: Tofiq Bakıxanov //Respublika.- 2015.- 15 dekabr.- S.6.

İstinadlar

Kateqoriya:Bakıxanovlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan balet bəstəkarları Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan skripkaçıları Kateqoriya:XXI əsr Azərbaycan bəstəkarları Kateqoriya:XX əsr Azərbaycan bəstəkarları