İşgüzar oyun — müəyyən edilmiş qaydalar üzrə şəxslər qrupu və ya şəxs ilə kompyuter tərəfindən dialoq rejimində, münaqişəli vəziyyətlər və ya informasiya qeyri-müəyyənliyi şəraitində həyata keçirilən, rəhbər işçilərin və ya mütəxəssislərin müxtəlif istehsalat vəziyyətlərində qərar qəbul etməsinin simulyasiya edilməsi metodudur.
Yaranma tarixi
İlk işgüzar oyun Leninqrad İqtisadi-Mühəndislik İnstitutunda 1932-ci ildə M. M. Birşteyn tərəfindən SSRİ-də hazırlanmış və keçirilmişdir. 1938-ci ildə SSRİ-də işgüzar oyunlar bir sıra elm sahələrinin taleyini yaşamış və qadağan edilmişdir. Onların ikinci doğuluşu yalnız 1960-cı illərdə, ABŞ-də ilk işgüzar oyunlar yaranandan sonra baş tutmuşdur (1956-cı il, Ç. Abt, K. Qrinblat, F. Qrey, H. Qrem, H. Düpüi, R. Dyuk, R. Prüdom və başqaları).
İşgüzar oyunlar qeyri-müəyyənlik və çoxfaktorluq şəraitində idarəetmə qərarlarının axtarışı aləti kimi yaranmışdır. Hazırda onlar ali təhsil müəssisələrinin tədris prosesində pedaqoji texnologiya və ya fəal təlim metodlarından biri kimi, sosial-psixoloji treninqlərin keçirilməsində, eləcə də istehsalatda sosial, psixoloji və istehsalat vəzifələrinin həlli üçün istifadə olunur. Bütün hallarda "işgüzar oyunun ikili planlığı" mövcuddur və burada yalnız oyun və ya peşəkar tapşırıqlar həll edilmir, eyni zamanda iştirakçıların təlimi və tərbiyəsi baş verir. Kompyuter texnologiyalarının inkişafı tipik işgüzar oyunların analoqlarının, yeni mürəkkəb kompyuter iqtisadi oyunlarının (məsələn, ), böyük çoxistifadəçili biznes simulyasiyalarının (məsələn, ) və onlayn mühitdə işgüzar oyunların generasiyası üçün nəzərdə tutulmuş platformaların yaranmasına gətirib çıxarmışdır.
İşgüzar oyunun təşkilinin psixoloji-pedaqoji prinsipləri
İstehsalatın konkret şəraitinin və dinamikasının simulyasiyalı modelləşdirilməsi prinsipi. Mütəxəssisin peşəkar fəaliyyətinin real şəraitini bütün xidməti, sosial və şəxsi əlaqələr mürəkkəbliyi ilə modelləşdirmək interaktiv təlim metodlarının əsasını təşkil edir; Peşəkar fəaliyyətin məzmununun və formalarının oyunla modelləşdirilməsi prinsipi. Bu prinsipin reallaşdırılması təlim oyununun zəruri şərtidir, çünki o, özündə öyrədici funksiyalar daşıyır; Müştərək fəaliyyət prinsipi. İşgüzar oyunda bu prinsip idrak fəaliyyətinə bir neçə iştirakçının cəlb edilməsi yolu ilə təmin olunur. O, tərtibatçıdan rolların seçilməsini, səlahiyyətlərin, maraqların və fəaliyyət vasitələrinin müəyyənləşdirilməsini tələb edir. Bu zaman "vəzifəli" şəxslərin ən xarakterik peşəkar qarşılıqlı əlaqə növləri üzə çıxarılır və modelləşdirilir; Dialoji ünsiyyət prinsipi. Bu prinsipdə təlim məqsədlərinə çatmağın zəruri şərti qoyulmuşdur. Yalnız bütün oyunçuların maksimal iştirakı ilə aparılan dialoq və diskussiya yaradıcı iş üzə çıxara bilər. Tədris materialının kollektiv müzakirəsi öyrənənlərə peşəkar əhəmiyyətli proseslər haqqında kompleks təsəvvür əldə etməyə imkan verir; İkili planlıq prinsipi. İkili planlıq prinsipi mütəxəssisin real şəxsi xüsusiyyətlərinin xəyali, oyun şəraitində inkişafı prosesini əks etdirir. Tərtibatçı öyrənənin qarşısında təlim fəaliyyətində real və oyun kontekstlərini əks etdirən ikiqat məqsəd qoyur; Simulyasiya modelinin məzmununun və onun oyun fəaliyyətində açılması prosesinin problemlilik prinsipi.
İstifadəsində məqsədlər
İdrak və peşə motivlərinin, maraqlarının formalaşdırılması; Mütəxəssisdə yalnız təbiətin və cəmiyyətin deyil, eyni zamanda özünün və dünyadakı yerinin bütöv qavranılmasını ehtiva edən sistemli təfəkkürün tərbiyə edilməsi; Emosional-şəxsi qavrayış nəzərə alınmaqla peşəkar fəaliyyət və onun iri seqmentləri haqqında tam təsəvvürün ötürülməsi; Kollektiv təfəkkür və praktiki işə yiyələnmə, sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarının, fərdi və birgə qərarqəbuletmə vərdişlərinin formalaşdırılması; İşə məsuliyyətli münasibətin, kollektivin və bütövlüklə cəmiyyətin sosial dəyərlərinə, prinsiplərinə hörmətin tərbiyələndirilməsi; Modelləşdirmə metodlarının, o cümlədən riyazi, mühəndislik və sosial layihələndirmənin öyrədilməsi.
