2020–2021-ci illərdə Əyn-İsa döyüşləri — Suriyada vətəndaş müharibəsi dövründə Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının tərkibində fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri (SDQ) ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) arasında Əyn-İsa bölgəsində baş vermiş silsilə qarşıdurmalar.
Zəmin
Suriya Demokratik Qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu arasında təmas xətti əsasən Rəqqə mühafəzəsinə bağlı Əyn-İsa ətrafında formalaşmış, toqquşmalar tez-tez baş vermişdir.
Türkiyənin 2019-cu ildə Suriyanın şimal-şərqinə hərbi əməliyyatı zamanı 20 noyabr 2019-cu il tarixində SDQ-nin nəzarətində olan Əyn-İsa ətrafında SMO ilə SDQ arasında döyüşlər baş vermiş, nəticədə səkkiz SMO və dörd SDQ döyüşçüsü həlak olmuşdur. SDQ-nin məlumatına görə, SMO Təll-Təmr və Əyn-İsa ətrafındakı kəndlərdəki mövqelərə raketlər, pilotsuz uçuş aparatları və ağır silahlarla hücum etmişdir. Əyn-İsa ətrafındakı döyüşlər nəticəsində Əyn-İsa qaçqın düşərgəsinin mühafizəçiləri mövqelərini tərk edərək döyüşlərə qoşulmuş, bunun ardınca düşərgədə saxlanılan bəzi İŞİD ailələri düşərgədən qaçmışdır. Həmin günün sonrakı saatlarında SDQ Şrekrak kəndində yerləşən siloları SMO-dan geri almaq üçün hücuma keçmiş, SMO mövqelərini atəşə tutmuş, SMO isə öz növbəsində SDQ-nin nəzarətində olan ətraf kəndləri bombardman etmişdir. SMO-nun Əyn-İsaya doğru irəliləməsi nəticəsində 13 SMO və altı SDQ döyüşçüsü həlak olmuşdur. Ağır döyüşlər və əks-hücumdan sonra SDQ Əyn-İsa və onun ətrafında tam nəzarəti bərpa etmişdir. Uğursuz hücumdan sonra Əyn-İsa üzərində Rusiya təyyarələrinin uçduğu müşahidə olunmuş, bu mərhələdə kürd qüvvələri ilə Bəşər Əsəd hökuməti və dolayısı ilə Rusiya arasında bölgədə birgə mövcudluq barədə razılaşma əldə edilmişdir. Döyüşlərdən sonra SDQ Əyn-İsa ətrafındakı kəndlərdə nəzarəti daha da möhkəmləndirmişdir. Qarşıdurmalar zamanı 21 SMO döyüşçüsünün öldüyü bildirilmiş, SDQ tərəfinin itkiləri barədə dəqiq məlumat verilməmişdir.
Türkiyə bu bölgəyə daim xüsusi diqqət yetirmiş və SDQ bölmələrini terror təşkilatı kimi tanıdığı PKK ilə əlaqəli hesab etmişdir. Türkiyənin Suriyanın şimal-şərqinə müdaxiləsi ölkə ərazisinin böyük hissəsindən keçən M4 magistral yoluna qədər davam etmiş, lakin yolu tam nəzarətə götürmək mümkün olmamışdır. Bu magistral yolun kəsilməsi SDQ üçün ciddi strateji zərbə kimi qiymətləndirilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlində ]Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgəni "terror zonası" adlandıraraq yeni hərbi əməliyyat başlatmaqla bağlı hədələr səsləndirmişdir. 19 noyabr 2020-ci il tarixində SDQ-yə yaxın hərbi mənbələr Türkiyənin Əyn-İsanın şimalında yerləşən Səydə kəndində hərbi baza qurduğunu bildirmişdir.
