Əbu Mənsur Məhəmməd ibn Məhəmməd ibn Mahmud Əbu Mənsur əs-Səmərqəndi əl-Maturidi əl-Hənəfi (; ) — Hənəfi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, alim, türk-islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi-məzhəbin banisi.

Bioqrafiyası Əbu Mənsur əl-Maturidinin doğum tarixi haqda mənbələrdə heç bir məlumata rast gəlinmir, lakin onun doğum tarixini təxmini də olsa müəyyən etmək mümkündür. Belə ki, onun müəllimlərindən olan Nuseyr ibn Yəhya əl-Bəlxi hicri 268-ci ildə (təq. 899) vəfat etmişdir. Bu da onu göstərir ki, əl-Maturidi hicri 250-ci ildən (təq. 864) öncə dünyaya gəlib. Digər şeyxi Məhəmməd ibn Muqatil ər-Razinin hicri 248-ci ildə (təq. 862) vəfat etdiyini nəzərə alsaq əl-Maturidinin təxminən 230–235-ci illər (təq. 845–850) ətrafında dünyaya gəldiyini demək olar ki, bu da vəfat etdiyi zaman yaşının yüzə yaxın və ya yüzdən çox olduğunu təxmin etməyə imkan verər. thumb|230x230px|Əbu Mənsur əl-Maturidinin məzarı Əbu Mənsur əl-Maturidi, Abbasilərin parçalanma və zəifləmə dövründə yaşamışdır. Bu dövr, türklərin Abbasi dövlətinin idarə sistemində çoxluq təşkil etdikləri dövr olduğundan bu dövrə "Türk Mühafizləri dövrü" mənasına gələn "Əsrul-Hərasit Turki" deyilir. Bu dövrdə daxili çəkişmələr artmış, xəlifə formallaşmış, xilafət içində müstəqil dövlətlər qurulmuşdur. Əbu Mənsur əl-Maturidinin yetişdiyi Səmərqənd şəhəri də bu formada Samanilərin hakimiyyəti altında idi. Bu dövrdə etiqadi məzhəb olaraq meydanda əhlis-sünnədən əlavə, hənəbilə, kərramiyyə, rəvafid və mötəzilə məzhəbləri var idi. Xüsusən Mötəzilə məzhəbi bu dövrdə olduqca fəal idi. Əbu Mənsur əl-Maturidi, Səmərqənddə ənənəvi hənəfi mühitində yetişmişdir. Hənəfi dəsti-xəttinə sadiq müəllimlərdən dərslər almış, onların yanında yetişmiş və onlar vasitəsilə həm etiqadi, həm də fiqhi hənəfiliyi mənimsəmişdir. Əbu Mənsur əl-Maturidinin hənəfi olmayan bir şeyxdən dərs alıb-almadığı haqda dəqiq məlumat yoxdur, lakin kitablarda adı çəkilən müəllimləri, eləcə də tələbələri hamısı hənəfi məzhəbinə mənsubdur. thumb|Əbu Mənsur əl-Maturidi türbəsi|left Əbu Mənsur əl-Maturidi, müxtəlif məzhəblərin yayıldığı və kəlam mübarizəsinin yüksək həddə çatdığı bir dövrdə, Səmərqənddə, ənənəvi Hənəfilər arasında yetişmişdir. Ən çox faydalandığı və yanında yetişdiyi şeyxi, Əhli-Rəy imamlarından Əbu Nasr Əhməd ibn əl-Abbas ibn əl-Hüseyn əl-İyadidir. Əbu Mənsur əl-Maturidinin bu şeyxi, həm də onunla birgə Əbu Bəkr əl-Cüzcanidən elm almışdır. Dərs aldığı müəllimlərdən bir digəri, Əhməd ibn İshaq əl-Cüzcanidir. Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin "əl-Alim vəl-Mütəallim" kitabını məhz bu şeyx vasitəsilə rəvayət etmişdir. Nuseyr ibn Yəhya əl-Bəlxi də onun müəllimlərindən biridir. O, həmçinin görkəmli alim Məhəmməd ibn Muqatil ər-Razidən də elm almışdır.

Ondan Əbu Hənifənin kitablarını rəvayət etmişdir. Əbu Mənsur əl-Maturidiyə də Əli ibn Səid ər-Rustuğfəni, İshaq ibn Məhəmməd əs-Səmərqəndi, Əbu Əhməd əl-İyadi və Əbdülkərim ibn Musa əl-Bəzdəvi kimi alimlər tələbəlik etmişdir.

