Salman Mümtaz"Mümtaz" sözü Ərəbcədən tərcümədə (ərəb. ممتاز) "seçilmiş", "digərlərindən fərqlənən" mənasını verir. (; ) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929-1932).
Salman Mümtaz Aşqabadda təhsil alıb. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.
Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabr ayınında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayının 11-də Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir. Salman Mümtaza 1956-cı il noyabr ayının 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.
Həyatı Erkən illəri Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə Nuxanın (indiki Azərbaycanın Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub. Salmanın atası Məmmədəmin tacir idi və ailəsi uzun müddət Orta Asiyada yaşamışdı.
Salmanın babası Ağaələsgər çox varlı idi. O vəfat etdikdən bir müddət sonra həyat yoldaşı da dünyasını dəyişir, evi də yanır. Kimsəsiz qalmış oğlu Məmmədəmin var-dövlətlərinə yiyələnmiş əmisinə sığınır, zərgər yanında işləyir. O, Məşhədə ziyarətə gedir. Qayıdanda yolunu Aşqabaddan salır, çünki eşitmişdi ki, burada torpaqlar çox ucuz qiymətə satılır. Məşhədi Məmmədəmin Şəkidən gətirdiyi qızılla Aşqabaddan xeyli torpaq alır, özünə yurd salır. O, az vaxtda karvansara və dəzgah yiyəsi olur. Şəkidə yaşayan ailəsini Aşqabadda tiktirdiyi yeni mülkünə gətirməyə hazırlaşan Məmmədəmin, 1887-ci ildə 32 yaşında ağciyər iltihabından vəfat edir.
1900-cü ildə Məmmədəminin həyat yoldaşı Məşhədi Zəhra xanım (1865-1938) özünün kiçik qardaşı Kərbəlayi Əsgəri Bakıdan götürüb Aşqabada gedir, Məmmədəminin var-dövlətinə yiyələnir. Oğlanları Salmanla Əsgəri də Aşqabada gətirir. Sonra böyük qardaşı Kərbəlayi Mövsümü də yanına aparır. Mirzə Fətəli Axundzadə ilə qohumluq əlaqələri olan Zəhra xanım, düşüncəli və bacarıqlı qadın idi. O, iri bir sandıq alır, oğlanları böyüyənədək sandığı qızılla doldurur (Həmin qızılları bir qədər sonra Salman Mümtaz Azərbaycan əlyazma kitablarını almağa və xeyriyyə işlərinə xərclədi).
Uşaqlıq illərindən Salman Mümtaz elmə böyük maraq göstərir; fars və ərəb dillərini mükəmməl bilirdi. O, Aşqabadda təhsil almış, fars və ərəb dillərini də orada öyrənmişdi. Burada Mirzə Əsədulla adlı müəllimdən fars və ərəbcə yanaşı urdu dili də mənimsəmişdi. 1893-cü ildə 9 yaşlı Salmanın Aşqabadda Mirzə Ələkbər Sabir ilə görüşü olur. Bu görüşlə Mümtazda ədəbiyyata həvəs yaranır. 3 ay molla yanında dərs keçmiş Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışır, fars, ərəb, rus, urdu dillərinə yiyələnir, hafizəsi ilə Şərq ədəbiyyatının incilərini mənimsəyir. Salmanın qüvvətli zəkası olduğu üçün, o, bir çox şeirləri əzbərləmişdi. İslam xalqlarının dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaratmışdı.
Dayısı Kərbəlayi Mövsümün dəzgahında ticarətlə məşğul olan Salman, türk (Azərbaycan) əlyazmalarını toplamağa başlayır.
"Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq 180px|thumb|right|Aşqabad gimnaziyasını bitirmiş Mir Fəttah Musəvi və ona dərs deyən Salman Mümtaz. Gimnaziyanı bitirən gün, Aşqabad.
Türk ədəbi tənqidçisi Yavuz Akpınarın sözlərinə görə 1908-1909-cu illərdə Tiflisdə "Molla Nəsrəddin jurnalı" çıxdıqdan sonra Salman Mümtaz da bu satirik jurnalın yazıçıları arasında yer aldı. Eyni zamanda klassik tərzdə şeirlər də yazırdı. Aşqabadda dostları ilə birlikdə ədəbi məclis qurmuşdu. 1908-1909-cu illərdə Mümtaz sonradan başda "Molla Nəsrəddin jurnalı" olmaqla, həmçinin Azərbaycan mətbuatının digər orqanlarında dərc edilmiş satirik şeirləri və məqalələri ilə oxucuların diqqətini çəkdi. Yavuz Akpınarın yazdığına görə, "Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edirdi."