Toqquşmalar
İlkin artilleriya atəşləri
23 noyabr 2020-ci il tarixində Türkiyə və ona müttəfiq qüvvələrin Əyn-İsa və onun ətrafını, xüsusilə Rəqqənin şimal kəndlərini intensiv artilleriya atəşinə tutması ilə gərginlik artmışdır. Bu hərəkətlərin 2019-cu ilin oktyabr razılaşmalarını pozduğu bildirilmiş, son günlərdə pozuntuların daha da artdığı qeyd olunmuşdur. Qarşıdurmalar zamanı 11 SMO və bir neçə SDQ döyüşçüsünün həlak olduğu xəbər verilmişdir. Növbəti gün Ayn İsa ətrafında uğursuz sızma cəhdi zamanı 30-dan çox SMO döyüşçüsünün öldürüldüyü bildirilmişdir. Bir neçə gün sonra şəhər yaxınlığında baş verən raket hücumu nəticəsində iki uşağın yaralandığı və bəzi evlərin dağıldığı qeyd olunmuş, bunun və digər insidentlərin ardınca mülki əhali ərazini tərk etməyə başlamışdır. 1 dekabr 2020-ci il tarixində Səydə kəndi və Əyn-İsa kənarları yenidən bombardmana məruz qalmışdır. 6 dekabr tarixində yerli media SMO qüvvələrinin Türkiyə dəstəyi ilə Ayn İsaya hücumları gücləndirdiyini, bunun isə bölgəyə yeni hərbi əməliyyat ehtimalını artırdığını bildirmişdir.
10 dekabr tarixində Suriya İnsan Haqları Müşahidə Qrupu son bir ay ərzində təxminən 7 min nəfərin Türkiyənin mümkün hərbi kampaniyasından ehtiyat edərək Əyn-İsadan köçdüyünü açıqlamışdır. Hər gün Əyn-İsa və ətrafı, həmçinin M4 magistral yolu ətrafında atəşkəs pozuntuları və bombardmanların baş verdiyi qeyd olunmuşdur. Rusiya tərəfinin hadisələrə münasibət bildirməməsi fonunda şəhər sakinləri iki etiraz aksiyası keçirmişdilər.
SMO-nun irəliləmə cəhdi
Nisbətən sakit keçən bir həftədən sonra Türkiyə artilleriyasının dəstəyi ilə SMO qüvvələri 18 dekabr tarixində Əyn-İsanın şərq kəndləri olan Cəbəl və Müşəyrifə istiqamətində hücuma başlamışdır. Qüvvələr yeni mövqelər ələ keçirə bilməmişdir. Hücum zamanı doqquz SMO və iki SDQ döyüşçüsü həlak olmuşdur. 19 dekabr tarixində eyni cəbhə xəttində yenidən toqquşmalar baş vermiş, lakin ərazi dəyişiklikləri qeydə alınmamışdır. Sonrakı həftə ərzində Əyn-İsanın şimal-şərq kənarlarında yerləşən Cəbəl və Müşəyrifə kəndləri gündəlik atəşə tutulmuş və toqquşmalar davam etmişdir. Bu dövrdə SMO qüvvələrinin Müşəyrifə kəndini ələ keçirmək üçün bir neçə cəhdi olmuşdur. Həmin kənd M4 beynəlxalq magistral yolu üzərində yerləşdiyinə görə strateji əhəmiyyətə malik hesab edilmişdir.
Bu arada SDQ komandirlərindən biri Rusiyanın mövqeyini tənqid etmiş, danışıqlar zamanı Rusiya tərəfinin Türkiyə hücumlarından qorunma müqabilində Əyn-İsa ətrafındakı ərazilərin Suriya hökumətinə verilməsi üçün SDQ-yə təzyiq göstərdiyini bildirmişdir.
2021-ci ilin yanvar ayının ilk həftəsində döyüşlər Əyn-İsanın şimal-qərb kəndlərinə doğru yönəlmişdir. Türkiyə artilleriyasının dəstəyi ilə SMO qüvvələrinin Xəldiyə və Muəlləq kəndlərinə doğru irəliləməyə cəhd göstərməsi ilə toqquşmalar baş vermişdir. 6 yanvar tarixində kəndlərdə yenidən döyüşlər olmuş, SDQ Muəlləq cəbhəsində SMO-ya məxsus bir texniki vasitəni məhv etmişdir. Kürd rəsmiləri Türkiyənin ABŞ-də hakimiyyət dəyişikliyi dövründən istifadə edərək Suriyanın şimalında mövqelərini genişləndirməyə çalışdığını iddia etmiş, Ankaranın gələcək ABŞ administrasiyasının bölgəyə fərqli siyasət yürüdəcəyini nəzərə alaraq Əyn-İsa ətrafında təzyiqləri artırdığını bildirmişlər.