Əbu Mənsur əl-Maturidi hicri 333-cü ildə (təq. 945) vəfat etmişdir. Vəfat etdiyi zaman yaşı yüzdən çox idi. Qəbri Səmərqənd şəhərindədir. Məzarı üstündə məşhur bir türbə var.

Əhli-Rəydəki yeri Əbu Mənsur əl-Maturidinin Əhli-Rəydəki yeri olduqca mühümdür. Bu istər etiqad və kəlam, istər fiqh, istərsə də üsul elmlərində belədir. Əbu Mənsur əl-Maturidinin, Əhli-Rəy kitablarında, hidayət imamı mənasına gələn "İməmul-Hudə" adlandırılmışdır.

Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin etiqadi görüşlərini heç kəsin edə bilməyəcəyi şəkildə təhrir etmiş, onları əsaslandırmış və müxaliflərə rəddiyə vermişdir. Bu haqda Bəyadizadə belə deyir:

Əhli-Rəyin etiqadi və kəlam görüşlərini təhqiq və təhrir edən digər məşhur alim Əbül-Muin ən-Nəsəfi, məhz bu üzdən Əbu Mənsur əl-Maturidi haqda:

— demişdir.

Fiqhə və fiqh üsuluna gəlincə, Əhli-Rəyin Səmərqənd mədrəsəsinin şeyxi, məhz imam Əbu Mənsur əl-Maturididir. Əhli-Rəyin fiqh və fiqh üsulu kitablarında, Əbu Mənsur əl-Maturididən gətirilən nəqllər olduqca çoxdur.

Əbu Mənsur əl-Maturidinin Əhli-Rəyin kəlam və əqidə sahəsində imaməti, onun fiqh üsulu sahəsində imaməti deməkdir. Şübhə yoxdur ki, fiqh üsulu elmi, elə kəlam elminin uzantısıdır. Bu səbəbdən Ələddin əs-Səmərqəndi, özünün "Mizənul-Üsul fi Nətəicil-Üqul" kitabını "Şəkk yoxdur ki, fiqh və əhkam üsulu elmi, kəlam üsulu elminin bir şaxəsidir" sözü ilə başlayır.

Əhli-Rəy üsulçularından Əbüs-Səna əl-Lamişi də Əbu Mənsur əl-Maturidinin, Səmərqənd şeyxlərinin ən böyüyü olduğunu açıq şəkildə ifadə etmişdir.

Kəlamla bağlı fikirləri Kəlam tarixi ilə bağlı mənbələr Sünni kəlamının banisi olaraq Əbül-Həsən əl-Əşarini göstərsələr də, günümüzə qədər gəlib çatan əsərlər əsasında bu qurucunun əslində Əbu Mənsur əl-Maturidi olduğunu demək daha doğru olar.

Əl-Əşarinin bizə qədər gəlib çatan və birbaşa öz görüşlərini əks etdirən əsas əsəri "əl-Lumə" adlı risalədir. Bu kiçik həcmli əsərdə yalnız ilahiyyat mövzularına, onun daxilində də qədər məsələsinə və təxminən beş səhifədə imanın tərifi və sərhədlərinə, üç səhifədə isə imamət məsələsinə yer verilmişdir. Lakin bu əsərdə epistemologiya (məlumatın əldə olunması yolları), nübüvvət (peyğəmbərlik) mövzuları, axirətə dair məsələlər, digər kəlam mövzuları, islam firqələri və digər dinlərə, axınlara dair inanc və baxışlara kifayət qədər toxunulmamışdır.

Əl-Maturididən təxminən yetmiş il sonra yaşamış İbn Furək tərəfindən yazılmış bir əsərdə əl-Əşarinin görüşlərinə yer verilmişdir. Lakin bu əsərdə də çox vaxt əl-Əşarinin əsərlərinə istinad edilmədən və hər hansı bir rəvayət zənciri göstərilmədən, "belə deyirdi, bunu qəbul edirdi" şəklində fikirlər sıralanmışdır. "əl-Lumə"dan fərqli olaraq burada epistemologiya ilə bağlı bəzi izahlar verilmiş, on səhifədən çox həcmdə bəzi nübüvvət və axirət məsələlərinə toxunulmuşdur.