Azərbaycan ədəbiyyatşünası və tarixçisi Ədalət Tahirzadənin ifadələrinə görə, 1906-cı il onun düşüncələrində dönüş yaradır: Aşqabada gələn Mümtaz "Molla Nəsrəddin" məcmuəsi ilə yazışır, ona çoxlu xəbərlər, bəzən də şeirlər göndərir. Əbdürrəhim bəy Haqverdiyev və Qurbanəli Şərifzadə ilə birgə yazdığı, 1908-ci ildə "Molla Nəsrəddin" jurnalında çıxan "Mozalan bəyin səyahətnaməsi" onun yaradıcılıq uğurlarından biri sayılır. 1910-cu ildə Mirzə Ələkbər Sabirlə iki həftəlik ikinci görüşü onu ədəbiyyata daha da bağlayır: Sabirin Mümtazı həvəsləndirilməsindən sonra "Molla Nəsrəddin" jurnalında onun "Xortdan bəy" imzası görünməyə başlayır.
1913-cü ildə Tiflisdə ilk kitabı "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" əsərini Mirzə Cəlil Məmmədquluzadəin "Qeyrət" mətbəəsində nəşr etdirir. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə ədəbiyyat, tarix və incəsənəti dərindən bilən Abbas Səhhət ilə tanış olur, 2 il öncə dünyasını dəyişmiş Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitabını nəşr etdirməsində ona önəmli yardım göstərir. Tiflisdə Mirzə Cəlil ilə dostlaşan Mümtaz "Molla Nəsrəddin" jurnalını hərtərəfli maliyyələşdirir. 1913-cü ildə "İqbal" qəzeti Qafqazda dövrünün 11 müasir şairindən biri olan Salman Mümtaz haqqında yazırdı: "Salman Əsgərov və ya ləqəbi ilə Mümtaz "Molla Nəsrəddin" jurnalında özünün 12 pürməna şeiri ilə millətin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmi ilə xidmət edir." Salman Mümtaz 1916-cı ildə Aşqabadda Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin səhnəyə qoyulması üçün çox çalışsa da, yerli hakimiyyət orqanları buna icazə vermədi.
Salman Mümtaz 1918-ci ilə qədər Aşqabadda "Molla Nəsrəddin" jurnalında şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. Mümtaz "Molla Nəsrəddin" jurnalının Orta Asiya və digər bölgələrdə yayılmasında da öz köməyini göstərirdi.
Azərbaycana qayıdışı thumb|left|170px|Salman Mümtaz 1917-ci ildə
Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdaraq "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başladı. Artıq bu dövrdə o, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanırdı. Bu dövrdə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Salman Mümtaz Bakıya köçdükdə bir müddət Krasnokrestovski (indiki — Şeyx Şamil küçəsi) küçəsindəki 3-cü binada, həyat yoldaşının qardaşı Ağarzanın mülkündə yaşayırdı. Baryatinski (əvvəllər Fioletov, indi — Əbdülkərim Əlizadə küçəsi) küçəsindəki 6/23-cü binada şəxsi dükan açdı. 1919-cu ildən "Yaşıl qələm" cəmiyyətinin üzvü olan Salman Mümtaz, cəmiyyətin uğurla fəaliyyət göstərməsinə xeyli pul xərclədi.
Azərbaycan müstəqilliyinin milli xəzinə olduğunu anlayan Salman Mümtaz, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və Osmanlı İmperiyasının hərbi naziri, siyasi xadim Ənvər paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru paşa ilə görüşərək ona həsr etdiyi "Öyün millət!" qəzəlini söyləyib. Mümtaz Ənvər paşaya "Ənvəriyyə" müxəmməsini həsr edib.
Azərbaycanlı aktyor və rejissor Rza Təhmasib Təbriz mehmanxasında Hüseyn Cavidin ədəbi yığıncaqlarını xatırladaraq qeyd etmişdi:
Salman Mümtaz tədqiqata daha çox üstünlük verirdi. Əsgərov bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, müəyyənləşdirilməsinə, nəşrinə və yayılmasına yönəltmişdi.