Sonrakı qarşıdurmalar
Altı gün davam edən gərgin sakitlikdən sonra 12 yanvar tarixində Türkiyə dəstəklı qüvvələrin irəliləməsi fonunda Cəbəl və Müşəyrifə kəndlərində toqquşmalar yenidən başlamışdır. 23 yanvar tarixində SDQ-nin eyni cəbhədə SMO-nun sızma cəhdinin qarşısını aldığı bildirilmişdir. Üç gün sonra Türkiyə qüvvələri Səydə kəndindəki SDQ mövqelərini və M4 yolunu artilleriya atəşinə tutmuşdur. Türkiyə qüvvələri Rəqqənin şimalındakı Xəldiyə, Muəlləq və İstirahət Səqr kəndlərini atəşə tutan zaman Əsəd hakimiyyətinə bağlı Suriya Silahlı Qüvvələri Əyn-İsanın cənubundakı 93-cü briqada mövqelərinə onlarla əsgər yerləşdirmişdir.
Qamışlı və Həsəkənin mühasirəsindən sonra SDQ ilə Suriya Ərəb Ordusu arasında da gərginlik artmışdır. SDQ tərəfi Suriya hökuməti və Rusiyanın Türkiyə ilə razılaşaraq Əyn-İsadan geri çəkilə biləcəyindən ehtiyat etmişdir. Bunun müqabilində Dəməşqin İdlib mühafəzəsində üsyançı qüvvələrin çıxarılması və Türkiyə hərbi mövcudluğunun sona çatdırılması planını müzakirə etdiyi bildirilmişdir. 21 fevral tarixində Rusiya qüvvələri SDQ-nin yaxın kəndləri və ərzaq silolarını hökumət qüvvələrinə təhvil verməkdən imtina etməsindən sonra təzyiq göstərmək məqsədilə Əyn-İsa və Həsəkədən geri çəkilmiş, bir neçə saat sonra yerli əhalinin narazılığı fonunda geri qayıtmışdır.
Növbəti ay ərzində baş verən toqquşmalar zamanı, 19 mart tarixində bir Türkiyə zabiti, Türkiyənin dəstəklədiyi üç silahlı şəxs və iki SDQ döyüşçüsünün həlak olduğu bildirilmişdir. Əyn-İsanın şərqindəki Hədriyyət kəndinin artilleriya atəşinə tutulması nəticəsində bir uşaq həlak olmuş, dörd nəfər yaralanmışdır. Ertəsi gün Türkiyə qüvvələri Əyn-İsa ətrafında SDQ mövqelərinə qarşı hava vasitələrindən istifadə etmişdir. 21 mart tarixində aparılan bombardmanlar və şəhər ətrafındakı toqquşmalar zamanı beş SDQ döyüşçüsünün öldüyü qeydə alınmışdır. Bir neçə gün sonra Türkiyənin dəstəklədiyi qüvvələr SDQ-nin Rəqqə Hərbi Şurasının daha yeddi üzvünü öldürmüşdür.
Yaz aylarına doğru vəziyyət nisbətən sakitləşmiş, son qarşıdurmalar 19 aprel tarixində Türkiyə dəstəklı qüvvələrin Əyn-İsada yerləşən mövqeləri atəşə tutması ilə qeydə alınmış, nəticədə yanacaqdoldurma məntəqəsində üç nəfər yaralanmışdır.
İstinadlar
Kateqoriya:2020-ci ildə Suriya Kateqoriya:2021-ci ildə Suriya Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Rəqqə mühafəzəsi