İşgüzar oyunun əlamətləri
İşgüzar oyunun xarakterik əlamətlərini aşağıdakı siyahı ilə təqdim etmək olar: Müəssisə və təşkilatların rəhbər işçilərinin və mütəxəssislərinin idarəetmə qərarlarının işlənib hazırlanması üzrə əmək (fəaliyyət) prosesinin modelləşdirilməsi. "Qərarlar zənciri" prosesinin reallaşdırılması. İşgüzar oyunda modelləşdirilən sistem dinamik sistem kimi nəzərdən keçirildiyi üçün bu, oyunun yalnız bir tapşırığın həlli ilə məhdudlaşmaması, "qərarlar zənciri"ni tələb etməsi ilə nəticələnir. Birinci mərhələdə oyun iştirakçıları tərəfindən qəbul edilən qərar modele təsir edir və onun ilkin vəziyyətini dəyişir. Vəziyyətin dəyişməsi oyun kompleksinə daxil olur və əldə edilən informasiya əsasında oyun iştirakçıları oyunun ikinci mərhələsində qərar işləyib hazırlayırlar və s. Oyun iştirakçıları arasında rolların bölüşdürülməsi. Qərarların işlənib hazırlanması zamanı iştirakçılar arasında ziddiyyətlərin və maraqlar münaqişəsinin yaranmasına şərait yaradan rol məqsədlərinin fərqliliyi. İdarə olunan emosional gərginliyin mövcudluğu. Bu və ya digər rolları ifa edən iştirakçıların qarşılıqlı əlaqəsi. Bütün oyun kollektivində ümumi oyun məqsədinin olması. Oyun iştirakçıları tərəfindən qərarların kollektiv şəkildə işlənib hazırlanması. Qərarların çoxalternativliyi. Oyun iştirakçılarının fəaliyyətinin fərdi və ya qrup şəklində qiymətləndirilməsi sisteminin mövcudluğu.
İşgüzar oyunun strukturu
Fəal təlim metodlarının ümumi strukturu haqqında təsəvvürə müvafiq olaraq, keyfiyyətcə mərkəzi element obyektin simulyasiya modelidir, çünki yalnız o, qərarlar zəncirini reallaşdırmağa imkan verir. Model rolunda təşkilat, peşəkar fəaliyyət, qanunlar məcmusu və ya fiziki hadisələr və s. çıxış edə bilər. Mühit (simulyasiya modelinin xarici əhatəsi) ilə bərabər simulyasiya modeli oyunun problemli məzmununu formalaşdırır.
İşgüzar oyunda hərəkət edən şəxslər komandalarda təşkil olunan və fərdi və ya komanda rollarını yerinə yetirən iştirakçılardır. Bu zaman həm model, həm də hərəkət edən şəxslər mütəxəssislərin oyunda simulyasiya edilən fəaliyyətinin peşəkar, sosial və ya ictimai kontekstini ifadə edən oyun mühitində olurlar. Oyun fəaliyyətinin özü simulyasiya modelinə onun vəziyyətindən asılı olan və qaydalarla reqlamentləşdirilən iştirakçıların qarşılıqlı əlaqəsi prosesində həyata keçirilən dəyişkən təsir şəklində təzahür edir.
İştirakçıların qarşılıqlı əlaqəsi prosesində onların simulyasiya modelinə təsir sistemini idarəetmə modeli kimi nəzərdən keçirmək olar. Bütün oyun fəaliyyəti fəaliyyətin oyun modelini, qiymətləndirmə sistemini, oyun texnikinin (oyun təşkilatçısının) hərəkətlərini və oyunun təlim məqsədlərinə çatmasına xidmət edən hər şeyi ehtiva edən oyunun didaktik modeli fonunda və ona müvafiq olaraq baş verir.
Treninqdə işgüzar oyunlar və stratagemalar
Hal-hazırda "oyunlar" adlandırılan anlayış hələ eramızdan bir neçə əsr əvvəl insanların stratagem təfəkkürü dəyərləri sistemində işlənib hazırlanmış, gündəlik həyata tətbiq edilmiş və bir çox sivilizasiyaların mədəniyyət qatlarına nüfuz etmişdir. "Bir-birindən əsas prinsipinə görə fərqlənən iki təlim modelini nəzərdən keçirək: klassik deduktiv-nomoloji və induktiv modellər. Deduktiv-nomoloji təlim modeli aşağıdakı ssenari vasitəsilə reallaşdırılır: əvvəlcə ümumi mövzu nəzərdən keçirilir, sonra isə konkret nümunələrə keçid edilir. İnduktiv model stratagem təlim formasında son dərəcə geniş yayılmışdır və başqa bir ssenari vasitəsilə reallaşdırılır: əvvəlcə nümunə nəzərdən keçirilir, daha sonra ondan ümumi mövzu formalaşdırılır. Məsələn, rəvayətlər və məsəllər. Konkret bir məsəldən çıxış edərək daha ümumi, bütöv bir məna əldə etmək mümkündür. Bununla əlaqədar olaraq onlar təlimdə geniş yayılmışdır, məsələn, elə Budda da məsəllərlə danışardı. Lakin məsəl özündə strategiya ehtiva etmir, bu da təfəkkürü konkret praktikaya deyil, daha çox ümumi həyati mənaya yönəldir. Stratagema isə ondan fərqli olaraq, təfəkkürün hərəkətini bütöv mənanın konkret müəyyən edilmiş məcrasına yönəltməyə, eləcə də vəziyyətin mərkəzi nüvəsi və onun effektiv həlli yolları haqqında ümumi baxış elementi yaratmağa qadirdir".
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Hesablama texnikası Kateqoriya:İdarəçilik təhsili Kateqoriya:Pedaqoji texnologiyalar Kateqoriya:Rol oyunları Kateqoriya:Simulyatorlar Kateqoriya:Təlim metodları Kateqoriya:İşgüzar oyunlar