1924-cü ildə Salman Əsgərzadə "Azərneft təchizat" idarəsinin Nuxa, Qutqaşen, Zaqatala, Qax və Laqodexidə anbarları olan rayon agentliyinin müvəkkili idi. O, həmçinin Xalq Maarif Komissarlığında da çalışmışdır.
Elmi fəaliyyəti 270px|thumb|right|Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov və Əliqulu Qəmküsar. Tbilisi, 1913-cü il
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra klassik ədəbi irsin toplanması, nəşri və tədqiqi sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdır. 1920-ci ildən 1925-ci ilə qədər Mümtaz, Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 ədəd kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplamağı bacardı. "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələr dərc etdi. Mümtaz 1920-ci ildə Salman Mümtaz Azərbaycan ədəbiyyatın bərpası üzrə komissiyanın təşkilatçısı və sədri idi. Həmçinin Mümtaz, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, "250 şair" toplusunun, "Xətai" divanının, "Səid Əhməd Hatif", "Əli Bakuvi", "Şəki savları" və digər əsərlərin müəllifidir.
1925-1926-cı illərdə Salman Mümtaz "Kommunist" qəzeti nəşriyyatında Azərbaycan ədəbiyyatı seriyasından 24 şairin İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının kitablarını nəşr etdirmişdir. Bunların bir çoxu həmin şairlərin əsərlərinin ilk toplu nəşri idi.
Aşıq poeziyası nümunələrindən ibarət "El şairləri" kitabını (1927-1928-ci illərdə 1-2 cild; 1935-ci ildə təkrar çapı) və Sarı Aşığın bayatılarını (1927, 1934) nəşr etdirmişdir.
thumb|left|270px|1926-cı ildə Mehmed Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və Salman Mümtaz Bakıda Birinci Türkoloji Qurultayda.
Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda iştirak etdi. Mümtaz burada iştirakçılara "Nəsimi" adlı yeni kitabını tanıdaraq hədiyyə etdi. Salman Əsgərzadə burada fəaliyyətinə yaxından bələd olduğu akademik, professor Mehmed Fuad Köprülüzadə və "Füyuzat" jurnalının yaradıcısı, professor Əli bəy Hüseynzadə ilə görüşdü. (1950-ci ildə Mehmed Fuad Köprülüzadə yenidən Türkiyədən SSRİ-yə Türkiyə Xarici İşlər Naziri kimi gəldi. O, burada yenidən Salman Mümtazla görüşmək və rəsmi şəkildə onun barəsində məlumat almaq üçün müraciət etdi. Lakin onun bu müraciəti cavabsız qaldı. Çünki Salman Mümtaz repressiya qurbanı olmuşdu və artıq həyatda deyil idi). Qurultayda iştirak edənlər arasında tatar ədəbiyyatçı Əziz Qubaydullində var idi. Əziz Qubaydullin qurultayda çıxış edərək Salman Mümtazın azərbaycanlı şairlərin əsərlərini "Kommunist" qəzetində nəşr etdiyini bildirdi və hər bir nəşrdən əvvəl Salman Mümtaz tərəfindən şairlər haqqında yazılan bioqrafiya məlumatlarını "ən qiymətli bioqrafiya məlumatı" olduğunu bildirərək zəhmətini yüksək qiymətləndirdi. Həmçinin 1926-cı ildə Mümtazın şəxs kitabxasına ("Kitabxaneyyi-Mümtaziyyə") nəzər salan akademiklər Vasili Bartold və Sergey Oldenburq kitabxananın elmi quruluşuna, çoxsaylı tərtibatına, buradakı əlyazmaların zənginliyinə heyran qalmışdılar.
Salman Mümtazın fəaliyyəti və yaradıcılıq sahəsi 1925-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin ədəbiyyat və incəsənət sahələri üzrə fərmanları ilə müəyyən dərəcədə ilhamlanmışdır. Bu dövrdə Mümtaz müxtəlif əsərlər yazmış və yeni kitablar nəşr etdirmişdir. Mümtaz, yaradıcılığının bu dövründə yazdığı "Sarı Aşıq" və "El şairləri" adlı əsərləri ilə bağlı professor, elmi tədqiqatçı və filologiya elmləri üzrə fəlsəfə doktoru A. M. Nəbiyev "Xalqımızın deyimləri və duyğuları" adlı kitabında bəhs etmişdir.