Əbu Mənsur əl-Maturidinin "Kitabüt-Tövhid" adlı əsəri isə daha sonra sünni kəlam əsərlərinin əsas quruluş planını təşkil edəcək olan üç əsas sütunu — ilahiyyat, nübüvvət və axirət mövzularını ehtiva edir. Hərçənd ki, bu plana bənzər bir quruluşu Əbu Hənifənin əqaid risalələrinin birləşdirildiyi əsərlərdə də görmək mümkündür. Lakin həmin risalələrdə mövzular sistematik şəkildə deyil, daha çox dağınıq şəkildə və qismən işlənmişdir.

Əl-Maturidinin kəlamla bağlı fikirləri yalnız "Kitabut-Təvhid"lə məhdudlaşmır. Onun "Təvilatul-Quran" əsərinin müxtəlif hissələrində də bu fikirlərə yer verilmişdir.

Əsas görüşləri Əqlin rolu: əl-Maturidi, insanın ağlının Allahı tanımaqda əsas vasitə olduğunu qəbul edirdi. İman və əməl: Ona görə iman qəlbin təsdiqidir, əməl isə onun tərkib hissəsi deyil, tamamlayıcısıdır. Qəza və qədər: Maturidi iradə azadlığına inanırdı. Allah hər şeyi bilir və yaradandır, lakin insanın seçim etmək azadlığı vardır. Vəhy və ağıl tarazlığı: Vəhy ağlı inkar etməz, ağıl da vəhyə uyğun işlədilməlidir. Təvil və zahir: Quran ayələrini zahiri mənadan başqa bir mənaya yönəldərkən ehtiyatlı davranılmalı, təvil yalnız zəruri hallarda edilməlidir.

İrsi və mirası Əbu Mənsur əl-Maturidi haqqında bir çox alimlər və mütəfəkkirlər müsbət fikirlər söyləmişlər. Onun elm, əqidə və məntiq sahəsindəki dərinliyi, İslam düşüncəsinə verdiyi töhfələr səbəbilə yüksək qiymətləndirilmişdir. Bəzi tanınmış alimlər və tədqiqatçılar onun barəsində aşağıdakı fikirləri söyləyiblər:

Müəllimi Əbu Nəsr əl-İyadi, əl-Maturidi məclisə gəlmədən öncə dərsə başlamazdı. Onu uzaqdan gördüyü zaman təəccüblə ona baxar və "Rəbbin dilədiyini yaradar və seçər" ayəsini oxuyardı.

Tələbəsi Əbül-Qasım Hakim əs-Səmərqəndi, əl-Maturidi vəfat edərkən qəbrinin üzərinə bu cür yazılmasını söyləmişdir:

Əhli-Rəy mütəkəllimlərindən Əbul-Yusr Pəzdəvi deyir:

Əhli-Rəy alimlərindən Kəfəvi, Əbu Mənsur əl-Maturidi haqda deyir:

Hafiz Mürtəda əz-Zəbidi belə deyir:

Şərqşünasların fikirləri İqnas Qoldziher:

Montqomeri Vott:

Yozef Şaxt:

Danyel Jimare:

Rudolf Ştrotman:

Əsərləri Əl-Maturidiyə aid olduğu dəqiq bilinən on üç əsərdən on ikisinin adını (başqa əsərlərinin də olduğunu qeyd edərək) Əbül-Muin ən-Nəsəfi qeyd etmişdir. "Şərhul-Cəmiis-sağir" adlı əsərin mövcudluğu isə etibarlı klassik mənbələrdə verilmiş sitatlardan öyrənilir. əl-Maturidi təfsir, fiqh və kəlamla bağlı əsərlər qələmə almışdır. Ərsəyə gətirdiyi əsərlər müxtəlif tarixlərdə alman, ingilis və türk dillərinə tərcümə edilmişdir. Onun qələmə almış olduğu əsərlər aşağıdakılardır:

Təfsirlə bağlı əsərləri

Təvilatul-Quran. "Əhlis-Sünnənin təvilləri", "Təvilatul-Maturidiyyə" adları ilə də tanınan bu əsər təfsir baxımından olduqca mühüm bir iş olmaqla yanaşı, kəlam, fiqh və fiqh üsulu sahələrində də zəngin məlumat və əhəmiyyətli fikirlər ehtiva edir. Əsər İslam firqələri və İslam xarici axımların, dinlərin inanc və baxışlarının tənqidi baxımından da qiymətli bir qaynaqdır. əl-Maturidi bu əsəri tələbələrinə verdiyi dərslərin yazılı forması şəklində təqdim etmişdir. Müxtəlif kitabxanalarda bu əsərin təxminən qırx nüsxəsi mövcuddur. Osmanlı alimlərindən Laləzari, Fatiha surəsinin 5-ci ayəsi ilə bağlı izahlar əsasında "əl-Yaqutətul-xəmra" adlı bir şərh yazmışdır. "Təvilatul-Quran" əsəri müxtəlif müəlliflər tərəfindən qismən nəşr edilmiş və üzərində kitab, məqalə, konfrans şəklində araşdırmalar aparılmışdır.

