Əbül-Fəth Osman ibn Cinni əl-Mövsili əl-Bağdadi (; ) — Ərəb dili və ədəbiyyatı alimi.
Həyatı Mosulda dünyaya gəlib. Doğum tarixi ilə bağlı mənbələrdə hicri 300 (913), 321 (933), 322 (934), 330 (942) kimi müxtəlif tarixlər göstərilir. Yunan əsilli bir atanın övladıdır. Mosulun nüfuzlu şəxslərindən Süleyman ibn Fəhd ibn Əhməd əl-Əzdinin mövlası olan atasının buraya haradan və nə vaxt gəldiyi məlum deyil. Atasının adı olan Cinni, yunan dilində "səxavətli, nəcib, gözəl düşüncəli və hörmətli şəxs" mənalarını verən Gennaius sözünün ərəbcələşdirilmiş formasıdır.
İbn Cinni daha çox atasının bu adına nisbə ilə məşhur olsa da, nəhv elmindəki geniş biliyinə görə Nəhvi, doğulduğu yerə nisbətən Mövsili, lüğət elmindəki yüksək mövqeyinə görə Lüğəvi, atasının xidmətində olduğu ailəyə nisbətlə isə Əzdi nisbələri ilə də tanınmışdır. Künyəsi olan Əbül-Fəthi isə dil və ədəbiyyat elmlərinə dərindən bələd olması və bunlarla bağlı problemləri həll etməkdəki (fəth) məharəti səbəbilə aldığı fərz olunur. Onun Mütənəbbinin divanının şərhinə dair əsərinə "əl-Fəthul-vəhbi alə müşkilətil-Mütənəbbi" adını verməsi və Bəharzinin onun mürəkkəb dil məsələlərini həll etmək qabiliyyətinin heç bir ədəbiyyat alimində olmadığını söyləməsi bu ehtimalı daha da gücləndirir.
İbn Cinni ilk təhsilini Mosulda Əbül-Abbas Məhəmməd əl-Mövsilinin yanında tamamladı. Xüsusilə dil elmləri sahəsində özünü inkişaf etdirərək hələ on dörd-on beş yaşlarında ikən məsciddə qrammatika dərsləri verməyə başladı. Əbül-Abbas əl-Mövsilidən sonra onun ən mühüm müəllimi Əbu Əli əl-Farisi olmuşdur. Rəvayətə görə, Əbu Əli əl-Farisi İbn Cinninin dərs verdiyi məscidə baş çəkmiş və ona sərf elmi ilə bağlı bir sual vermişdi. Gözlədiyi cavabı ala bilmədikdə isə onun hələ bu sahədə kifayət qədər səviyyəyə çatmadığını söyləmişdi. İbn Cinni ilk dəfə qarşılaşdığı bu şəxsin məşhur nəhv alimi Əbu Əli əl-Farisi olduğunu öyrəndikdə dərs verməyi dayandıraraq onun tələbəsi oldu və təxminən qırx il onun yanından ayrılmadı. Elmi və intellektual şəxsiyyətinin formalaşmasında, xüsusilə də dil elmləri sahəsində yetişməsində böyük təsiri olan Əbu Əli əl-Farisinin görüşlərinə böyük əhəmiyyət vermiş, çalışmalarında tətbiq etdiyi metodu böyük ölçüdə ondan mənimsəmişdir.
İbn Cinni dəfələrlə Əbu Əli əl-Farisi ilə birlikdə dövrün mühüm mədəniyyət mərkəzləri olan Hələb, Dəməşq, Vasit, Şiraz və Bağdad kimi şəhərlərə səfərlər etmiş, dövrün qabaqcıl alim və şairləri ilə tanış olmaq və onlarla dil məsələlərini müzakirə etmək imkanı qazanmışdır. Məşhur şair Mütənəbbi ilə Hələb və Şirazda dəfələrlə görüşmüş və aralarında səmimi dostluq yaranmışdır. Əbu Əli əl-Farisinin vasitəçiliyi ilə Hələbdə Həmdanilər, Bağdadda isə Büveyhilər sülaləsinin nümayəndələri ilə tanış olmuş və onların saraylarında keçirilən elmi mübahisələrdə iştirak etmişdir.
Dil və qiraət alimi İbn Miksəm əl-Əttar, "əl-Əğani" əsərinin müəllifi Əbül-Fərəc əl-İsfahani kimi alimlərdən də faydalanmışdır. Fəsix ərəb dilində danışan bədəvilərdən dilə dair materiallar toplamış və onların rəvayətlərini nəql etmişdir.
Daha sonra Bağdadda məskunlaşan İbn Cinni elmi fəaliyyətini ömrünün sonuna qədər burada davam etdirmişdir. 28 Səfər hicri 392-ci (16 yanvar 1002) ildə Bağdadda vəfat etmişdir. Adətən sufilərin dəfn edildiyi Şuniziyyə qəbiristanlığında, müəllimi Əbu Əli əl-Farisinin yaxınlığında dəfn olunmuşdur.
Əsərləri İbn Cinni "əl-Xəsais", "əl-Lümə fil-Ərəbiyyə", "Mə yəhtəcu ileyhil-katib min məhmuz və məqsur və məmdud", "İləlüt-təsniyə" və başqa əsərlərin müəllifidir.
Həmçinin bax Bəsrə dilçilik məktəbi Kufə dilçilik məktəbi
İstinadlar
Kateqoriya:X əsr filosofları Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:Ərəbşünaslar Kateqoriya:X əsr ərəbləri Kateqoriya:XI əsr ərəbləri Kateqoriya:Yunanəsilli şəxslər