Kəlamla bağlı əsərləri

Kitabüt-Tövhid. əl-Maturidinin tam halda çap olunmuş yeganə əsəridir və kəlam elminin əsas mövzularını əhatə edir. İlk nəşrində bir çox səhvlər olan bu əsəri daha sonra Bəkir Topaloğlu və Məhəmməd Aruçi tərəfindən yenidən nəşr edilmiş, türk dilinə də tərcümə olunmuşdur. Kitabul-Məqalat. Bu əsərə istinad edən və ondan sitat gətirən mənbələr mövcuddur. Ancaq Karl Brokkelman tərəfindən bəzi kitabxanalarda bu əsərə aid olduğunu göstərdiyi nüsxələrin əslində əl-Maturidiyə aid olmadığı müəyyən edilmişdir. Rəddu Əvailil-ədillə lil-Kəbi. Rəddu Təhzibil-cədəl lil-Kəbi. Bəyanu vəhmil-Mötəzilə. Rəddu Vaidil-fussaq lil-Kəbi. Rəddul-Usulil-xəmsə li-Əbi Ömər əl-Bəhili. Bu əsərdə tənqid edilən alim, Bəsrə Mötəziləsinin tanınmış siması Əbu Ömər əl-Bəhilidir. Rəddu Kitabil-İmamə li-bazir-Rəvafiz. ər-Rədd aləl-Qaramita (fil-usul).

Fiqhlə bağlı əsərləri

Məaxizuş-şərai fi usulil-fiqh. Bu əsərə istinad edən klassik fiqh mənbələrindən sitatlar mövcuddur. Kitabul-Cədəl fi üsulil-fiqh. Ər-Rədd aləl-Qaramita (fil-furu). Şərhül-Cəmiis-sağir. Əbu Hənifənin tələbəsi Məhəmməd ibn Həsən əş-Şeybaniyə aid olan "əl-Cəmius-sağir" adlı əsərin şərhidir.

əl-Maturidiyə məxsus olduğu düşünülən əsərlər Şərhül-Fiqhil-Əkbər. Əslində Əbu Leys Səmərqəndi tərəfindən şərh edilmiş bir əsərin səhvən əl-Maturidiyə aid edildiyi düşünülür. Risalə fil-Əqaid (əl-Əqidətul-Maturidiyyə). Ehtimal ki, əl-Maturidi məktəbinin bir davamçısı tərəfindən yazılmışdır. Kitabut-Tövhid. əl-Maturidinin eyniadlı əsas əsəri ilə qarışdırılmamalıdır; bu, daha kiçik bir risalədir. Kitabul-Üsul (Üsulid-Din). Sezgin, bu əsərin səhvən Karl Brokkelman tərəfindən əl-Maturidiyə aid edildiyini qeyd edir. Risalə fimə lə yecuzul-vəqf aleyhi fil-Quran. Pendnamə-i Maturidi (Vəsayə və Munacət, Fəvaid). Farsca yazılmış bu risalənin iki nüsxəsi mövcuddur. Risaləi-Şeyx Əbu Mansur Maturidi (İrşad). İrşadul-Mübtədiin fi Təcvidi Kəlami Rabbil-Aləmin.

Risaləi-Canıvar Dari.

Həmçinin bax Matüridilik Hənəfilik

İstinadlar

Kateqoriya:İslam filosofları Kateqoriya:Türk filosoflar Kateqoriya:Özbəkistan filosofları Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Hənəfilər Kateqoriya:Əbu Əyyub əl-Ənsari Kateqoriya:Fars ədəbiyyatı Kateqoriya:Hindistanda islam Kateqoriya:X əsr müsəlmanları Kateqoriya:İran ərəbləri Kateqoriya:İslam alimləri Kateqoriya:Pakistanda islam Kateqoriya:Samanilər sülaləsi Kateqoriya:X əsr yazıçıları Kateqoriya:IX əsr yazıçıları